Hüquqi dövlətdə siyasi mənafelər

 

Hüquqi dövlətin siyasət aləmində siyasi mənafe problemi əsas yer tutur. Politoloji ədəbiyyatda göstərilir ki, siyasət dünyasının mərkəzində dövlət durur. O, siyasət ideyasının mərkəzləşdirilmiş təcəssümü "hakimiyyət"lə birlikdə siyasi nəzəriyyənin əsaslı kateqoriyasıdır. Siyasi hadisə və proseslər insanların qarşılıqlı siyasi hərəkətləri gedişində meydana çıxır, konkret siyasi strukturlarda onların yeri və rolu ilə şərtlənir. Bu isə, öz növbəsində, ayrı-ayrı adamların və qrupların siyasətə və hakimiyyətə müxtəlif münasibətlərində üzə çıxır.

"Politologiya" kitabında göstərilir ki, siyasət dünyası dövlət, hüquq, partiya, seçki sferalarını, qərarların qəbul edilməsi mexanizmini, siyasi prosesi, siyasi münasibətləri, siyasi mədəniyyəti və i. a. birləşdirir. Siyasət anlayışına aşağıdakılar daxildir:

- müəyən strukturu və funksional yönümü olan dövlət hakimiyyəti;

- ictimai münasibətlərin xüsusi növü olan siyasi münasibətlər;

- dövlət hakimiyyətini həyata keçirən, yaxud bu və ya başqa şəkildə onun fəaliyyəti ilə əlaqədar olan müəssisələr, xüsusi sosial təsisatlar sistemi;

- kütlələrin həyat fəaliyyətinin, sosial davranışının müəyyən təzahürləri - hakimiyyət uğrunda mübarizə, ona nəzarət və s.

Siyasətin və siyasət dünyasının (siyasi prosesin) tədqiqi bir tərəfdən, müəyyən qrupu bu və ya başqa siyasi prosesə təhrik edən mənafeni təhlil etməyi, digər tərəfdən isə siyasi prosesə konkret forma verən ictimai amilləri nəzərdən keçirməyi tələb edir.

Bu baxımdan siyasətin komponentləri aşağıdakılardır;

- konkret ictimai quruluşun arzuedilən obrazı (ideal);

- siyasi reallıq;

- siyasi məqsədə və ideala nail olmaq yolları və vasitələri.

Bu sxemə əsasən söyləmək olar ki, siyasi prosesə qədəm qoyan hər bir şəxs öz beynində gələcək ictimai quruluşun müəyyən obrazını yaradır. Başqa sözlə desək, o, məhz beynində hazırladığı obraza nail olmaq arzusu (ümidi) ilə siyasi prosesə qoşulur.

Lakin siyasi proses hər dəfə (yəni hər bir insanın ona qoşulması ilə) yenidən başlanmır. Siyasətə qoşulan insan bu zaman obyektiv surətdə mövcud olan siyasi reallıq ilə qarşılaşır. Həmin siyasi reallıq tarixən müəyyən dövr ərzində qərarlaşır və fəaliyyət göstərir. Siyasi prosesin iştirakçısı həmin reallıqla hesablaşmalı və ona əsasən öz beynində yaratdığı obrazı və eyni zamanda ona nail olmağın yollarını, vasitələrini dəqiqləşdirməli olur. Bu məqsədlə o, müəyyən partiyalara və hərəkatlara qoşulur, yaxud fərdi qaydada fəaliyyət göstərir.

Kollektiv, yaxud fərdi qaydada fəaliyyət göstərməsindən asılı olmayaraq, siyasi proses hər bir iştirakçısı bu zaman müəyyən siyasi münasibətlərə daxil olur. Siyasi hökmranlıq həmişə ictimai qrup xarakteri daşıyır, yəni siyasət bu və ya başqa sosial qrupa xasdır. Məhz bu qrup daxilində qərarlaşan münasibətlər, mikrosəviyyədə onun davranışını müəyyən edir.

Digər ictimai münasibətlərdən fərqli olaraq, siyasi münasibətlər, iqtisadi münasibətlərlə birlikdə, müəyyənedici rol oynayır. Bu zaman siyasi münasibətlərin spesifikliyi onda üzə çıxır ki, onların təkrar istehsalı və inkişafı maddi və mənəvi münasibətlərin fəaliyyət göstərməsinin zəruri şərti kimi çıxış edir. Onların fövqəladə dərəcədə mürəkkəbliyi, dinamizmi və ziddiyyətliliyi, mövcudluq formalarının rəngarəngliyi bu münasibətlərin tədqiq və təhlil edilməsi zamanı fikir müxtəlifliyinin olmasını şərtləndirir.

"Politologiya" kitabında qeyd edilir ki, siyasi davranışın və siyasi münasibətlərin əsasında mənafe durur. Ümumi şəkildə mənafe cəmiyyətdə müxtəlif sosial qrupları əmələ gətirən ictimai münasibətlər forması, real əlaqədədir. Bu mənada, o, obyekt-subyekt münasibəti, obyektiv imkanların subyektiv ifadəsidir. Siyasi mənafeyə gəldikdə isə, sosial-siyasi münasibətlər sistemində subyektin vəziyyəti, ictimai sistemin strukturunda onun yeri son nəticədə siyasi mənafenin obyektiv tərəfini müəyyən edir. Sosial subyektin konkret davranışı isə siyasi mənafenin obyektiv təzahür formasıdır. Bu, onu göstərir ki, subyekt məhz həmin davranış formasını öz mənafeyinə uyğun, daha optimal hesab edir. Müvafiq davranış üsulu isə öz növbəsində o zaman siyasi mənafeyə çevrilir ki, o, subyekt üçün mövcud vəziyyətdə ən əlverişli və optimal olsun.

Subyektin öz vəziyyətini dərk etməsi stadiyası siyasi mənafenin subyektiv tərəfini əmələ gətirir. Qeyd etmək lazımdır ki, bu proses həm adi şüur səviyyəsində, həm də tarixi planda həyata keçirilir. Siyasi mənafenin dərk edilməsi fasiləsiz baş verir. Adi şüur səviyyəsində bu proses siyasi biliklərin, qiymətlərin, yönümlərin işlənib hazırlanması formasında baş verir. Onlar isə öz növbəsində, praktik fəaliyyəti, sosial fəallığı, vətəndaşlıq mövqeyini şərtləndirir.

Beləliklə, geniş mənada, siyasi mənafe böyük ictiman qrupların öz mənafeyini siyasi hakimiyyət vasitəsilə reallaşdırmaq imkanlarını obyektiv surətdə dərk etməsidir. Siyasi hakimiyyətin ələ alınması, möhkəmləndirilməsi, müvafiq təsisatlarda bərkidilməsi, habelə, onun təkmilləşdirilməsi siyasi mənafenin birbaşa obyektidir. Siyasi hakimiyyətin təsirinə məruz qalan digər münasibətlər isə onun bilavasitə subyektidir. Nisbətən dar mənada, siyasi mənafe siyasi hakimiyyətdə iştirak etməyin obyektiv imkanlarının sosial subyekt tərəfindən dərk edilməsidir. Müxtəlif əlamətlərə görə, siyasi mənafeləri aşağıdakı kimi təsnif etmək olar:

- mənafeni təmsil edən orqana görə: dövlət, partiya, ictimai təşkilatların və birliklərin mənafeyi;

- siyasi xəttin xarakterinə görə: ultrasol, sol (solçu), sol mərkəz, mərkəz, sağ mərkəz, sağ, ultrasağ;

- siyasi rejimin xarakterinə görə: totalitar, demokratik və s.

Siyasi mənafe zaman etibarilə, adətən sabit xarakter daşıyır, yəni müvafiq qüvvə hakimiyyət başında olan dövrdə çoxsaylı sosial birliklərin bir çoxu məhz həmin hakimiyyət münasibətləri formasına üstünlük verir, çünki bu, onların davranışında dəfələrlə təkrar olunur və reallaşır. Bu proses mənafelərin təsisatlandırılması adlanır, yəni bu zaman müvafiq birliyin mənafeyi müəyyən təsisatlarda öz təcəssümüenü tapır. Həmin minvalla bu təsisatlar iqtisadi, sosial və siyasi hüquqları və dəyərləri bu və ya digər sosial subyekt üçün təsbit edir.

Beləliklə, siyasi mənafe beş əsas mərhələdən keçir:

- cəmiyyətlə praktik ilişgilərdə subyektin vəziyyəti;

- bu vəziyyətin subyekt tərəfindən dərk edilmə səviyyəsi;

- davranış və fəaliyyət motivləri;

- obyektiv aləmdə mənafenin təsdiq olunması prosesindən ibarət hərəkətin özü;

- mənafenin təsisatlandırılması.

"Politologiya" kitabında göstərildiyi kimi, siyasi mənafe zaman etibarilə sabit xarakter daşıyır. Lakin bu, heç də onun dəyişilə bilməsi imkanını inkar etmir. Belə ki, iqtidarda olan qüvvələrin öz mənafeyini lazımi səviyyədə reallaşdıra bilməməsi cəmiyyətdə yeni siyasi qüvvələrin meydana gəlməsinə səbəb ola bilir. Bunun qarşısının alınması müvafiq cəmiyyətdə hakim olan siyasi sərvətlərə, normalar və prinsiplərə dəqiq əməl olunması yolu ilə mümkündür (müqayisə edək: xarici siyasət sahəsində çox böyük uğurlar qazanmış C.Buş daxili siyasəti "unutduğuna" və buna görə də amerikalıların praqmatizminə biganə qaldığına görə, Respublikaçılar Partiyası 1992-ci il noyabr prezident seçkilərində öz yerini demokratlara "güzəştə getməli" oldu). Hər bir cəmiyyətdə mütləq siyasi sərvətlər (dəyərlər) mövcud olur. Bunlar əsas etibarilə aşağıdakılardır: insanın muxtariyyəti və onun ləyaqəti; fərdin və cəmiyyətin rifahı; sosial təşkilat və qayda.

Mütləq siyasi normlar bloku sosial idealı yaradır. O isə öz növbəsində əbədi siyasi sərvətləri meydana gətirir. Onlar daxili və xarici siyasət sahəsində qərarların qəbul edilməsi zamanı siyasi və əxlaqi qiymətləndirmənin başlıca meyarı kimi çıxış edir. Mütləq sərvətlərin inkar edilməsi tamamilə dövlətə tabe olan bir cəmiyyət idealının (totalitarlığın) yaranmasına gətirib çıxarır. Sosial ideallar arasındakı ziddiyyət siyasi normalarda öz əksini tapır. Siyasi norma əbədi və keçici, mütləq və nisbi, zəruri və təsadüfi siyasi sərvətlərə nail olmaq qaydasıdır. Siyasi normalar sosial qruplar və fərdlər tərəfindən hakimiyyət uğrunda mübarizə gedişində və onun həyata keçirilməsi zamanı istifadə olunur. Onlar sosial sanksiyalar tətbiq etmək hədəsi ilə qorunub saxlanılır.

Siyasi normalar sosial gerçəkliyin üç sferasında mövcuddurlar:

- iqtidarın və təbəələrin normativ mülahizələrində;

- siyasi normaların fəaliyyətini şərtləndirən sosial münasibətlərdə;

- şüurda.

Siyasi normaları siyasi prinsiplərdən fərqləndirmək lazımdır. Əgər siyasi normalar dövlət tərəfindən irəli sürülürsə və sanksiyaların köməyi ilə təmin olunursa, siyasi prinsiplər ümumi strateji məqsədləri ifadə edir. Siyasi normaların hərəkət sferası siyasi prinsiplər tərəfindən müəyyən olunur. Hər bir cəmiyyətdə siyasi həyatın real hadisələrinə qismən uyğun gələn və uyğun gəlməyən sərvətlər sistemi vardır. "Politologiya" kitabında yazılır: "Siyasi sərvətlərin nəzərdən keçirilməsi əxlaqın və siyasətin nisbətini aydınlaşdırmağı tələb edir. Qeyd etmək lazımdır ki, bu, siyasi və fəlsəfi fikir tarixində ən mübahisəli məsələlərdən olmuş və müxtəlif fikirlər doğurmuşdur.

Tarixin erkən dövrlərində əxlaq və siyasət eyni bir fəaliyyət və biliklər sisteminə aid edildiyindən, onların nisbəti məsələsi çox da diqqəti cəlb etmirdi. İctimai əmək bölgüsünün inkişafı və elmin tərəqqisi gedişində əxlaq və siyasətin bir-birindən ayrılması o səviyyəyə çatdı ki, hətta insan fəaliyyətində əxlaqi qiymətləndirmənin mümkün olduğu və olmadığı sahələrin olması haqqında təsəvvürlər getdikcə hakim olmağa başladı. Buna uyğun olaraq, insanın fərdi davranışı əxlaqi qiymətləndirmə sferası, iqtisadiyyat və siyasət sferaları isə ondan kənar elan edildi. Hətta ictimai fikir tarixində əxlaqın siyasətə tabe etdirilməsi fikrini irəli sürənlər də tapıldı. "Məqsəd vasitəyə bəraət qazandırır" prinsipinə əsasən hərəkət edənlər bəşəriyyətə qarşı bir çox cinayətlərin baş verməsinə səbəb olmuşlar. Qeyd olunan hərəkət obrazı öz klassik əksini Makiavellinin "hökmdar" əsərində tapmış və tarixdə "makiavellizm" kimi tanınmışdır. Onun mahiyyəti əxlaqın siyasətə sözsüz tabe etdirilməsi tələbindən ibarətdir. İmkan daxilində qarşıya qoyulan məqsədlərə əxlaq normalarını pozmadan nail olmağı tövsiyə edən Makiavelli, eyni zamanda, lazım olan halda onlarla hesablaşmamağı tələb edirdi.

Bununla belə, tarixdə siyasətin özünün əxlaqa tabe etdirilməsi tələbi ilə çıxanlar da olmuş, onlar siyasəti əxlaq qaydalarına tam uyğun şəkildə həyata keçirməyi məqsədəuyğun hesab etmişlər. Klassik formada bu təlim hind xalqının böyük oğlu M.Qandinin etikasında öz əksini tapmışdır.

XX əsrdə baş vermiş qanlı müharibələr bəşəriyyəti əxlaq normalarına doğru qayıtmağa, bütövlükdə ictimai münasibətləri humanistləşdirməyə vadar etdi. İkinci dünya müharibəsi, Çernobıl qəzası, kütləvi qırğın silahlarının istehsalı, ətraf mühitin sürətlə çirklənməsi və s. bütöv xalqların bəşəriyyət qarşısında məsuliyyəti məsələsini qarşıya qoydu. Nəticədə sosial və siyasi etika təşəkkül tapdı. Sübut olundu ki, əxlaq və siyasət heç də ictimai həyatın bir-birindən tamamilə təcrid olunmuş sferalar deyildir. Onlar qəbul olunmuş sərvət ierarxiyası əsasında həyat hadisələrinə qiymət verir və beləliklə də, hər biri konkret məzmunla və konkret şəraitdə çıxış edirlər.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 13 mart.- S13.