Səməndər Rzayev - 70

41 yaşlı aktyorun sənət taleyi

Qəribə görkəmi, zəhmli baxışları, pəhləvan cüssəsi ilə hər zaman xatirimizdə yaşayan böyük aktyor Səməndər Rzayevin 70 yaşı tamam olur. Uzun illər aramızda cismani olmasa da, neçə-neçə yaratdığı obrazları ilə sıramızda, evimizdə qonağa çevrilib. Bu, onun sənətkarlıq meyarlarının yüksək səviyyədə olması, obrazlarına məhəbbəti və psixolji cəhətdən onların həyat tərzini yaşamasında və bir sıra amillərdən irəli gəlir. Hər zaman onun füsunkar səsi ilə insanı riqqətə gətirir. Bu böyük sənət fədaisi qəlbimizə o qədər yaxın idi ki, ölümündən illər ötsə də, hər an canlı bir insan kimi xatırlanır. O, əvəzsiz ifa tərzi ilə hər birimizin qəlbində böyük sənət eşqinə qibtə oyadıb.

Səməndər Rzayev az yaşasa da, zəngin tərcümeyi-halı var. Cəmi 41 il ömür sürmüş yaradıcı bir insan üçün bu qədər obraz yaratmaq, bu qədər görmək, həqiqətən də bir möcüzədir. Onun tərcümeyi-halına diqqət etsək, görərik ki, onun sənətə olan sevgi hissi doğulduğu Ağsu rayonundan paytaxta gətirir və o, İncəsənət İnstitutuna daxil olaraq, pedaqoqaktyor Rza Təhmasibdən dərs alıb. İlk illərdə Sumqayıt teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib. "Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehzsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı...". Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu.

Səməndər Rzayev yaradıcı sənətkar idi. Fitri istedada malik olan aktyorun yaradıcılıq potensialı kino rejissorlarının diqqətin cəlb edibo, həm teatrda, həm də kinoda yaddaqalan obrazları ilə insanlara sevgi bəxş edib: sənət sevgisini. "777 nömrəli ", "Ad günü", "Alma almaya bənzər", "Arxadan vurulan zərbə", "Babamızın babasının babası", "Babək", "Bağ mövsümü", "Bakıda küləklər əsir", "Bəyin oğurlanması", "Birisigün gecəyarısı...", "Bizim küçənin oğlanları", "Çarvadarların izi ilə", "De ki, məni sevirsən!", "Dədə Qorqud", "Dəli Kür", "Evlənmək istəyirəm", "Evləri köndələn yar", "Ən vacib müsahibə", "Əzablı yollar", "İstintaq", "Qara gölün cəngavərləri", "Qatır Məmməd", "Qərib cinlər diyarında", "Qız qalası əfsanəsi", "Nəsimi", "Nizami", "O qızı tapın", "Ömrün səhifələri" (Kinoalmanax) və başqa filmlərdə aktyor oyununun məharəti bizlərə məlum olur. Lakin kinoya Səməndərin hansı rolla başladığını demək çətindir. Aktyorla bağlı olan bir mənbədə qeyd olunur ki, onun sənət dostu, xalq artisti Yaşar Nuri "Uşaqlığın son gecəsi" filminin lap əvvəlində küçədə gəzən iki milis işçisindən birinin Səməndər olduğunu göstərir və onun kino debütünün buradan başlandığını bildirir.

Kino aləmində Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər. Ancaq Səməndər Rzayev çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi. Teatrda işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, "Bulaq" verilişinin isə daimi aparıcılarından idi. "Bulaq" verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsi eşidilirdi.

Bəli, aktyorun yaradıcılıq yolu çoxşaxəlidir. Bu yolda teatr, kino, radio televiziya birləşir. Hər yerdə Səməndər öz ucalığını, əlçatmazlığını qoruya bilmişdi. Səsinin qüdrəti, ecazkarlığı onu tamaşaçıya daha da yaxından bağlayırdı. Səməndər Rzayev daxilən azad sənətkar olduğundan bağlana bilmədiyi obrazı öhdəsinə götürməzdi. Onun yaratdığı qəhrəmanları özünəməxsusluğu ilə seçilən tiplərdir. Bu tiplərin daxili aləmini açmaq bacarığına malik olan Səməndər Rzayev bütün gücünü məhz qəhrəmanlarının fərdi keyfiyyətlərini açmağa yönəldirdi. Səməndərin səsindəki avaz da bu dəyərlərin qabardılmasına təsirini göstərir.

Səməndər Rzayevin tərcümeyi-halına kinostudiyanın dublyaj sexində çalışması da əlavə olunmuşdu. Bəzən onun haqqında belə bir fikir səslənir ki, Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. " qədər ahəngli, qədər ürəyəyatımlı danışardı. Səməndər Rzayevə, hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, "kiçik açarla da böyük qapılar açmaq olur". Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu.

Səməndər Rzayev klassik bir yaradıcılıq yolunu seçmişdi. Bu yol ona ucalıq, şöhrət gətirdi. Onun qəhrəmanları, səmimi insanlardır. Bəlkə , bu, onun öz xarakterindən doğan cəhət idi. Axı aktyorun öz daxili, içindəki məni belə səmimi idi. Özünəməxsus olan temperament, psixoloji məqamlar üzə çıxır. Səməndər Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki, o, daxilən təmiz ruhlu adam idi. Yaratdığı rollara isə öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu. Bu səs, bu ifa zamanın yaddaşında Səməndər Rzayevi yaşadır.

Zümrüd BAYRAMOVA

Səs.- 2015.- 21 may.- S.12.