Vətəndaş cəmiyyətində KİV-in resursları

 

Modernləşmə prosesində hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu və KİV arasında sıx qarşılıqlı təsir prosesi baş verir. Qərbdə, MDB-də və Azərbaycanda sosial informasiya nəzəriyyələri KİV-in dövlət və cəmiyyət sistemində rolunuyerini müxtəlif aspektlərdən tədqiq etmişlər.

Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev yazır: "Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyması, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğuna, siyasi plüralizmə, modrenləşməyə keçməsi informasiyaya tələbatı daha da artırmışdır. Vətəndaş cəmiyyətində KİV-in kütləvilik, tirajlılıq, dövrilik, informasiya resurslarından mütəmadi istifadə etmək, obyektiv informasiya mənbəyi rolu oynamaq kimi xüsusiyyətləri daha qabarıq üzə çıxır". KİV-in dövlət və cəmiyyət sistemində yeri ondan ibarətdir ki, o, cəmiyyəti hakimiyyətin fəaliyyəti haqqında, hakimiyyət orqanlarını isə cəmiyyətdə baş verən proseslər haqqında informasiya ilə təmin edir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin KİV-in cəmiyyət və dövlətin həyatındakı əhəmiyyətindən bəhs edən fikirləri diqqətə layiqdir: "Mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik islahatların həyata keçirilməsi... sahəsində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas məqsədlərindəndir".

Sosial sistem geniş anlayışdır. Buraya dövlət, vətəndaş cəmiyyəti, KİV, siyasi subyektlər, siyasi şüur, mədəniyyət, etikhüquqi normalar daxildir. Rus tədqiqatçısı M.Q.Anoxin düzgün olaraq sosial sistemə "cəmiyyətdə hakimiyyətin real, mürəkkəb formalaşmasının və funksiyasının" təminatçısı kimi baxır. Beləliklə, dövlət, vətəndaş cəmiyyəti və KİV məcmuusu qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq şəklində sosiumun daxilində siyasi sistemi təşkil edir.

A.V.Şevçenko "Dövlət informasiya siyasətinin formalaşması ideologiyası" elmi-tədqiqat əsərində "dövlət" sistemaltı dedikdə - idarəetmə subyekti" kimi dövləti, "hüquqi şəxs" kimi dövlət hakimiyyət orqanlarını, dövlət sosial təsisatlarını, qanunları, dövlət hakimiyyətinin reallaşmasının hüquqi sahəsini, siyasi subyektlərlə vətəndaş cəmiyyəti, KİV-in qarşılıqlı münasibətlərini və bu münasibətləri tənzimləyən hüquqi, etik və mənəvi normaların məcmuusunu başa düşür. O, "vətəndaş cəmiyyəti" sistemaltısına dövlətin vətəndaşlarını, sosialictimai təsisatları, dövlət, mətbuat və onların komponentləri ilə sistemarası əlaqələri, hakimiyyətin sistem daxilində reallaşması vasitəsi kimi hüquq və əxlaqı, hüquqi, etik və mənəvi normaların məcmuusunu daxil edir. Müəllif "mətbuat" sistemaltısı dedikdə isə "informasiya məkanı, informasiya sahəsi, KİV-in redaksiyaları, jurnalistlər, informasiya ötürmə vasitəsi olan kütləvi informasiya vasitələri, informasiya məhsulları, KİV-in auditoriyaları, dövlət və vətəndaş cəmiyyətləri ilə sistemlərarası münasibətləri, KİV sistemi daxilindəki münasibətləri və sistemlərarası əlaqələri tənzimləyən hüquqi, etik və mənəvi normaların məcmuusu kimi komponentləri göstərir.

Göründüyü kimi, müəllif dövlət, cəmiyyət və KİV-in strukturunudaxili komponentlərini ətraflı şərh etmiş, onların qarşılıqlı əlaqələrini və qarşılıqlı münasibətlərini xüsusi diqqətə çatdırmışdır. Bizim fikrimizcə, onun istifadə etdiyi "mətbuat" anlayışı özü daha geniş anlayış olan "KİV" anlayışına daxildir.

B.Quliyevin fikrincə, Azərbaycan dövlətinin uğurlu informasiya siyasəti nəticəsində Qərbin yüz illərlə keçdiyi yolu milli KİV-imiz on illərlə keçə bildibununla da Qərb standartlarına yaxınlaşa bildi. Demokratikləşmə prosesində fəal iştirak edən KİV dövlət və cəmiyyət sistemində mühüm yer tutdu. Totalitarizmdən demokratiyaya keçid zamanı və demokratiyanın bərqərar olmasında media üzərinə əsas rol düşdü. Ölkədə söz azadlığı hər kəsin özünü ifadəsi və ictimai maraq ifadə edən hər hansı informasiyanın cəmiyyətə maneəsiz təqdim olunması prosesi baş verdi. Azərbaycanda müstəqil media yarandı ki, KİV-in informasiya siyasətinə dövlət orqanları və hakimiyyət strukturları təsir edə bilmədi.

Azad, demokratik medianın vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində iştirakında çətinliklər olsa da, son illərdə Azərbaycan mediası uğurlu addımları ilə bütün dünya mediasının nəzərini cəlb edə bilmişdir. İnformasiyaların toplanması, emal edilməsi və yayılması ilə məşğul olan müəssisə, təsisat və təşkilatların məcmuusu olan KİV cəmiyyətdə və dövlətdə aşağıdakı funksiyaları yerinə yetirir:

"- insanların obyektiv, tərəfsiz və qərəzsiz şəkildə məlumatlandırılması;

- cəmiyyətin maarifləndirilməsi, siyasi sosiallaşma;

- müxtəlif ictimai maraqların ifadə olunması, artikulyasiya imkanlarının olması;

- siyasət subyektlərinin inteqrasiyası;

- ictimai fikrin formalaşdırılması;

- dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin təmin edilməsi".

KİV-in cəmiyyət və dövlət sistemindəki yerindən söhbət düşərkən onu qeyd etmək olar ki, KİV-ə təsir edən əsas subyekt dövlətdir. "Dövlət parlament tərəfindən qəbul olunan, hökumət tərəfindən müəyyənləşdirilən, prezident fərmanları ilə icraya yönəldilən qanun və qərarlar vasitəsilə mətbuatın fəaliyyət normalarını müəyyən edir. Bununla yanaşı, siyasət tərəfindən idarə olunan sistem kimi mətbuat özü də əks-təsir gücünə malikdir. Müasir dövrdə bu təsir o qədər güclüdür ki, mətbuat da digər kütləvi informasiya vasitələri kimi "dördüncü hakimiyyət" statusuna iddia edir. Düzdür, həmin status şərti xarakter daşıyır, çünki media hakimiyyət atributlarına malik deyildir, onun tövsiyələrinin yerinə yetirilməsi vətəndaşlar üçün məcburi xarakter daşımır". Mətbuat o mənada "dördüncü hakimiyyət"dir ki, o, yalnız ictimai rəy üzərində "hökmranlıq edir", əhalinin geniş kütlələrinin psixologiyasına, düşüncəsinə, əhval-ruhiyyəsinə, davranışlarına, əməllərinə, beləliklə də siyasi proseslərə, ümumən dövlət siyasətinə təsir edir. Bu gün dövlət siyasətini KİV-siz təsəvvür etmək qeyri-mümkündür. Artıq KİV ölkənin ictimai-siyasi hakimiyyətinin bütün fəaliyyət sahələrinə nüfuz edir.

KİV iqtidar və müxalifət orqanı olub-olmamasından asılı olmayaraq milli dövlət maraqlarının dövlətçiliyə xidmət etməlidir. Akademik R.Mehdiyev "Demokratik Azərbaycan və müstəqil mətbuatın inkişafı" məqaləsində KİV-in milli və dövlətçilik maraqlarını ifadə etməsi zərurətini önə çəkmişdir: "Mətbuatın ictimai şüuru Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, möhkəmləndirmək və daha da inkişaf etdirmək istiqamətində kökləməkdən vacib və gərəkli vəzifəsi ola bilməz". Deməli, KİV informasiya mənbəyi, informasiya yayım vasitəsi olmaqla yanaşı, həm də milli dövlətçilik baxışlarının, milli dövlətçilik mənafelərinin ifadəçisi və təbliğatçısı kimi dövlət və cəmiyyətdə aparıcı yer tutur.

KİV hüquqi dövlət quruculuğuna, demokratik, açıq informasiya cəmiyyətinin inkişafına təkan verən mühüm fenomendir. Bunun üçün KİV-ə hakimiyyət, dövlət və cəmiyyətin konyuktur maraqlarına tabe olmağa yol vermək, onu qeyri-dəqiq informasiya verməyə məcbur etmək, inhasarçılığın əlində alət olmağa imkan yaratmaq olmaz.

Sosial sistemin inteqrativ meyarı olan hakimiyyət və KİV münasibətləri dövlət və cəmiyyətin qarşılıqlı əlaqələri kontekstində özünü göstərir. KİV-ə sosial təsisat kimi baxan Rusiya sistem nəzəriyyəsi nümayəndələrindən M.Şkondin onu dövlət-cəmiyyət sistemilə vəhdətdə görür. Sosial idarəetmə sistemində KİV təşkilati vəzifə yerinə yetirən idarəetmə orqanı kimi çıxış edir.

Şkondinin fikrincə, KİV "informasiya prosesinin subyekti, cəmiyyətin fəal yaradıcı qüvvəsi, birləşmiş mənəvi yaradıcılıq və informasiya fəaliyyəti vasitəsidir". Müəllif qeyd edir ki, KİV informasiya prosesinin subyekti kimi dövlət siyasətinin formalaşması və həyata keçməsində mühüm amil kimi çıxış edir. O, həm də informasiya məhsulu istehsal edərək informasiya hakimiyyətinin daşıyıcısıdır. Bizcə, KİV informasiya fəaliyyətilə vətəndaş cəmiyyətinin və hüquqi dövlətin ictimai həyatında ideolojisiyasi münasibətlərin təkmilləşdirilməsində əsas rol oynayır, sosial tərəqqiyə kömək edir. AzərTAc-ın Baş direktoru A.Aslanov KİV və dövlətin qarşılıqlı əlaqələrinə toxunaraq yazır: "Azərbaycanda KİV və dövlət münasibətləri sintezləşdirilmiş model əsasında qurulur. Bu model dünyada qəbul edilmiş "dövlət-mətbuat" qarşılıqlı münasibətlərinin bir neçə modelinin elementlərini özündə cəmləşdirir: mətbuatın sosial məsuliyyəti modeli, əsasən milli dövlət qurmaqda olan gənc müstəqil ölkələrdə tətbiq edilən "inkişaf modeli" və s." Müəllifin bu fikrilə razılaşmaq olar ki, modernləşmə - inkişaf modelindən istifadə etməklə dövlət KİV-in inkişafına kömək etməlidir. "Demokratik ölkələrdə KİV-lərin fəaliyyətində dövlətin rolu barədə fikir ayrılığı mövcuddur. Adətən belə hesab edirlər ki, bu sahədə dövlətin rolu minimuma endirilməlidir. Mən isə, əksinə hesab edirəm ki, informasiya cəmiyyətinə daxil olmağımız bu rolun artmasını nəzərdə tutur". Müəllif düzgün olaraq dövlətin mətbuatın işinə müdaxiləsinin əleyhinə çıxır və "KİV-lərin fəaliyyətində dövlətin rolu" dedikdə 1) KİV-ə aid "səmərəli qanunvericilik bazasının formalaşmasında dövlətin konkret iştirakından"; 2) "elektron media sahəsində tənzimləyici rol oynamasından"; 3) "inkişaf etmiş telekommunikasiya infrastrukturu yaradılmasından" söhbət getdiyini diqqətə çatdırır.

    

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 28 may.- S.15.