Nəcib duyğuların saldığı izlər

 

Çağdaş Azərbaycan poeziyasında onun çəhrayı dünyasından çox danışılır. Hərə bu dünyaya öz rəngini qatır. Dünyanın möcüzəli aləmindən gələn rənglər dünyasında çəhrayı rəng alabəzək dünyanın rəng çalarlarını sanki özündə birləşdirir. Ağlı-qaralı dünyaya salınan naxışlar onun çəhrayı rəngində fəlsəfiləşir. Bərli-bəzəkli dünyadan insan talelərinə düşən çiskindən, yağışdan, dumandan, günəşdən belə enerji toplayaraq rənglər çələngində çəhrayı dünyasının işığında olmaqdan, gözəllik içində yaşamaqdan zövq alır. Bu çəhrayı dünya Sona Vəliyevanın sirlərlə dolu, müəmmalı aləmidir. "Mənim çəhrayı gördüyüm dünyamla işiniz olmasın", - deyən Sona xanımın elə bu dünyaya məhəbbətinin ismarıcıdır:

Gözümmü, ağlımmı, qəlbimmi, haqlı,

Bu yaşımda nə dəyişim, nə danım.

Dünyanı ağ-qara görmək üçün mən

Gərək əlifbadan başlayım, canım.

 

Mən layla eşitdim çəhrayı rəngdə,

Mən öyüd eşitdim çəhrayı rəngdə.

Üzümdə göz yaşım möcüzə, vallah,

Görsən, inanmazsan - çəhrayı rəngdə.

 

Rənglərin gizli mənaları içində optimist və romantiklərdən hesab olunan çəhrayı rəng məhəbbəti, incəliyi təcəssüm etdirdiyindəndir, bəlkə bu rəngə sevgi. Bəlkə də saf və təmiz duyğular içindən pərvazlanan niyyətin bir rəmzidir. "Amma dünyanı çəhrayı görmək çox vaxt insanı arxadan zərbəyə məruz qoyur" - deyir Sona Vəliyeva. Onun çəhrayı dünyası daxilindən gələn bir aləmin əksidir. İçindən gələn bir səsin hökmüdür. Ülvi hisslərlə köklənmiş bu dünyanın qatlarında sirli-soraqlı müəmmalı aləmin səsi eşidilir. Sözdən-sözə, misraya köçən bu fikirlər qapalı dünyanı açaraq Sona xanımın fərqli baxışları, fərqli düşəncələri ilə bizləri baş-başa qoyur. Əslində, insani dəyərlərdir bu baxış, bu düşüncə. Əgər insan cəmiyyətin ən seçilən canlısıdırsa, elə ən ülvi hisslər, humanist baxışlar da elə onda cəmləşməlidir. Bu gün biz Sona xanımla bağlı fikirlərimizi cəmləşdirməyə çalışanda bizlər üçün nümunəvi olan bir xanımın cismində toplanan dəyərlərə və bu dəyərlərdən cəmiyyətə ötürülən şaxələnmiş keyfiyyətlərindən söz açacağıq. Milli Teleradio Şurasının üzvü, "Kaspi" qəzetinin və "Kaspi" Təhsil Mərkəzinin təsisçisi, şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva.

Onun ruhi dünyası, əməlləri, gördüyü işlər, dəyərləri  şeirlərində parlaq və aydın görünür. "O şeirlər mənim qanımda, canımda yoğrula-yoğrula gəlib. Mən hər şeiri Tanrının vəyhi kimi qəbul edirəm. Bu şeirlər bir dəfə yazılır, mən sonradan onların üzərində heç vaxt düzəliş eləmirəm" - deyən Sona xanımın yaradıcılığı onun portretini yaradır. Uşaqlıqdan ədəbiyyata, sözə- sənətə bağlılıq yaranıb onda. O, təfəkkürü, baxışları ilə fərqlənib. Bu fərqi onda yaradan ata ocağında aldığı tərbiyə, vətən, torpaq sevgisi idi.

Çox erkən yaşlarında "Mən"ini tapan, vətən torpağının hardan başlandığını dərk edən Sona xanım ilk məhəbbətini də tez tapır. Mirzə Cəlil dünyasına səyahəti bu sevgi qapılarını onun üzünə açır. Sonralar belə bir etiraf edir: "Mirzə Cəlil hər bir azərbaycanlının, istər qadın olsun, istər kişi, ilk məhəbbətidir".

Dünyanı özü qavradığı kimi qəbul edən Sona xanım sözün böyüklüyünə inana-inana Azərbaycan dilinin böyüklüyünə inandı:"Azərbaycan dilinin böyüklüyünə inana-inana tariximə inandım, insanımın böyük insan olduğuna inandım. İnandım ki, söz nə qədər yaşayırsa, Tanrının bizə bəxş etdiyi söz, ədəbiyyat, dil, millət yaşayacaq" - deyərkən Azərbaycana bağlı olan bir insan obrazını canlandırdı milyonlarla insanların gözü önündə. Bəli, bu gün haqqında yazacağımız şəxs milli düşüncəyə, milli dəyərlərə malik bir insandır. Azərbaycan ədəbiyyatına istiqlal düşüncəsi gətirən Mirzə Cəlillə bağlı elmi araşdırmalarını apararkən onun azərbaycançılıq ideologiyasını qabardaraq ziyalılığın nümunəsini, vətəndaşlığı onda təcəssüm olunduğunu göstərərkən Sona xanımda rast gəldiyimiz dəyərlər bir daha özünü büruzə verir: "Əlinə qələm aldığı gündən ömrünün sonunadək milli istiqlal uğrunda mübarizəni məslək kimi, ideya mübarizəsi kimi qəbul edən Mirzə Cəlil özünün dahi təfəkküründən süzülən nurun ziyasında müstəqil Azərbaycanın varlığının uzaqdan da olsa, aydınca görürdü". Onun "Cəlil Məmmədquluzadə və milli ideya" adlı elmi məqaləsində Azərbaycan yazıçısı haqqında söylədiyi fikirlər məntiqə, əmələ söykənirdi. Mirzə Cəlilə müraciət edən Sona xanım bu irsi hər dəfə öyrəndikcə, azərbaycançılığın böyük mahiyyətinə, yazıçının mütərəqqi fikirlərində rast olur. Qanına-canına hopan vətənpərvərlik, milli ruh əməllərində təsdiqin tapdı. İstanbul Universitetində "Kaspi" qəzeti və "Kaspi" Təhsil Mərkəzinin təşəbbüsü ilə türk dilinə tərcümə olunan "Hüseyn Cavid. Əsərləri" kitabının təqdimatının keçirilməsi, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı müsabiqənin elan olunması azərbaycançılıq dəyərlərinə söykənmirmi? Elə "Arazbarı" şeirlər kitabı azərbaycançılığın təsdiqi deyilmi? "Arazbarı"nın içində ikiyə bölünmüş Azərbaycanın bütün dərdləri özünü tapıb"- deyən Sona xanımın canında - qanında olan vətən sevgisinin tarixlərdən güc aldığını görürük.

Araz boyu köçənin xalqdan keçdiyini vurğulayan şairə göz yaşını güllər biçən Arazın səsinə sanki öz səsini, içindəki harayı, dərdi qatır:

 

Tarixlərin səsi, ünü,

Çay da haqsızlıq sürgünü

Tanrı tikər körpüsünü

Yarı dərd-qəm, yarı barı-

"Arazbarı".

 

Yollar düyün düşdü çəndə,

Özüm yetim öz içimdə

Nə ağacdı bu biçimdə

Meyvəsi ayrılıq dadır-

"Arazbarı".

 

Dərdi-dərdə qarışan Sona xanımın dərd cələngindən toxunan misraları param-param olan qəlbinin Araza bağlılığı, Vətənə sevgisidir. Göyçə, Şuşa, Təbriz dərdidir ona yazdıran bu misraları. "Həsrətdən cadar-cadar olan torpaqların harayı, nisgilidir, Gecələrin-gündüzlərin qəm oxuyan dastanıdır, "Yad əlində qalan torpaq harayıdır" bu misraları ona yazdıran. Xəyalın çarpışan məqamlarında xalq taleyinə yazılan tarix köhnəldikcə, təzələnir onun düşüncələrində.

Dəyərlərimiz xalqın kimliyidir desək, fikrimizdə yanılmarıq. Sona xanım da dərdlə yüklənmiş xalqın taleyindən yazır. 

Onun yaradıcılığı həyatla sıx bağlıdır. Qarabağ nisgili, itirilmiş torpaqlar, yaşadığı illərin acısı-şirini onun yaradıcılığının əsasını təşkil edir. "Qərib payız", "Tənha sarı yarpaq", "Yarpaq-yarpaq", "Quruyan ərik ağacı ", "Ata evim", "Bir ana köçünə çatmamışam mən", "Ehtiyac", "Anamın əlləri", "Gəl sənə həzin bir şeir oxuyum", "Bu yağış mənə bənzəyir", "Yaman uzandı bu yaz yağışı", "Yollara yağış yağır", "Narın yağış", "Bir az günəş göndər", "Səni yola saldım", "Vallah, gözə gəldi bu ilahi eşq", "Sənsiz keçən bir günüm", "İlləri əl-ələ verib gəlmişik", "Gəl gedək bu şəhərdən", "Sarı gözəl, sarı çiçək", "Bir az möhlət ver, Allah , "Arazbarı", "Ay Qaragilə" kimi şeirlərində zəngin, çalarlı fikir dünyası ilə tanış oluruq. Bu şeir dünyasında hörülmüş misralar keçmişdən bu günə bizi gətirir. Torpaq, insan, övlad, şəhid kimi məfhumlar bu yaradıcılıq içində böyük bir amal formalaşdırır. "Ağlama, şəhid balası" şeiri bir övladın ümumiləşdirilmiş obrazıdır. Bir şəhidin yeganə övladı atasının məzarı üstə hönkürtüsü ilə üsyan etdiyi zaman yaranan misralar şairənin həssas qəlbinin bir kədər notudur. İlahidən gələn səsdir ona bu misraları yazdıran. Bu dərdi çəkməyin onun üçün olduqca dözülməz olduğunu bildirən Sona xanım torpağın qurban dilədiyini və Tanrının  sevdiyini ora göndərdiyini deyərək, sanki bu dərdi ovutmaq üçün təsəlli tapmağa söz axtarır. Amma torağın hər şeydən uca olması da bu dərdə bir təssəllidir. Necə ki şairə yazır:

Ata başımıza tacsa,

Vətən tacdan da ucadı.

Bu torpağın bir şəhid qanından min-min oğul göyərdəcəyi də istisna olunmadığını həssas təbiətli şairə misralarına həkk edir.

"Dərdin öz dilində danışa bilən" Sona xanım axıcı, mənalı, məzmunlu, düşüncəyə iz salan və düşündürən misraları ilə kövrək qəlbinin pıçıltıları ilə oxucu ilə danışmağı bacarır. Bu qələm sahibi üçün bir xoşbəxtlikdir. Amma xoşbəxtliyi tamamlaya biləcək dərddir, onu narahat edən torpaq bütövlüyü. Bu, onun narahatçılığının səbəbidir: "Bu, məni ana kiminarahat edir, qadın kimi də, vətəndaş kimi də. Bəlkə, çoxlarına qəribə gələcək, bu dərddən çox danışılıb, çox deyilib, amma hər birimiz onu yaşayırıq. İşimdə də, həyatımda da nailiyyətlərimi azaldır, tamlığıma xələl gətirir."

Qəm çiçəklik, mən dəryazam,

Bütövlüyə tamarzıyam.

Ey bəxt yazan, qismət yazan,

Zülm, oynayım-oynayım.

 

Kimin havası çalındı,

Kimin havası alındı,

Torpaq getdi, yurd talandı,

Dözüm, oynayım, oynayım.

 

İnsanları bir qədər düşünməyə səsləyir bu poeziya. Keçib getdiyi yollara, yaşadığı torpağa, sabaha addımlayacaq ömrə baxmağa vadar edir. Bəzən həyatın bugünkü yaşayış üçün olduğunu düşünən "insan" bu torpaqda məzarı olan şəhidlərin üçün qan tökdüyünü unudurlar.  Azərbaycan torpağı sənin səsindir, sənin varlığındır, sənin kimliyindir. Sənin əcdadının uyuduğu, nəfəs aldığı məkandır. Torpaqdan yüksəkdə duran məfhum varmı?! Bu torpaq birliyimizdir - vətənimiz Azərbaycandır. Savaşlarda tarix yazan Azərbaycan. Bölünməzliyin , harayın da, nisgilin , sevincin bu torpaqdadır.

"Bütün yaradıcılığımda özüm varam, şeirdə qeyri-səmimi olmaq mümkün deyil" - deyən Sona xanımın misralarındakı bu səmimiyyətdə  vətənə bağlılığı, vətəni necə sevməyi görürük. Misralardan eşidilən səs bu yurdun səsidir:

 

İtər qəlb istisi, canı isinməz

yesə, ağzının dadı bilinməz

Yüz biz diləyək, Tanrı bitirməz

Torpağı, vətəni əsir olanın.

 

Yaradıcılığından danışdıqca mövzulardan fikir doğur. Amma Sona xanımın ictimai fəaliyyətini qeyd etmək vacibdir. O, hər sahədə sözünü deməyi bacarır ictimai fəaliyyəti ikinci plana keçirmir. Əksinə, o, Milli Teleradio Şurasının üzvü kimi işindən zövq alır. "çünki milli-mənəvi dəyərləri qorumağa xidmət edirik"-deyir: "Bununla belə, "Kaspi" qəzeti mənim sevdiyim peşə fəaliyyətimlə bağlıdır, onu övladım qədər sevirəm məmnuniyyətlə vaxt ayırıram".

Hansı sahədə çalışsa da, bunlar bir-biri ilə harmoniya təşkil edir. İstənilən bir işdə cavabdehlik daşıyır:"... qəzetin rəhbəri kimi, onun ideoloji xəttinə, fəaliyyətinə, səhifələrində gedən hər yazıya cavabdeh şəxs kimi mətbuat adamı olaraq nəzarət edirəm, digər tərəfdən isə Teleradio Şurasının üzvü kimi işim bütün respublikada fəaliyyət göstərən radio televiziyaların fəaliyyətinə nəzarət etmək qanunların tənzimlənməsidir. İlk baxışdan fərqli görünsə , düşünürəm ki, bu xətlər qanun nöqteyi-nəzərində bir-birini tamamlayır. Çalışıram ki, hər ikisini nizamlayım. Çünki hər şey peşəkar hazırlıqdan bir cəmiyyətə dövlətin qoyduğu qanunlara riayət etmək vicdanlılığından irəli gəlir. Hesab edirəm ki, mən daim bunları tənzimləməyə çalışıram".

Bəli, bir ana kimi cəmiyyətə övlad bəxş edib, onu tərbiyələndirmək cavabdehlikdir. İki övladına dost, sirdaşdır Sona xanım. Həyatda qazandığı təcrübə, keçdiyi ömür yolu övladlarına böyük bir məktəbdir - həyat məktəbi.

Yorulmadan yazıb-yaradan, əməlləri ilə sözünü deyən Sona Vəliyevanın oxuculara hələ deyəcəyi çox sözlər var. Ona yaradıcılıq uğurları, ictimai fəaliyyətində nailiyyətlər arzulayırıq.

 

Zümrüd BAYRAMOVA

 Səs.- 2015.- 28 may.- S.6.