Nəsrəddin Tusi yaradıcılığında siyasət və insan haqlarının qarşılıqlı münasibətləri

Nəsrəddin Tusinin sosial insan haqları ilə bağlı ideyaları onun siyasətə dair siyasi təliminin mühüm hissəsini təşkil edir. Hər şeydən əvvəl, siyasət anlayışına verilən tərif öz unikallığı ilə diqqəti cəlb edir. Həmin tərifin özündə də mütəfəkkirin humanist mövqeyi bütün dolğunluğu və parlaqlığı ilə əks olunur. O yazır: "Hərəsini öz yerində oturtmaq, hərənin öz payını verib başqasının haqqına əl uzatmağa qoymamaq, ictimai əmək prosesində ona tapşırılan işi yerinə yetirməyə məcbur etmək üçün tədbirlər görmək zərurəti doğar. Bu tədbiri "siyasət" adlandırmışlar". Siyasəti də namusa, hakimə və pula ehtiyacı olan kateqoriyalardan biri kimi səciyyələndirən Tusi, onun da ədalət kimi hikmətə uyğun həyata keçirilməsini qeyd edir. Siyasətdə insan nəslinin təkmilləşməsinə, ədalət şərtlərinin yerinə yetirilməsinə. Ümumi rifaha və nəhayət, insanların xoşbəxtliyə çatmasına xidmət etməlidir. Əks-təqdirdə siyasət haqqında danışmağa ehtiyac qalmazdı.

Görkəmli mütəfəkkir siyasətin Aristotel tərəfindən verilmiş təsnifatına istinadən ölkə siyasətini, qələbə siyasətini, kəramət siyasətini və camaat siyasətini bir-birindən fərqləndirmişdir. Qeyd etmək lazımdır ki, Tusi siyasətin təsnifatını dövlətin həyata keçirdiyi funksiyalara uyğun vermişdir. "Ölkə siyasəti camaatı elə dolandırmağa deyərlər ki, bundan onların fəziləti artsın; buna füzalə siyasəti də deyilir. Qələbə siyasəti nakəs adamlar haqqında görülən tədbirlərə deyərlər, bunlara nakəslər siyasəti də deyilir. Kəramət siyasəti camaatı elə idarə etməyə deyərlər ki, bunun nəticəsində onların kəramətləri inkişaf edib artsın. Camaat siyasəti ilahi namus (ədalətli vicdan) əsasında tərtib edilmiş müxtəlif qayda-qanuna deyirlər ki, bununla camaatı idarə edərlər".

Mütəfəkkirin ideyasına görə siyasətlə məşğul olmaq qabiliyyəti (yəni peşəkar siyasətçi olmaq) hamıya müyəssər olmayan istedaddır. "Deməli, şəraitin nə tələb etdiyini müəyyənləşdirmək üçün elə bir şəxsiyyətə ehtiyac var ki, o, ülvi bir ilhama malik olmaqla başqalarından fərqlənsin, qalanlar onu təqlid etsin. Qədim alimlərin ifadəsi ilə belə adamlara "qanun sahibi" və onun qanunlarına "ilahi namus" (ilahi qanun) deyilərdi...". Tusinin fikrincə, məhz belə adamlar öz bacarıq və istedadı sayəsində "qanun sahibləri" hesab olunarlar və onların verdikləri qanunlar "ilahi qanunlar" kimi qiymətləndirilir.

N.Tusi siyasətin təsnifatına dair fikir və mülahizələrini yekunlaşdıraraq, belə bir nəticəyə gəlmişdir ki, ölkə həyatının aparıcı rolu və sahəsi dövlət siyasətidir. O yazır: "Ölkə siyasəti bütün yerdə qalan siyasətləri əhali arasında yayar və hər təbəqəni özünəmüvafiq siyasətlə idarə edər, beləliklə, onların daxili qabiliyyətlərinin" zahiri işə çevrilməsinə nəzarət yetirər. Deməli, bu - siyasətlər siyasətidir". Göründüyü kimi, dövlətin daxili vəzifələrinə aid edilən əsas məsələlərdən biri insanların güzəranını yaxşılaşdırmaqdan, onların rifahını yüksəltməkdən, cəmiyyətin sosial təbəqələri, qrupları arasında uyğunluq və ahəngdarlıq yaratmaqdan, insanların istedad və bacarıqlarının əyani fəaliyyətdə təzahür etməsinə imkan yaratmaqdanbu proseslərə nəzarəti həyata keçirməkdən ibarətdir. Bütün bunlar isə, ilk növbədə ədalətli daxili siyasət yeridilməsi əsasında mümkündür.

N.Tusinin təliminə uyğun olaraq ictimaiyyət elmi "... hamının xeyrinə olan birgə əməyin həqiqi və ümumi inkişaf qanunları haqqında nəzəriyyədir. Bu elmin mövzusu (obyekti) ictimai əməklə birləşən və beləliklə, istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir, çünki burada hər sənət sahibi öz sənətinə onun "xeyir" və ya "şər" sənət olduğu cəhətdən deyil, lazımlığı nöqteyi-nəzərindən yanaşır. Deməli, belə sənət başqa sənətlərə nisbətən sənətlər sənəti hesab edilər... İnsanlar həm özünü, həm də nəslini mühafizə etmək üçün bir-birinin köməyinə möhtac olduqları kimi, kamala çatmaları üçünyaşamağa möhtacdırlar, deməli, kamala çatmaq üçün də bir-birinə ehtiyacları vardır. Belə olduqda, hər adamın kamilliyibitkinliyi, öz növündən olan adamlardan asılı olar; deməli, o, qarşılıqlı kömək əsasında öz növü ilə ünsiyyət və əlaqə yaratmağa məcburdur. Əks-təqdirdə, ədalət qaydalarından kənara çıxıb, zülm kandarına tərəf üz döndərmiş olar".

Məhz göstərilən mülahizələr nöqteyi-nəzərindən görkəmli mütəfəkkir ictimaiyyət elmini dərindən və mükəmməl bilməyin zəruriliyini qeyd edir. Onun fikrincə, ünsiyyət və əlaqə yalnız o zaman baş tutar ki, nəyin nizama aparıb çıxaracağını, nəyin pozğunluğa səbəb olacağını hər kəslə tək-tək necə davranmaq lazım olduğunu öyrədən elmi yaxşı biləsən, bu ictimaiyyət elmidir. Deməli, hamı bu elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın; əks halda rəftar, müaşirət və davranışda səhvlərə yol verər, dünyada qanunsuzluğa səbəb olar, öz mərtəbə və dərəcəsinə çatmaz. Bu cəhətdən də, həmin elmin nə qədər faydalı olduğu aşkara çıxdı. Tusinin ideyasına görə, ictimaiyyət elmi dünyaya xoşbəxtlik şüası saçan, ədalət toxumu səpən elmdir. Məhz bu elmin köməyilə insan qüdrəti çərçivəsində bütün pozuntuların və pisliklərin, haqsızlıq və ədalətsizliklərin qarşısı alınır.

N.Tusi ədalətin əsl təntənəsini cəmiyyət üzvlərinin qarşılıqlı əlaqəli ünsiyyətində və onların bir-birinə söykənən birgə köməyində görür. Buna görə də o özünü cəmiyyətdən təcridetməni, tərkidünyalığı qəbul etmir, bunu fəzilətdən uzaq hal hesab edir. Mütəfəkkirin mülahizəsinə görə, "dünya əhlinin ictimai quruluşu... bir sistem təşkil etdiyindən, kim sistemdən kənara çıxıb tək yaşamaq, inzivayə çəkilmək xəyalına düşsə, bu baxımdan fəzilətlərdən əli çıxar, öz növünün köməklərindən imtina etdiyi üçün tənhalıq məhv olar. Bəziləri belə həyatı fəzilət sayırlar. Belə adamlar... bəşəriyyətin inkişafı üçün lazım olan işlərdən boyun qaçırdıqlarından, rəzalətlərə aludə olub tərkidünyalığı seçdiklərindən təbiətlərində qüvvə şəklində gizli saxlanan istedadlarını faydalı əməyə sərf etmirlər. Kütbeyin adamlar hələ belələrinin fəzilət sahibləri olduqlarını da düşünürlər. Bu ehtimal, şübhəsiz, xam xəyaldır. ...Ədalət ona deməzlər ki, kim olur-olsun, ona zülm etməyəsən, ona deyərlər ki, hamı ilə insafla rəftar edəsən".

Böyük humanistin qənaətinə görə, insan öz təbiəti etibarilə inkişafa meyil edən bir varlıq kimi yaradıldığından, təbiətən həmişə birləşməyə möhtacdır. Birləşməyə olan meyil "məhəbbət" adlanır. Məhəbbət isə ədalətdən üstündür. Bunun səbəbi ondan ibarətdir ki, məhəbət birləşməyə olan təbii meyil, ədalət isə süni ehtiyacdır. "Deməli, ...insani fəzilətlərin ən kamili olan "ədalət" növ arasında məhəbbət olmadığı üçün nizam-intizamı saxlamaq ehtiyacından doğur. İnsanlar arasında məhəbbət olsaydı, insafa və insafsızlığa ehtiyac yaranmazdı".

N.Tusinin təliminə uyğun olaraq ədalət fəsadları aradan qaldıran vasitədir. Bu eyni dərəcədə insan zəhmətilə onun zəhməthaqqı arasındakı vəhdətə də aiddir. Nə qədər ki, əməklə haqq arasında ədalət bərpa edilməyib, bunların arasında isti münasibəti tənzimləmək olmaz. Birliyin əsas səbəbi olan ədalətli münasibət, qarşılıqlı məsləhət bütün qaranlıq mətləblərə aydınlıq gətirir.

Hətta dostluq münasibətlərində ədalətin tələblərinə riayət olunması ilə əlaqədar özündən əvvəlki filosof-mütəfəkkirlərin fikirlərinə müraciət edən Tusi göstərir ki, dostun ən sədaqətlisi mənəviyyatına görə sənin özün olandır. "Şahlar və soltanlar özlərini üstün və nemət sahibləri saydıqları üçün sədaqətli görünməyə çalışarlar, elə buna görə də, onların sədaqəti tam ola bilməz və ədalətdən kənara çıxar". Tusinin fikrincə, rəislərin ən yaxşısı odur ki, xalqı yaxşılıqla var-dövlətə, xoş güzərana, bol nemətə çatdırsın; ya öz tərəfindən, ya başqalarının vasitəsilə, ya məsləhət və tədiri ilə onların varidatını, mal-mülklərini saxlayıb, yaxşı qorusun, lakin bu şərtlə ki, məqsədi kəramət olsun, dövlətlənmək olmasın. O, bu yol ilə onlarla birlikdə (qərəzi ləzzət deyil, kəramət olsa da) daha tez ləzzətə çatar. Kəramətə talib olan adam həmişə özünün sözişi ilə təriflənməsini, böyüdülüb şöhrətləndirilməsini, istər sağlığında, istər öldükdən sonra adının dünyaya yayılmasını, istər öz vaxtında, istər sonralar bütün xalqların onu bu yaxşı işlərlə yad etməsini arzulayar. Belə rəisin əksər halda bolluğa ehtiyacı olar, çünki bolluq olmadan şəhər əhalisini yaxşı təmin edib, bəxtliyə çatdırmaq mümkün deyildir.

A.Quliyev yazır: "Görkəmli mütəfəkkir öz ədalətlini sərvət toplamaq naminə nümayiş etdirən dövlət adamlarını da bu yolla "ədalət" nüfuzu qazanmaqdan çəkinməyə çağırırdı. Başqalarının zəhməti hesabına topladıqları sərvətdən gözdən pərdə asmaq üçün "xeyriyyə" ilə məşğul olmaq istəyənlər, əslində, bu kəramət və səxavətləri ilə özlərinin ədalət hissindən uzaq olduqlarını təsdiq edirlər. Dövlət başçılarının bu yolla getməsini onlara nöqsan tutan Tusi göstərir ki, "rəisin" tədbirləri böyük olduqca, fəaliyyəti genişləndikcə onun pula, var-dövlətə ehtiyacı da get-gedə artar, sonra ona elə gələr ki, o, kəramət üçün yox, mal-dövlət toplamaq üçün rəis olmuşdur. Öz camaatından və ya başqalarından zorla aldığı vergiya bac-xəracı elə təsəvvür edər ki, onlar kəramət gözlədikləri üçün deyil, kəramətli olduqları üçün, könüllü olaraq şəxsən onun özünə vermişlər". Buna etiraz edən, onun fikirlərinin, işlərinin, sözlərinin və ya başqa, buna oxşar hərəkətlərinin əksinə gedən adamlar tapıldıqda onlara qəzəbi tutar, var-yoxlarını əlindən alıb öz malına qatar, sonra hərəyə ölməyib yaşaması üçün əlmuzdu təyin edər, bu xəbər ətrafa yayılıb ta ucqar yerlərə gedib çatar, ona "qisas alan", "qəddar" adı verərlər və bu ləqəblə şöhrət tapar, sonra camaat onun övladlarını da belə "intiqam alan" hesab edər, qorxuya düşərlər; o özündən sonra ölkəni idarə etməyi övladlarına vəsiyyət edər. Elə də ola bilər ki, o, başqalarının istifadə edə bilmədiyi bəzi malmülkü öz əlinə keçirsin, camaat haman malları onun kəramət haqqı hesab etsin, elə də mümkündür ki, qonşu hökmdarlarla sazişə gələrək dəyişmə, udma, satınalma və ya başqa bir yol ilə bütün kəramət növlərindən istifadə edib varlansın". Bütün belə halları ədalətsizlik kimi izah edən humanist mütəfəkkir hakimiyyətdən sui-istifadə etmək və xalqı maddi çətinliklərə məruz qoymaq yolu ilə səxavət və kəramət sahibi olmaq istəyənlərin fəaliyyətlərini cahillik kimi qiymətləndirirdi. Cəmiyyətdə əsl həmrəyliyə nail olmağın yolunu qarşılıqlı ünsiyyət və münasibətlərin tarazlığında və bərabərliyində təsəvvür edən humanist mütəfəkkir, belə ahəngdarlığın formalaşmasında da ədaləti başlıca kriteriyalardan biri hesab edirdi.

N.Tusinin siyasi-fəlsəfi təlimində mühüm əxlaqi keyfiyyət kateqoriyası kimi çıxış edən ədalət hökmdar siyasətinin əsas mahiyyətini təşkil edir. Ədalət onun nəzərində hökmdarın vərdiş etdiyi adətlərdən biridir və məhz adət olmalıdır. Hökmdarların adətindən danışmazdan əvvəl, mütəfəkkir xalq arasındakı ünsiyyəti dövləti idarə etməyin başlıca şərtlərindən biri kimi qiymətləndirir. Xalq (o cümlədən, xalqla hökmdar) arasında ədalətli qarşılıqlı ünsiyyət yaratmaq vəzifəsi hökmdarın üzərinə düşür. Buna görə də hökmdar siyasəti öz məzmunu və məqsədinə görə iki növə malikdir. Bu siyasətlərin hər biri öz məzmununa uyğun məqsədə xidmət etdiyinə görə, onların nəticələri də məzmun etibarilə bir-birindən fərqlənir. Tusinin fikrincə, "rəislər rəisi hesab edilən şah siyasəti iki cür... hərəsinin də öz məqsədi və öz nəticəsi olar. Birinci-fazilə (fəzilətli) siyasət, buna imamət də deyilir. Bunun məqsədi xalqı kamilləşdirmək, nəticəsi isə səadətə çatdırmaq olar. İkinci-naqis (nöqsanlı) siyasət, buna (zorakılıq) da deyilir. Bunun məqsədi xalqı qul halına salmaq, nəticəsi isə bədbəxtlik və məzəmmət olar".

N.Tusinin mülahizələrinə uyğun olaraq birinci növ siyasətin daşıyıcısı olan hökmdar həmişə xeyirxah əməllərin, haqqın və ədalətin tərəfdarı olar, rəiyyətə və xalqa sədaqətli dost gözü ilə baxar, ölkədə elm və mədəniyyət inkişaf edər, hər yerdə faydalı işlər görülər, bunun da nəticəsində xalqın ümumi rifahı yüksələr. Bu siyasət "...camaata ədaləti təbliğ edər, dövləti xalqa xeyir verən işlərlə doldurar, hökmdar da, öz növbəsində öz məhvini hisslərinə hakim olar". Göründüyü kimi, mütəfəkkir siyasətin ikinci növünü zorakı siyasət adlandırır. Onun fikrincə, siyasəti xalqa zülm etmək tədbirlərindən ibarət olan hökmdarın ölkəsində bədxah əməllər kütləvi bir hala çevrilər, cəmiyyət üzvləri var-yoxdan çıxar, əhali dilənçi vəziyyətinə düşər. Öz xalqına nökər səviyyəsində kölə gözü ilə baxan hökmdarın məsuliyyətsizliyi üzündən dövlət xalqın asayişinin, rahatlığının pozulduğu şər əməllərin meydanına çevrilər. Nöqsanlı (zorakı) siyasət yeridilməsi nəticəsində "camaat qarətə təhrik edilir, dövlət xalqa zərər vuran əməllərlə dolur, hökmdar isə öz şəhvani hisslərinin əsiri olur".

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 15 aprel.- S.15