Suraxanıda Heydər Əliyev Mərkəzində Nəsibə Zeynalovanın 100 illiyi qeyd edilib

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzdə Azərbaycan teatrkino sənətinin görkəmli nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.Dövlət himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Sonra xalq artisti Nəsibə Zeynalovanın həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.

Yubiley tədbirində Suraxanı rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, respublikanın əməkdar artisti Ayan Mirqasımova, aktyor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlili, kinoşünas Aydın Kazımzadə, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rafiq Sadıxov, ssenari müəllifi və aktyor Qasım Səfəroğlu çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev  Azərbaycan teatrkino sənətinin görkəmli nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə Cahangir qızı Zeynalovanın 100 illiyi münasibəti ilə 17 mart 2016-cı il tarixdə Sərəncam imzalayıb.

Sərəncamın icrası istiqamətində ölkəmizin hər yerində ölməz aktrisa - Azərbaycan Respublikasının xalq artisti Nəsibə xanım Zeynalovanın 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir.

Tədbirdə qeyd olunub ki, böyük sənətkar Nəsibə xanım Zeynalova parlaq yaradıcılıq yolu keçərək, yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyəti salnaməsində silinməz iz qoymuşdur. Onun milli teatr səhnəsində və ekran əsərlərində insan təbiətinin mürəkkəbliklərini məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir. Milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş istedadlı aktrisa Nəsibə xanım Zeynalova Azərbaycan teatrsevərlərinin qəlbində "Qaynana" kimi sevilən, Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, uzun illər işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan bir sənətkar kimi əbədi yaşayacaq.

Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində 60 ildən çox keçirdiyi yaradıcılıq ömrü milli incəsənətimizə, xalqımıza sədaqətlə xidmət etməyin ən bariz nümunəsidir. Nəsibə xanım Zeynalovanın adı milli mədəniyyətimizə xidmətlərinə görə səhnəmizin görkəmli korifeyləri ilə bir sırada çəkilir.

Tamaşaçılar Nəsibə xanım Zeynalovanı Milli Teatrımızda göstərdiyi əvəzsiz xidmətlərlə bərabər, eyni zamanda istedadlı kinoaktrisa kimi də tanıyırıq. Bədii filmlərdə yaratdığı bir sıra obrazlar "Azərbaycanfilm" Kinostudiyasının qızıl fonduna daxil edilib. Nəsibə xanım Zeynalovanın uzun illər böyük həvəs və sənətkarlıqla canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazları milli mədəniyyətimizin qiymətli inciləridir və hər dəfə efirdə nümayiş edilərkən, hər birimiz böyük maraqla izləyirik. Böyük sənətkar yaratdığı obrazları ilə qəlblərdə əbədi yaşayacaqdır.

Sonra respublikanın əməkdar artisti Nailə Mirməmmədlinin pianoda müşayiəti ilə Günay HüseynovaAygün Abbaszadə "Qaynana" filmindən "Biz mehriban ailəyik" mahnısını ifa ediblər.

Yubiley tədbirinin sonunda xalq artisti Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova ailəsi adından çıxış edərək, göstərilən diqqətə görə, dövlət başçısına minnətdarlığını bildirib.

ZÜMRÜD

Səs.- 2016.- 21 aprel.- S.10