Kamal Abdullanın "Sehrbazlar dərəsi" əsəri İtaliyada işıq üzü görəcək

 

İtaliyanın Florensiya Universitetinin professoru, tanınmış tarixçi, ədəbiyyatşünas və yazıçı Franko Kardini Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı haqqında resenziya yazıb.      Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, F.Kardini Avropanın bir çox aparıcı universitetləri ilə yanaşı, Harvard Universiteti ilə əməkdaşlıq edir, orta əsrlər ədəbiyyatı və mədəniyyəti, eləcə də islam, xristianlıq və yəhudiliklə bağlı sivilizasiyalararası münasibətlər üzrə mütəxəssisdir. F.Kardini 30-dan artıq kitabın, 140-dan artıq elmi məqalə və araşdırmanın müəllifidir. 2014-cü ildə K.Abdullanın İtaliyada nəşr olunan "Yarımçıq əlyazma" kitabına Franko Kardininin yazdığı ön sözü və adıçəkilən əsəri oxuyandan sonra dünya şöhrətli yazıçı Umberto Eko Azərbaycanın görkəmli yazıçısı ilə yaxından tanış olmaq arzusunu bildirib.F.Kardini yazır ki, Kamal Abdulla istər alim, istərsə də pedaqoq kimi, həmçinin, bir ziyalı və yazıçı kimi, həddən artıq mürəkkəb bir fərdiyyətə malikdir. K.Abdulla zəmanəsinin şəxsiyyəti və yazıçısıdır, həmçinin, siyasi vəzifə sahibi olan akademikdir.Xatırladaq ki, bu yaxınlarda İtaliyada F.Kardininin ön sözü ilə Kamal Abdullanın "Sehrbazlar dərəsi" əsəri də işıq üzü görəcək.

NƏZAKƏT

Səs.- 2016.- 1 dekabr.- S.12