Nizami adına  Ədəbiyyat İnstitutuna 42 adda biblioqrafiya hədiyyə edilib

 

SalamNews xəbər verir ki, nəşrlərin təqdimetmə mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Milli Kitabxananın son illərdə həyata keçirdiyi əhəmiyyətli layihələrdən, elmin, mədəniyyətin tədqiqində əvəzsiz rol oynayan fundamental biblioqrafiyaların çapının önəmindən, kitabxananın ölkənin ictimai həyatında fəal iştirak etməsinin ədəbiyyatımızın və mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğində rolundan danışıb. Akademik bu biblioqrafiyaların ədəbiyyatın təbliğində və tədqiqində böyük rol oynayacağını bildirib.

Milli Kitabxananın direktoru Kərim Tahirov iki qurum arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayib. Qeyd olunub ki, Ədəbiyyat İnstitutuna təqdim olunan 42 adda 168 nüsxə biblioqrafiya Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından çap olunan N.Gəncəvi, Ü.Hacıbəyov, İ.Əfəndiyev, Q.Qarayev, S.Vurğun, B.Vahabzadə, Elçin və digər fundamental biblioqrafiyalar, eyni zamanda elmin, mədəniyyətin və digər sahələrə daxil olan sahəvi və şəxsi biblioqrafiyalardır.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova instituta hədiyyə edilən nəşrlərin Milli Rəqəmsal Yaddaşa da daxil edilməsinin vacibliyini vurğulayıb.

Səs.- 2016.- 8 dekabr.- S.12