X Yuxu. Atam Muxtar kişi

 

İlk növbədə, atamla oxucuları tanış etmək istəyirəm. Yuxumu sonra danışacağam. Atam Muxtar Abbas oğlu Nağıyev (Ənnağıbəyov) 1913-cü ildə İrəvanda mülkədar Məşədi Abbas bəyin ailəsində dünyaya gəlib. Onların evi bu gün də İrəvan şəhərində Opera və Balet Teatrının yanında Çaykovski adına küçədə yerləşir. Hazırda həmin evdə 10-a yaxın ailə yaşayır. Xalası övladları Topçubaşovlar, bibisi övladları isə İrəvan kəngərliləridir. Atam 1933-cü ildə Nəriman Nərimanov adına Bakı Tikinti Texnikumunu bitirdikdən sonra Leninqrad şəhərində Meşə Sənaye Tikinti İnstitutuna daxil olmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsinin o vaxtkı birinci katibi M.C.Bağırov 1938-ci ildə Leninqrada olarkən, atam əlaçı bir tələb kimi, onun qarşısında çıxış etmişdir. Mircəfər Bağırov onu yanına çağırıb soruşmuşdu. Neçənci kursda oxuyursan? Atam 4-cü kursa keçdiyini demiş və Bağırov ona məsləhət görmüşdür ki, gedib oxuduğu institutun rektorundan 4-cü kursa keçməyi haqqında arayış alsın. "Bizə gənc savadlı kadrlar lazımdı. Səni özümlə Azərbaycana aparacağam" demişdi. Atam danışırdı ki, biz təyyarə ilə 14 saata uçub Bakıya gəldik. Mircəfər Bağırov Mərkəzi Komitənin işlər müdirinə məni pal-paltarla təmin etmək göstərişi verdi. Özü isə mənimlə 10 dəqiqə söhbət etdi və dedi: "Mən səni Naxçıvana yeni yaranmış istehsalat idarəsinə rəis göndərirəm. Naxçıvan camaatı başqa rayonlardan fərqlənib. Elə et ki, öz təmiz adın orada ləkələnməsin".

Mən Naxçıvana gəldim. Həmin təşkilat dəmiryol vağzalında yerləşirdi. Az müddət ərzində işlərimi qaydaya saldım. Müharibə təzə başlamışdı. 1941-ci ilin payız ayı idi. Mircəfər Bağırov Naxçıvana gəlmişdi. O şəhəri qaranlıq, bərbad vəziyyətdə görüb, təcili vilayət partiya komitəsində büro çağırdı və məni şəhər sovetinə təyin etdi. "Çalış mən ikinci dəfə buraya gələndə bu şəhəri abad vəziyyətdə görüm dedi". Ondan sonra atam Naxçıvan MSSR Nazirlər Sovetində işlər müdiri, 5 nömrəli Tikinti Trestinin rəisi və 17 N-li Naxçıvan MSSR Nazirlər Soveti yanında Yol-İstismar İdarəsinin rəisi işləmişdir. Ondan yadigar qalan bir çox tikililəri bu gün də göz oxşayır. Naxçıvan şəhəri ilə dəmiryol vağzalını birləşdirən yeni yolu atam 3 ay müddətinə inşa etdirmişdir. O dəfələrlə fəxri fərman, order və medallar almış, dəfələrlə deputat seçilmiş və dövlət təqaüdünə çıxdıqda onun bacarıqlı, təşkilatçı bir işçi kimi yenidən vaxtilə özü tikdirdiyi aereporta rəis qoymuşdur. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinə 1-ci katib seçildikdən sonra oktyabr ayında atamı Bakıya işləməyə dəvət etmişdir. Lakin atam Naxçıvan şəhərinə o qədər bağlanmışdır ki, Bakıya gəlməkdən imtina etmişdi. Həm də onun cəmi 6 il birgə yaşadığı həyat yoldaşının məzarı Naxçıvan qəbristanlığındadır. O, ömrünün 34 yaşından 68 yaşınadək subay qalıb evlənmədi və biz - 3 övladını çox böyük çətinliklə böyütdü. Ulu Öndərimiz Heydər Əliyev Yazıçıların Qurultayında mənimlə söhbət edən zaman 1947-ci ildə anamın dəfn mərasimində iştirak etməsini və həmin hadisəni xatırladım: "Muxtar Abbasoviç əyilib tabutu qucaqladı və dedi: "Pakizə, sən mənim ilk və sonuncu məhəbbətim oldun. Bizi ana nənəmiz Fizzə xanım ahıl yaşında böyüdüb boya-başa çatdırdı". Naxçıvanın hörmətli ziyalıları yenidən evlənməyi atama məsləhət gördülər, lakin o, razı olmadı. Atam fars, rus və erməni dillərini çox mükəmməl bilirdi. Vaxtilə Azərbaycan Respublikasının Nazirlər Sovetinin sədri Sadıq Rəhimov onu Yerevana ezam etmişdi. Naxçıvan Teatrı üçün göndərilən tuf daşlarını ermənilər saxlamışdılar. Atam o vaxt Ermənistanın Dövlət Plan Komitəsinin sədri ilə görüşmüş və ondan xahiş etmişdir ki, tikinti dayanmasın deyə daş karvanını Naxçıvana göndərsinlər. Həmin erməni məmuru atamın erməni olduğunu zənn edib demişdi: "Gedib azərbaycanlılar sənə qurban olsunlar ki, bu iş üçün səni göndəriblər. Yoxsa mən qəti əmr vermişdim ki, pul köçürülməyənə kimi, daşı göndərməsinlər". Sonra o atamdan soruşmuşdu: "Sizlərlə necə yola gedirlər?" Atam deyirdi ki, mən başa düşdüm ki, bu, məni erməni bilib. Ona görə söhbətimdə şirinlik yaratmaq məqsədilə dedim: "Paxıl millət elə bizik".

Atam daim məsələsini həll etdikdən sonra ezamiyyət vərəqəsini imzalamaq üçün ona təqdim etməmişdi. Sonra Naxçıvan MSSR-in Nazirlər Sovetinin ümumi şöbəsinin müdiri Şəfiqə xanım İrəvana gedən zaman atam ezamiyyət vərəqəsini ona verib, xahiş etmişdi ki, bunu dövlət-plan komitəsi sədrinə ver təsdiqləsin. Sonra Şəfiqə xanım gəlib atama demişdi ki, plan komitəsinin sədri ezamiyyət vərəqəsinə baxıb, mənə dedi. Bura axı bir erməni yoldaş gəlmişdi. Mən isə dedim ki, o, əslən irəvanlı olduğundan erməni dilini təmiz bilir. Sonra atamla onun dostluq əlaqələri başlamışdı. 1918-ci ildə İrəvanda olan türk qarnizionunun rəhbəri Cəlaləddin Paşa axırıncı dəfə şam yeməyini babamgildə yeyən zaman demişdi: "Məşədi Abbas bəy, İstanbul əldən gedir, biz 3 günə qayıtmalıyıq. Gəlin sizi Türkiyəyə köçürək". Atamın dayıları Qars şəhərinə köçməyə razılaşmışdılar. Babamgil isə İranın Mərənd şəhərinə gəlmişdilər. Çünki babamın ən yaxın dostu Qanlı Məşədi İsmayıl orada yaşayır. Atam 1925-ci ilədək 5 il farsca oxuyub.

Xülasə, azan vaxtı olan kimi, atam əlində yapon maqintafonu gəldi. Dedim, bu maqintafonu niyə özünə yük etmisən? Dedi oğul, sənin səsini yazıb, cənnətə aparmalıyam. Sən mənim başımı qalmaqala salmısan. Dedim ata, açıqla görüm, mənim nə günahım olub axı? Dedi oğul, yanındakı otağın qapısına yazıb yapışdırmışdım ki, bu otaq mənim oğlum Ramiq Muxtara məxsusdur. Bunu görən 30-dan artıq qadınlar-qızlar mənə hücum etdilər ki, sənin oğlunun nə haqqı var ki, cənnətə gəlsin. Onun yeri cəhənnəmlikdir. Dedim xanımlar, mənim oğlum öz təmiz əməlləri ilə xalqın hörmətini qazanıb. Təkcə 1-2 faktı deyim. Siz görün ki, o, necə xeyirxah işlər görüb. Şahbuz rayonunda yaşayan 20 yaşlı Şəmil Qəhrəmanova şərləyib 8 il iş vermişdilər. Oğlum Heydər Əliyevin qaynanası Leyla xanıma yazdığı məktubla Heydər Əliyev özü bu işə qarışdı və günahsız oğlanın həbsdən azad olunmasına göstəriş verdi. Erməni tərcüməçisi Belifon Aleksanyanın oğlu Rafiqi o vaxt Şahbuzdan Ali Sovetinə deputat seçilən Rəşid Behbudovun vasitəsilə həbsdən azad etdirib, ailəsinə qovuşdurdu. Vaxtilə Naxçıvan şəhər sovetinin sədri işləmiş Heydər Həsən oğlunu 11 illik cəzadan xilas edib, onu bəladan qurtarmışdı. Son illərdə o, aldığı Prezident təqaüdünün 38 min manatını atasız və şəhid övladları üçün Beynəlxalq Bankın Nəsimi filialına köçürmüşdür. Bu yaxında banka borcu olan Ema adlı bir nəfərin 70 min dollarını onun xatirinə bağışlamışdır. Mənim oğlumun yeri cənnətlikdir. Qızlar dedilər ki, Muxtar kişi sənin bu sözlərinə inandıq. Bəs oğlunun pis əməllərindən niyə danışmırsan. Dedim qızlar, mən oğlumun səsini yazıb sizə gətirəcəyəm. İndi danış görüm oğlum, nə günahların olub? Dedim ata, bir "E" adlı qız mənə zəng edib görüşmək istədi. Mən onunla söhbət etdim. O dedi ki, mən sənə vurulmuşam. Dedim gözəl qız, birinci sən gözəl ailənin oğluna nişanlanmısan. Əgər sevmirdinsə, gərək nişanlanmayaydın. Dedi məni atam zorla nişanladı. Dedim mən başqa qızla görüşürəm və onunla ailə qurmaq istəyirəm. Sonra məhləmizdə başqa bir qız mənimlə ailə qurmaq istəyirdi. Mən ona dedim ki, mən sənə bacı gözü ilə baxıram. Bu baş tutan iş deyil. Lap axır zamanda həyat yoldaşım rəhmətə gedən vaxt öz yanımda işləyən 18 yaşında olan qız mənə ərə gəlmək istəyirdi. Mən ona dedim ki, qızım, sən mənim oğlumdan 3 yaş böyüksən. Sən mənim övladlarıma analıq edə bilməzsən. O isə inadından əl çəkməyərək, damarını kəsməklə mənə hədə-qorxu gəlirdi. Lakin mənim bir günahım olub. O da tələbə vaxtı Bakıda Z adlı bir qızla mən sevişirdim. Ona dönük çıxmağıma görə bu gün də mən 50 ildir ki, bu məsuliyyəti öz çiyinlərimdə daşıyıram. O da hazırda sağdır cənnətdə ola bilməz. İnstitutda oxuyan vaxt S adlı tələbə bir qız Teatr İnstitutunda oxuyan vaxt mənə sevgi məktubu yazmışdı. Mən rəhmətlik Mustafa Topçubaşovla Musiqili Komediya Teatrında lojada oturub "Məşədi İbad" tamaşasına baxan vaxt, fasilədə gözəl aktrisa Xuraman Hacıyeva mənə yaxınlaşıb, bir kiçik məktub verdi. O məktubu yazan qız institutun Teatrşünaslıq fakültəsində oxuyurdu. Bakıda əgər 5 gözəl qız vardısa, biri o idi. Bizim görüşməyimizi bilən institutun rektoru məni iki dəfə institutdan qovdu. Bir dəfə bəstəkar Nəriman Məmmədovun, ikinci dəfə isə məşhur xanəndə Haşim Kələntərlinin xahişi ilə instituta bərpa olundum. Lakin qız bu sirri məndən gizlədirdi. Sonralar mənə dedi ki, rektor mənimlə evlənmək istəyir və deyir: Həm vəzifəmi, həm də partiya biletimi atıb gedib səninlə Moskvada yaşamaq istəyirəm. Qız isə kabinetin qapısını çırpıb, nalayiq sözlərlə onu təhqir etmişdi. Mən bu yaxınlarda gözümü müacilə etdirmək üçün xəstəxanaya getmişdim. Göz həmiki o qədər gözəl idi və Leyla Bədirbəylini xatırladırdı. O, mənim gözümə baxdı və 10 gün dərman tökməyi məsləhət gördü. Mən isə evə gələn kimi dərmanı unudub, həmin həkim xanıma şeir yazdım. Üç gün ərzində şeir hazır oldu. Mən həkim xanıma zəng edib, əllərinin şəfalı olmağından və artıq qəzet oxumağımdan danışdım. O, təəcübləndi ki, ən azı 10 gün dərmanı qəbul etməlisən. Daha bilmədi ki, hələ heç aptekdən dərman da alınmayıb. Dedim həkim, sizə bir şair həsr etmişəm. İcazə versəniz oxuyaram. Mən şeiri söylədim. Aralığa 1 dəqiqəlik sükut çökdü. Bir dəqiqə keçdikdən sonra o, mənə dedi: Şair, sizdən xahiş edirəm gəlin bu şeiri rəfiqəmin yanında oxuyun. Mən başıalovlu ora getdim. Şeir "Kaş səni görməyəydim" adlanır.

Kaş kor olub dünyanın zülmətində qalardım,

Mən səni görməyəydim.

Lövbərimi ən uzaq bir limanda salardım,

Mən səni görməyəydim.

Sakit keçən ömrümə təzə bir dərd calandı.

Sönmüş sevgi ocağım atəşinlə nurlandı,

Eşqimə yoxsa cavab, korluq səadət imiş.

Niyə getdin həkim, ay canı yanıb ölmüş,

Ürəyimi açmağa, dadıma çatmır dilim.

Məni Məcnun edəcək, bu sonda gələn sevgim,

Sanki sehirlənmişəm baxammıram gözünə.

Mənim ehtiyacım var bircə kəlmə sözünə,

Yuxum çəkilib ərşə başqa adam olmuşam,

Xoşbəxtliklə ölümün arasında qalmışam.

Atam narazı halda başını bulayıb dedi. Ay oğul, sənin 75 yaşın var. Hələ də sevgidən şeir yazırsan. Gör sən cavanlıqda nə oyunlardan çıxmısan. Mən cənnətdəki qızların dedklərinə inandım. Deyəsən, sən də Əkrəm Əylisliyə qoşulub cəhənnəmə gedəcəksən. Orda mənim oğlum olduğuvu bir kəsə söyləmə. Mən atamın bu sözünə güldüm və dedim: O qızlara deyərsən ki, Ramiq Muxtar heç bir kəsin yanında günahkar deyil. Bütün oyunları özləri başlayıb, özləri də qurtarıb. Mən aydan arı, sudan duruyam.

Növbəti yuxu. Dədə Şəmşir

Səs.- 2016.- 9 dekabr.- S.8