XII yuxu. Şeyx Nəsrullah

 

Atamın Şeyx Nəsrullah ilə gəlişinə özüm də diksinib məəttəl qaldım. Dedim: "ata, bu hiyləgəri, dələduzu hardan tapmısan? Camaat görüb bizi lənətləyər. Həm də Mirzə Cəlilin qələminə düşüb sənin şəbehini çıxarar. Təzə bir əsər yazıb, aləmdə rüsvay-cahan eyləyər".

Dedi yox, oğlum, mən də əvvəllər sənin kimi düşünürdüm. Ancaq burada vəziyyət urusucadır. Dedim ata, bu Şeyx Nəsrullah da cənnətdədir. Dedi oğul, sən nə danışırsan? Heç onun qəbuluna düşmək olur. O, həm cənnətin, həm də cəhənnəmin ştatnı komendantıdır. Hamı ona səcdə edib, imdad diyləir.

- Bəs, ordakı camaat onun kim olduğunu bilmir? Onlar heç "Ölüllər" tamaşasına baxmayıblar?

- Oğul elə ilk günlərdən Şeyx Nəsrullah bütün camaatı başına toplayıb, geniş nitq irad eylədi. Dedi bir naxçıvalı Mirzə Cəlil adlı şər ustası mənim "Ölüllər" tamaşısında şəbehimi çıxarıbdır. İndi onunla haq-hesabımı çürütmək üçün yer üzünə gedirəm. Axı mən yazıq Quzey Azərbaycandan bura gəldiyim gündən yediyim cəmi dörd xurma olubdur. Heç buraların çörəyini-duzunu da dadmamışam. Onları başıma toplayıb, qəbirstanlığa aparmışım. Ölülərini diriltmək üçün bir qəpik pul da istəməmişəm. "Qurani-Kərim"dən gür səsimlə dua oxuyub, onlara rəhmət diləmişəm. Demişəm ki, ay mənim quzeydəki qardaş-bacılarım, Allah yanında savab qazanmaq üçün bu uzaq yolu gəlmişəm ölülərinizi diriltməyə. İndi kim öz atasını, anasını, qardaşını, bacısını, uşağını diriltmək istəyirsə, əlini qaldırsın. Mən də o biçarəni dirildim, vursun qoltuğuna aparsın evinə. Kəndin ağsaqqalı Məşədi Oruc deyir ki, qoy gedim evdə arvadla məsləhətləşim, sonra gəlim. Çünki öz bacısı Nənəqız onun yerinə ərə gəlibdir. Birdən razı olmaz, evdə qanqaraçılıq yaranar. Kəblə Cəfərqulu deyir ki, şeyx həzrətləri, qardaşım Novruzəli öləndən sonra ona çatan ata mülkünü əlimə keçirib, uşaqlarını atmışam bayıra. Qorxuram dirilib gələ, dava-dalaş sala. Qoy gedim fikirləşim. Yetim Abbasın oğlu deyir ki, xalaoğlum İsfəndiyar mənim əlimi çörəyə çatdırdı, mülk tikdirdi, avtomobil aldı. Sonra birdən başım döndü. Dedim nə olursa-olsun, onu aradan götürüb, biznesinə sahib olmalıyam. Aparıb bağımda öldürüb, həyətimdə basdırdım. İndi mən onu təzədən necə dirildim? Bir də gələk üz-üzə? Şeyx həzrətləri, qurbanın olum, mənə də möhlət ver, gedim bir az fikirləşim. Murad müəllim deyir ki, vaxtilə dostum Şirvan Əbilov məni vəzifə sahibi etdi. Məni katib seçdirdi. Döşümə "Qızıl ulduz" və "Lenin" ordeni taxdı. SSRİ Ali Sovetinə deputat seçdirdi. Mən ağılsız, başıboş təzə rəhbərliyə gələn katibdən tribuna istədim ki, mənə söz verin, Şirvan müəllimin bütün işlərini açıb-töküm. Təzə katibin mənim bu sözümdən xoşu gəlmədi və məni öz işimdən uzaqlaşdırdı. İndi mən dirilib necə təzədən Şirvan müəllimin üzünə çıxa bilərəm? Təpəm bərk ağrıyır, qoyun, gedim türk serialına baxım, sonra gələrəm.

- Görürsünüz, ay camaat, mən uzaq yol yolçusu aydan-arı, sudan duruyam. Bir din xadimini Mirzə Cəlilin yanındakı Kefli İsgəndər tamaşada biabır edir. İndi özünüz deyin, mənim nədir qəbahətim?

Bir neçə gün bundan əvvəl Aşura Günü Misirdən gələn din xadimlərini aparmışdım Təzə Pir məscidinə namaz qılmağa. Camaat zəncirlə başına-gözünə vurub ağlaşırdılar. Ərəb mollaları məndən soruşdular ki, şeyx həzrətləri, bu adamlar özlərini niyə belə döyürlər? Dedim, ay əziz peyğəmbər nəslinin övladları, bəs bilmirsiniz ki, İmam Hüseynin bu gün qətl günüdür? Hələ biz iki ay da yas saxlayacağıq. Onlar mənə gülüb dedilər: bu xəbər sizlərə nə gec gəlib çatıbdır? Bu hadisə VII əsrdə olubdur. Bu camaatı başa sal, de ki, burda qanlarını tökmək əvəzinə, gedib işğal olunmuş kəndlərini düşməndən azad etsinlər. Biz ərəblər bu hadisəni çoxdan unutmuşuq. İndi bizdə toy şənlikləri, bayramlar keçirilir. Necə olur ki, imamlar bizimkidir, yası siz saxlayırsız? Dedim mənim həmkar din qardaşlarım. Bunu bilməzsiniz, gəlib Təbrizdə, Ərdəbildə deyərsiniz, camaat sizi daş-qalaq edər. Biz il boyu gözümüzün yaşını leysan kimi axıdıb, matəm saxlayırıq. Siz əvəzində deyirsiniz ki, bizdə toylar, bayramlar keçirilir.

Atam dedi oğul, biz cənəttdən gələndə, Şeyx Nəsrullah bir də toplantı keçirtdi. Özü də həm cənnətdəkiləri, həm də cəhənnəmdəkiləri bir yerə yığıb, xəbərdarlıq etdi ki, sabah mən yer üzünə gedəcəyəm. Kim dirilmək istəyirsə, Muxtar kişinin kitabçasına adını qeyd etdirsinlər. Amman nə cəhənnəmdəkilərdən, nə də cənnətdəkilərdən səs-səmir çıxmadı. O, bir də bərkdən səsləndi: ay camaat, niyə dinmirsiniz? Kim yer üzündə olan övladlarının, doğmalarının yanına getmək istəyirsə, əllərini yuxarı qaldırsın.

Yenə heç bir kəsdən tərpəniş olmadı. Bundan əsəbləşən, Şeyx Nəsrullah üzünü cəhənnəmdə olan Dilqəm kişiyə tutub dedi: ay kişi, burda qanov təmizləməkdən qulunc olursan, niyə dirilib yer üzünə qayıtmaq istəmirsən?

- Vallah, Şeyx həzrətləri ürəyimdən qayıtmaq keçir- deyə Dilqəm kişi dilləndi. Amma qulağıma səda gəlib ki, oğlum bankdan kredit götürüb verə bilmədiyinə görə, evimizi satışa çıxarıblar. Mən gedib harada qalacağım. Allah ölənlərinə rəhmət eləsin. Mənim adımı yazmayın.

- Ay, Nobat arvad, övladların üçün darıxmırsan, niyə adını yazdırmırsan. Səni də aparıb balalarına qovuşdurum.

- Şeyx, sənə qurban olum, onsuz da evə gedən kimi, gəlin məni evə buraxmayacaq. Deyəcək ki, gözü nəzərli, fitnə-fəsad anan gəldi. Səhərisi aparıb məni qocalar evinə qoyacaqlar. Oğlum da - arvad Əyyub səsini də çıxara bilməyəcək. Vallah, bura mənim üçün çox rahatdır.

- Ay müxbir qardaş, Təkdamarov, niyə istəmirsən, yer üzünə qayıtmağı? Get ağlamalı-gülməli "Mizrab" jurnalının ikinci nömrəsini çıxarat. Camaat həsrətlə jurnalının ikinci nömrəsinin yolunu gözləyir.

- Yox, şeyx həzrətləri, vaxtilə yazdığım "Saxtakardıqdan əl çəkin" yazımın üstündə başım bəlalar çəkdi. Belə ki, cəddi belini qırmış hakim icra başçısı tərəfindən təsdiq olunmuş qanuni sənədi kənara atıb, məhkəməyə təqdim olunan saxta sənədə qərar çıxartdı. Halbuki o sənəddə nə icra başçısının, nə də təşkilat rəhbərini möhürü, imzası yox idi. O qədər tələm-tələsik yazılmışdı ki, yadlarından çıxıb nə günü, nə də ayı sənəddə göstərilməmişdir. O məktubu göndərən Rauf adlı dələduzu hakim həbs etmək əvəzinə, hələ məni 1000 manat cərimələyir ki, sən qəzet vasitəsi ilə cinayətkara niyə saxtakar demisən? Mən də qayıtmaq istəmirəm, çünki o min manatı kimdən alıb verəcəyəm? Bir ümidim göyçaylı dostum Qədirə qalmışdı, bir də ki, "İnturist" Aydına. Onlar da dedi ki, vallah, bonkrot olmuşuq, verə bilməyəcəyik. Allah köməyin olsun, şeyx həzrətləri, elə məni də burada qalıb, yuxularımı yazmağım məsləhətdir.

- Ay yazıçı atası, Nəcəf kişi, niyə dinmirsən? Özünü gizlədirsən? Gəl səni də dirildim, aparım Əylis kəndinə. Həm kəndlilərilə görüşdürüm, həm də oğlunun kitablarının külünü meydandan yığışdır ki, külü meyvə ağaclarının üstünə səpələnməsin. Yoxsa ağaclara xəstəlik düşər, camaatın son ümidləri də puç olar.

- Şeyx həzrətləri, vallah-billah, o mənim oğlum deyil. Görmürsən, heç mənə də oxşamır. O, qonşumuz Arakel Nayibyanın oğludur. ZAQS müdiri mənim adıma yazdı ki, kəndə söz-söhbət yayılmasın. Kəndin ağsaqqal və ağbirçəkləri bu əhvalatdan xəbərdardılar. Ona görə də, onun suyu ermənilərə tərəf axır. Hələ uşaq vaxtı o, həmişə erməni uşaqları ilə oynayardı. Deyirdi ki, mənim babam qulağı kəsik Andranikdir. Mən böyüyəndə gedib onun kəsik qulağını tapıb yerinə tikdirəcəyim. Burda cəhənnəmdə qalmaq mənə daha xoşdur.

- Sən kimsən, ay polis forması geyən yoldaş? Sən bizim nə cənnətin, nə də cəhənnəmin adamına oxşamırsan.

- Tovariş şeyx ya iz karennoy Şahbuzi.

- Ay yoldaş, cənnətimizi murdarlama, öz dilində danış.

- Mən 40 ildir ki, Rusiyada yaşayıram.

Eşitdim ki, siz ölüləri dirildib, təzədən yer üzünə göndərirsiniz. Gəldim ki, o gedənlərə bir məktub verim, bacıma-qardaşıma versin və desin ki, atamın-anamın yasına gələ bilmədiyim üçün məni bağışlasınlar. O iki övladıma da desinlər ki, həyatda mənim günahlarımı təkrar etməsinlər.

- Oğul, hələ gedən bir adam tapılmır ki, məktubunu ona verəsən, Sən çalış xristian qəbirstanlığında azərbaycanlı olduğunu dilinə gətirməyəsən. Yoxsa ordakı ölülər bizim millət haqqında pis fikirdə olarlar. Hə, camaat mənim namaz vaxtımdır. Görürəm, siz ölülərdən yer üzünə getmək istəyən olmayacaq. Mənim də qızıl vaxtımı aldınız. İndi övlada həsrət üç gəlin oturub Mirzə Bağırın həyətində mənim yolumu gözləyir. Onlara şəfa duası yazıb, oğul-qız sahibi etdirəcəyəm. Gedin bir də yaxşı-yaxşı fikirləşin. Əgər könlünüzdən yer üzünə qayıtmaq fikri keçsə, mənim əl telefonuma zəng çalın. Nömrəmi qeyd edin, 0503442911.

Bu vaxt bir nəfər əlini qaldırıb dedi: şeyx həzrətləri, məni heç nədən cəhənnəmə göndəriblər. Mənim bir günahım olub ki, "Peşəkar yaltaq" şeirini yazmışam. Xahiş edirəm, məni cənnətə keçirəsiniz. Şeyx Nəsrullah dərin fikrə gedib dedi: əgər şeirində siyasi motiv olsa, cənnətə keçə bilməyəcəksən. Oxu görüm, nə yazmısan?

Peşəkar yaltaq

Düz qırx ildir bir ümüdlə yaşayıram: yaltaq olum,

Peşəkarlar aman vermir, mən həvəskar ortaq olum.

Od püskürən asfaltlarda dizin-dizin sürünürəm,

Mələk, iblis donu geyib al qumaşa bürünürəm.

İlan dili çıxarmaqdan acılaşıb dilim-ağzım,

Sözümə də daha baxmır səs tellərim, kal boğazım.

Döymədiyim qapı qalmır, getmədiyim ocaq başı,

Sanki bir əl yuxarıdan qəsdə durub mənə qarşı.

Hansı qulpdan yapışıram, əlim qalır sonda boşda,

- Gecikmisən, Ramiq Muxtar, bizə lazım olan yaşda,

Bu səs mənə tanış gəldi, döndüm geri,

Gördüm bic-bic gülümsəyir xalq sevməyən xalq şairi.

- Bu yol beşikdən başlanır, çağa dövrün keçməmisən.

Bizim kimi "Malış", "Smes", paraşok süd içməmisən,

Ana südü içənlərdən tam peşəkar yaltaq olmaz,

Olsa da, o yaltaqların bu həyatda izi qalmaz.

Vallah, qardaş, cərgəmizdə yox bir dənə boş yerimiz.

Ya da gözlə, növbəyə dur, rəhmətə gedək birimiz.

Şeyx Nəsrullah: bu şairi keçirin cənnətə! Sənə haqsızlıq ediblər. Sndən daha ümidverici yaltaq ola bilər.

Müəllifdən: Hörmətli oxucular, mənim bu yuxulardan başqa iki yuxum da vardır. Lakin o yuxuları dərc etdirmək istəmirəm. Çünki "Səs" qəzeti redaksiyası haqsız hücumlara məruz qala bilər. O iki yuxunu mənim bu yaxınlarda dərc olunacaq "Mənim oyaq yuxularım" sənədli povestimdə oxuya biləcəksiz. Kitabın qiyməti məmurlara 100 manat, əmək haqqından şikayət edən millət vəkillərinə isə pulsuzdur.

Hörmətlə, Ramiq Muxtar

Səs.- 2016.- 15 dekabr .- S.13