Əməkdar elm xadimi Abuzər Xələfovun 85 illik yubileyi qeyd olunub

Dünən  Milli Kitabxanada Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir və "Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı"nın, Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq, görkəmli alim haqqında geniş məruzə ilə çıxış edib. O, Abuzər Xələfovun kitabxanaşünaslıq sahəsində əvəzsiz xidmətlərindən danışıb, bütün kitabxanaçıların müəllimi olmuş Abuzər Xələfova cansağlığı, uzun ömür arzulayıb.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kitab Dövriyyəsi və nəşriyyatlarla şöbəsinin müdiri Aslan Cəfərov çıxış edərək professorun faydalı ömür yaşadığını, böyük bir kitabxanaşünaslıq məktəbi yaratdığını, milli kitabxanaşünas-biblioqraf kadrların hazırlanmasında səmərəli işlər gördüyünü söyləyib.

BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov, biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, kitabşünaslıq və nəşriyyat işləri kafedrasının müdiri, dosent Knyaz Aslan, kitabxanaçılıq-informasiya fakültəsinin  dekan müavini Mehmanəli Məmmədov, Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva və b. çıxış edərək, A.Xələfovun kitabxana işinin təşkilində novator alim olmasından, geniş biliyə, zəngin təcrübəyə malik olan alimin bu sahədə ixtisaslı kadrların hazırlanmasında, seçilməsində çox mühüm işlər görməsindən və s.  danışıblar. 

Sonda Abuzər Xələfov tədbirin keçirilməsinə görə Milli Kitabxanayaonun yaradıcılığını əks etdirən biblioqrafiyanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Görkəmli alimin yaradıcılığını, kitabxanaşünaslıq tarixində əvəzsiz xidmətlərini  özündə əks etdirən "Abuzər Xələfov 85" adlı kitab sərgisi və Elektron məlumat bazası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

ZÜMRÜD

Səs.- 2016.- 15 dekabr.- S.12