Sənətkarlıq zirvəsi...

 

Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmış ölkədir. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. Ulu Öndər Heydər Əliyev  həmisə deyərdi ki, "xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Məhz ona görə də, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.

Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Ulu Öndər Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Dahi Öndər Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi.

Çox diqqətəlayiq haldır ki, Onun bu xeyirxah, ali missiyasını bu gün layiqli davamçısı olan, öz qüdrətli və iradəli siyasəti ilə Azərbaycanı uğurlara daşıyan Prezident İlham Əliyev uğurla davam etdirir. Hörmətli Prezidentin lap təzəlikcə xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarovaya Azərbaycanın ən ali Ordeni olan Heydər Əliyev Ordenini təqdim etməsi, yuxarıda qeyd etdiyimiz ənənələrin bu gün də yaşadılmasına və davam etdirilməsinə ən layiqli nümunədir. Öz gözəl səsi ilə xalqımıza sevinc bəxş edən, uzun illərdir ki, dünyanın dörd bir bucaqında oxuduqu mahnılarla Azərbaycanı təbliğ edən böyük sənətkar  daima Ulu Öndərin sevgisi və qayğısı ilə əhatə olunmuş böyük sənətkarlarımızdandır. Səhnədə olduğu bütün illər boyu, xalq onu təkcə musiqi fatehi kimi deyil, həm də əsl azərbaycanlı kimi öz xalqı üçün can yandıran, öz səsi ilə bütün cahana Azərbaycanı tanıdan əsl vətəndaş kimi də tanımışdır. Öz səsi ilə, ezacskar musiqi istedadı ilə xalqının haqq səsini dünyaya çatdıran böyük sənətkar!..

Hər dəfə nəğmələri sərhəd tanımayan Azərbaycanın təkrarsız sənətkarı Zeynəb Xanlarovanı dinləyəndə böyük ədiblərdən birinin - "Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil" - müdrik kəlamını xatırlayıram.

Zeynəb xanım haqqında deyilən qiymətli fikirlərdən bir neçəsini sadalasaq, məncə, yerinə düşər. Azərbaycanın Xalq Rəssamı Tahir Salahov deyib: "Zeynəb musiqimizdə hadisədir, mərhələdir və onun varlığı ilə fəxr etməyə dəyər".

Filologiya elmləri doktoru, professor Əziz Şərif isə dəyərli sənətkarla bağlı düşüncələrini belə ifadə edib: "...Haçan səhnədə görünübsünüzsə, haçan qəlbən sevdiyiniz nəğmələri oxumağa başlayıbsınızsa, tamaşaçı salonu gurultulu alqışlara bürünüb. Zeynəb səsinə, Zeynəb oxumasına pərəstiş edənlər sevgilərini də o alqışlara qatıb, müğənniyə ərməğan ediblər. Siz oxuyursunuz və oxumalarınızdakı Vətən ətri, bayatı rayihəsi ürəklərə dolur. Şirin səsinizdən, kövrək nəğmələrinizdən doya bilmirik. Sizin hər nəğməniz həssas bir ürəyin hekayətidir. Odur ki, həmin nəğmələrə biganə qalmaq mümkün deyil...".

Cənab Prezident Z.Xanlarovaya Ordeni təqdim edərkən, bu məqamları diqqətlə vurğulayıb: "Siz uzun illərdir ki, xalqımızı öz gözəl sənətinizlə sevindirirsiniz. Xalqımızın musiqi tarixində sizin çox böyük yeriniz vardır. Siz dünya şöhrətli müğənnisiniz və Azərbaycanı, bizim xalqımızı, dövlətimizi dünyada təbliğ edirsiniz, uzun illər ərzində, həm sovet dövründə, həm müstəqillik dövründə. Azərbaycan xalqı sizi çox sevir. Siz bunu yaxşı bilirsiniz.

Ulu Öndər Heydər Əliyev həmişə sizə çox böyük diqqət, qayğı göstərmişdir, həm 1970-1980-ci illərin əvvəllərində, həm də müstəqillik dövründə. Ulu Öndər sizi çox qiymətləndirirdi, çox sevirdi. Xatırlayıram ki, atam təqaüddə olan zaman siz Moskvaya gəlib Ona baş çəkdiniz. Mən də o görüşdə iştirak edirdim. O vaxt da siz öz iradənizi, öz mərdliyinizi göstərmisiniz. Çünki o vaxt Heydər Əliyevə qarşı əsassız ittihamlar irəli sürülübdür. O vaxtkı sovet və Azərbaycan rəhbərliyi Ona qarşı kampaniya aparırdı. Onun, necə deyərlər, qanadı altında böyümüş insanların bir çoxu Ona nəinki baş çəkmirdi, hətta zəng etməyə də qorxurdu.

Yəni mən o günləri çox yaxşı xatırlayıram və heç vaxt unutmuram. Siz isə Moskvada, Onun evinə gəldiniz. Mən də o görüşdə idim. Ona mənəvi dəstək verdiniz. Sizin çox gözəl, səmimi söhbətiniz olubdur. Mən o günü heç vaxt unutmuram və unutmayacağam. Siz xalqımızın mərd qızısınız. Həmişə prinsipial olmusunuz, həmişə həqiqəti demisiniz və heç bir şeydən qorxmadan həmişə öz mövqeyinizdə olmusunuz."

Cənab Prezidentin Z.Xanlarovanın həm musiqi sənətinə, həm də bir sənətkar kimi, şəxsiyyət kimi cəmiyyətdəki mövqeyinə, sədaqətinə verdiyi qiymət olduqca dəyərlidir. Bu qiymət, həm də bütöv bir xalqın etibar edib böyük səs çoxluğu ilə seçdiyi bir Prezidentin böyük sənətkara, bütövlükdə isə, mədəniyyətimizə verdiyi dəyərli qiymətdir.

Zeynəb xanım daima xalqımızın haqq səsinin dünyada eşidilməsi üçün böyük işlər görüb. Öz səsi ilə yanaşı, əsl vətəndaş mövqeyi ilə də seçilən böyük sənətkar Azərbaycanı, bizim xalqımızı, dövlətimizi dünyada təbliğ edib. Bu, əsl sənətkar mövqeyi, əsl vətəndaş missiyasıdır.

 

Mirzə İbrahimovun hələ illər öncə böyük sənətkarımıza həsr etdiyi və 1981-ci ildə "Gənclik" jurnalında dərc edilən gözəl şeiri hələ də yaddaşımın dərinliklərində özünə möhkəm yer edib:

 

Sənə səmasında ulduz yarandı,

Sən nur çiləyirsən hər yana Zeynəb.

Ilahi səslərin qanadlarında,

Səadət verirsən insana Zeynəb.

Rübabın simindən divanəsən sən,

Zildə də, bəndə də, divanəsən sən.

 

Mələksən, hurisən, əfsanəsən sən,

Qızışıb gələndə cövlanə Zeynəb.

Sən cəh-cəh vuraraq oxuyan zaman,

Quşlar qanad saxlar, səsinə heyran.

Canısan, ruhusan gülün, çəmənin,

Sənə məftun olub zəmanə Zeynəb.

 

Bilirəm çoxları əsirdir səndə,

Qapımı qocalıq gəlib kəsəndə,

Ay kafər, məni də salmısan bəndə,

Canım yox bu dərdə dayana Zeynəb.

P.S. Zeynəb Xanlarova təkcə doğulduğu zamanın deyil, bütün zamanların sənətkarıdır.  Zeynəb xanımın XX əsr Azərbaycan ifaçılığında bəlkə də heç kəsin yüksələ bilməyəcəyi bir sənət zirvəsi vardır. Onun sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə və əsrlərə ərməğandır. irvan Əbilov,

Prezident təqaüdçüsü

Şirvan Əbilov

Səs.- 2016.- 31 dekabr.- S.15