Leyla xanım Əliyeva Azərbaycan həqiqətlərinin dünya miqyasına çıxmasında təşəbbüskar və icraçıdır

 

Müasir dövrümüzdə dünya Azərbaycan reallıqlarına biganə qala bilmir. Həqiqətlər birmənalı, qeyd-şərtsiz qəbul olunur. Buna səbəb  ölkəmizin beynəlxalq aləmdə nüfuzu ilə yanaşı, onun gerçəklikləri, inkişafı, sülhsevərliyi, humanizm prinsiləri ilə yaşaması, maddi-mənəvi dəyərləridir. Dünya ilə sərhədsiz münasibət quran Azərbaycan müxtəlif qitələrdə öz sözünü əməli çərçivəsində deyə bilir. İstənilən bir sahədəki nailiyyətlərimiz Azərbaycan məfhumunu dünyaya yaxınlaşdırıb. Bu baxımdan, Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr geniş sferanın əhatəliyi və əhəmiyyəti baxımından önəmlidir. Sosial, mədəniyyət, səhiyyə, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi layihələr dünya ölkələrində ölkəmizin həqiqətlərini saysız insanlara təqdim edir. Belə ki, fondun dəstəyi ilə keçirilən tədbirlər, gerçəkləşən layihələr Qərb ilə Şərqin qovuşmasında bir körpü rolunu oynayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbirləri xüsusi qeyd etməliyik. 1992-ci ildə fevralın 26-na keçən gecə erməni silahlılarının Azərbaycanın Xocalı şəhərinə soxularaq 613 dinc insanı, 63 uşağı, 106 qadını və 70 qocanı qətlə yetirməsi dünya ictimayyətinə faktların dili ilə çatdırılır. Belə bir hadisəni törədənlərə dünya ictimaiyyəti tərəfindən hüquqi və mənəvi qiymət verilməlidir.

“Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı soyqırımı bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Pakistan, Meksika, Çexiya, Kolumbiya, BosniyaHerseqovina parlamentləri Xocalı soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyırlar. ABŞ-ın Vest Virciniya, Pensilvaniya, Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko, Tennesi ştatlarının qanunverici orqanlarında da Xocalı soyqırımı ilə əlaqədar qətnamələr qəbul edilib.

Bu istiqamətdə tədbirlər davam etməkdədir. Artıq dünyada insanlar həqiqəti yalandan ayırmağı bacarırlar. Xocalı kimi faciələrin dünyanın heç bir yerində təkrar olunmaması naminə Xocalı unudulmamalıdır. Xocalı soyqırımı öz miqyasına və qəddarlığına görə bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sıraya qoyula bilər. Bu günlərdə  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı qətliamının qurbanlarına ithaf olunanbir çox beynəlxalq mükafatlara layiq görülmüş  Sonsuz dəhliz” sənədli filmi ABŞ-ın “Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin “Global Film Awards” müsabiqəsinin “Humanitar mükafat”ına layiq görülüb. Global Film Awards” tərəfindən təqdim olunanHumanitar mükafat”ın məqsədi öz filmlərində siyasi, sosial ədalət, ekoloji, sağlamlıq, vəhşi təbiət və mənəvi mövzuların vacibliyinə toxunan kinorejissorların peşəkarlığının qiymətləndirilməsidir.

Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın bəşəri faciəsidir. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə gerçəkləşən layihələrin coğrafi məkanı ilbəil genişlənir.

Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektivdürüst informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də xarici kütləvi informasiya vasitələrinin əməkdaşları dəvət olunurlar. XX əsrin sonunda Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı olan Xocalı faciəsi tariximizin ən acı səhifəsi kimi gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynamalıdır. Gənclər tarixdən nəticə çıxarmalı, gələcəkdə bu kimi faciələrin bir daha baş verməməsi üçün daha mübariz olmalıdırlar. Xocalı soyqırımının və bütövlükdə ermənilərin Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin konkret tarixi faktlarla gənclərimizin diqqətinə çatdırılması hər bir dövlət orqanının ümdə borcu və vəzifəsi olmalıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlər Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına kömək edərək xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılmasında, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli layihələri icra edir.

 

ZÜMRÜD

Səs.- 2016.- 19 fevral.- S.4