İşığa gedən yol

 

"Həyatın boyu səni əhatə edən insanları, yaxınlı-uzaqlı, doğmalı-yadlı hər kəsi dinləməklə və insanlara kömək əli uzatmaqla bərabər, qərar qəbul edəndə hər zaman içindən gələn xeyirxah səsi dinlə və onun ardınca get!"   

Azərbaycan poeziyasında, ədəbiyyatında, publistikasında və elmində dəsti-xəttini yaxşı tanıdığımız bir imza da var: filologiya elmləri üzrə fəlsəfə doktoru, azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifi Sona Vəliyeva imzası. Elmi araşdırmaları, məqalələri, nəzmə çəkdiyi misraları ilə diqqətdə olan Sona xanımın yaradıcılıq yolunda kəsişən nöqtə Azərbaycançılıq ideologiyasıdır, qəlbinin isti hərarətidir. "Çəhrayı rəngli dünyam", "Arazbarı" kimi şeirlər kitablarında bir insan qəlbinin sirr-sorağı ilə, Vətən hissləri ilə tanış olur, "Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi", "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası" elmi-publisistik əsərləri vasitəsilə onun elmin axtarışlarının hədəfi olan dəyərlərin nəyə söykəndiyi açıq-aşkar oxucuya aydın olur. Buya digər əsərləri ilə yanaşı, publisistik qələmindən çıxan məqalələrdə də, məhz vətən yolunda mücahid olan insanların ömür yoluna naxış olan fəaliyyətin məğzini açıb ortaya qoyması onun yaradıcılıq amalı, qayəsi ətrafından oxucuya çox məqamları demiş olur. Müxtəlif mövzularda, janrlarda qələmini sınayan Sona Vəliyevanın bu yaxınlarda yaradıcılıq irsinə yeni əlavə olunan "İşığa gedən yol" romanı qələm sahibinin daha geniş əhatəli bir janra müracət edərək, geniş məzmunlu əsəri ortaya qoymuş oldu.

Sona xanımın Azərbaycan ədəbiyyatının ən əhatəli janrı olan romana müraciəti onun yüksək müşahidə və təhlil qabiliyyətini, yaradıcılıq təxəyyülünün zənginliyini ortaya qoymaqla yanaşı, milli dəyərlərimizə, ədəbi fikir tariximizə olan münasibətini də diqqətə çəkir. Əlbəttə ki, bu günə qədər olan yaradıcılığını təşkil edən nümunələrdə, şeirlərində, araşdırma və elmi tədqiqatlarında da hər zaman Vətən anlayışı və bu torpaq üçün cadar-cadar olan ürəklərini alovlandıran BÖYÜK İNSANLARIN keçdiyi yol ön planda verilib. Böyük Hüseyn Cavidə, Cəlil Məmmədquluzadəyə müraciəti və böyük mütəfəkkirlərin keçdiyi mübarizələr dolu məqamları, millət, xalq üçün məşəqqətli yollardan keçən insanların həyat və yardıcılıq yolunu iyirmi birinci əsrdə qələmə alıb, bu günün prizmasından böyük ömür yolunun sahiblərinin yaradıcılıq qayəsini işıqlandırmaq milli ruh, milli düşüncənin bədii məhsulu deyilmi? Bu ədəbi nümunələrə ayrılan diqqət, fədakar ömürlərə müraciət müəllifin daxili cizgilərinin təzahürü kimi meydana çıxır. Sabirin satirasından görünən Azərbaycanın ictimai-siyasi həyatına - bir əsr bundan əvvəlki ölkə gerçəkliklərinə, Mirzə Fətəli Axundovun komediyalarının qəhrəmanlarının yaşadığı zamana, əsrlərə salınan çığırlarda - nələrə, nələrə səyahət ziyalı işığından doğmurmu? Sona xanım Azərbaycanın tarixi keçmişinə boylanaraq tarixə, novatorlara müracət edərək, yaratdığı qəhrəmanlarının duyğu və düşüncələrini, arzu və istəklərini, amallarını müasir ədəbiyyatımıza gətirib. Həyatını təhlükə qarşısında qoyaraq, çətin məşəqqətli ömür sürən insanların obrazını sevərək, qələmə alan Sona Vəliyeva onların hiss-həyəcanlarını, sarsıntılarını oborazlı şəkildə ifadə etməklə oxucuda dolğun təsəvvür yarada bilib. "İşığa gedən yol" əsərində Sona xanım əsas qəhrəmanının davranışına, ifadə olunan hər bir fikrə həssaslıqla yanaşır.

Vahid bir ideya üzərində qurulan əsərdə inkişaf edən hadisələr məqsədin açılmasına xidmət edir. Azərbaycanın tarixində görkəmli ziyalı, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi, Azərbaycan mətbuatının banisis. kimi möhrünü vuran Həsən bəy Zərdabinin keçdiyi həyat və fəaliyyətindən bəhs edən "İşığa gedən yol" əsəri bu böyük insanın tərcümeyi-halının bədiiləşmiş şəkildə oxucuya təqdimidir. Azərbaycan ədəbiyyatının tanınmış simaları, dövrünün görkəmli ziyalıları ilə Həsən bəyi təmasda verən müəllif bu obrazın bütün zamanlarda, vəziyyətdə belə bir məslək xidmətində olduğunu göstərə bilmişdir.

Müəllif əsərin başlanğıcında 11 yaşlı Həsənin keçirdiyi uşaqlıq illəri ilə bağlı oxucuda təəssürat yaradır və Kür çayının sahillərində uşaqlıq illərini yaşayan qəhrəmanının necə çevik, düşəncəli uşaq olmasını qələmin gücü, qəlbinin isti hərarəti, bədii ifadələrin köməyi ilə nəsrə gətirib. Babası Rəhim bəyin uşaq ikən ona verdiyi öyüd-nəsihəti Həsən bəyin gələcək işıqlı yoluna naxışlar salır. Aralarında qurulan dialoq, eləcə də belə bir şəcərinin davamçısı kimi yetişəcəyi oxucuda şübhə oyatmır. İndi çox balacasan, amma deyəcəklərimi yadında möhkəm saxla, deyir Rəhim bəy:"Həyatın boyu səni əhatə edən insanları, yaxınlı-uzaqlı, doğmalı-yadlı hər kəsi dinləməklə və insanlara kömək əli uzatmaqla bərabər, qərar qəbul edəndə, hər zaman içindən gələn xeyirxah səsi dinlə və onun ardınca get!" Elə də olur. Bu xeyirxah səs onu ömrü boyu müşayiət edir. Zəkası, elmi, qabiliyyəti ilə gələcəyin nurlu siması kimi tanınır. Onu elmin yoluna aparan cığırları Sona xanım ardıcıllıq və ustalıqla təqdim etməklə Həsən bəy Zərdabi kimi simanın uşaqlıq, gənclik illərini xronolji baxımdan diqqətdə saxlayır və ardıcıllıq içində böyük ziyalını insanlığa, vətənə xidmət və sevgisini, alovlu ürəyini işıqlandırır. Rəhim bəyin "Onu indi evdə saxlamaq, onu gələcəkdə inkişafdan məhrum etmək deməkdir", - deməsi artıq onun elmi biliklərə yiyələnməsi üçün keçirilən narahatçılıqdan xəbər verir. Həsəni Hacı Məhəmmədin mədrəsəsində təhsil almağa qoyurlar. Həsən isə mədrəsədə təhsil almaq istəmir. Ərəb-fars dillərini öyrənib babasının illərlə topladığı, atasının uzaq diyarlardan gətirdiyi kitabları oxumağı bacaracağı təqdirdə, onun mədrəsədən uzaqlaşdırılacağı bildirilir. Sona xanımın təfəkküründən doğan fikirlər bu ziyalının gerçək həyatının maraqlı boylalarla təqdiminə təkan vermiş olur. Atasının "Sən mənim arzularımın əkinçisi olacaqsan", - deməsi onu gələcəyinə bəslənilən ümidlərin böyüklüyünü əks etdirir. Xronoloji ardıcıllıqla hadisələrin fövqündə onun keçdiyi ömür və həyat yolunu vərəqləyən Sona xanım 1852-ci ilin yay fəslini xatırladır. Oxucunun artıq Həsən bəylə ilk tanışlığından 4 il ötmüşdür, Həsənin Şamaxıda açılan dördillik rus məktəbində təhsil almasını zamanın tələbi baxımından zəruriliyini qeyd edən atası onun belə məktəbdə oxumasının gələcək üçün böyük mahiyyət kəsb edəcəyini yaxşı dərk edir. Ata onun rus dilini öyrənməsini, dünya elmlərini dərindən mənimsəməsini bütün Zərdab üçün əhəmiyyətli olacağını deyir. Zərdabdan bu məktəbə gələn ilk şagird Həsən bəy olur.

Müəllif onun həm daxili, həm də zahiri cizgilərini ifadə etməklə bir insan obrazını tam təfsilatı ilə vermiş olur. Məsələn, kitabda müəllif onun zahiri portretini yaradaraq yazır ki, ucaboylu, iri, aydın gözləri, işıqlı üzü, alnına tökülən qara saçları kənardan baxanlara onun qafqazlı olmasını nişan verirdi. Belə bir görkəmə malik olması, səlis rus dilində danışması, nizam-intizamı Həsən bəyin Moskva mühtində yaşadığı zamanda ətrafdakıların diqqətini cəlb edir. Təbii ki, 1961-ci ildən başlanan Moskva həyatı Həsən bəy Zərdabi həyatına zolaqlarını salmış olur. Onun dünyagörüşünün formalaşması, elmi biliklərə sahib olmasında buranın da öz təsiri kifayət qədərdir.

Moskva Universitetini bitirən, orada elmlər namizədi alimlik dərəcəsini alan Həsən bəyə Məlikovun Realnı Gimnaziyada müəllimlik həyatı, onun hər zaman izzətlə, ehtiramla qarşılanması, elmi biliyinə, darvanışına münasibət artıq hər şeyi demiş olur. Müəllif qəhrəmanını hər zaman ucada tutur. Hər sözü, darvanışında Azərbaycan ziyalısının gücünü, iradəsini, istək və arazularından doğan işığı verməyə çalışır və əsər boyu da buna nail olur. O öz azərbaycanlılarının elmli, savadlı olması üçün gücünü ortaya qoyur.  Qonşu xalqlarla müqayisədə azərbaycanlıların yüksəkdə olması üçün çalışır. Fəaliyyətdə olan erməni, gürcü xeyriyyə cəmiyyətlərinə hər il Bakıda nə qədər pul yığıldığını öyrənəndən sonra özünə gələ bilməyən Həsən bəy xeyriyyə cəmiyyətinin yaradılması məqsədini qarşıya qoyur. Müəllif yazır ki, onun üçün ciddi bir işi görməkdən, təvəqqi etməkdən çətin bir şey olmasa da millətin savadı, gələcəyi üçün bu yolu seçir. "Bakıda yerli gürcülərin, ermənilərin, rusların, yəhudilərin və başqalarının yaratdığı xeyriyyə cəmiyyətlərinin oxutdurduqları uşaqların sayı yüzlərlədir. Bizim azərbaycanlıların isə nə ayrıca bir məktəbi, nə də belə məktəblər açacaq, həmin məktəblərdə uşaqların təhsini təşkil edəcək bir cəmiyyətimiz var". Müəllif göstərir ki, elinin gələcəyi üçün çalışdığından xeyriyyə cəmiyyəti yaratmaq üçün imkanlı şəxslərlə görüşməyə qərar verir. İnsanlarla görüşərək, millətin təhsilini hər şeydən üstün tutmağa və xeyriyyə cəmiyyətinə pul verməyə  çağırırdı. Bu işə Şamaxı, Gəncə, onun xeyriyyə cəmiyyəti yaratmasını ziyalılar dəstəkləyir və onlar Azərbaycan üçün bunun töhfələr verəcəyinə inanırdılar.

Müəllif yazır ki, daha sonra o, Tiflisə gedirorada qohumu Fərəclə görüşür. Fərəc bəy ona gürcülərin, erməniləri qəzeti olduğu halda, bizim dildə qəzet yoxdur, - deyir. "Bilirsən, Həsən mən istəyirəm bu işi də sən öhdənə götürəsən, elə xeyriyyə cəmiyyəti, məktəb məsələləri ilə yanaşı, həm də bu işlə məşğul olasan".

"İşığa gedən yol"un ikinci hissəsində müəllif Həsən bəyin qəzet çıxarmaq, maarifçilik ideyaları yaymaq arzusunu qələmə alır: "Mən, nə qədər çətin olsa da, bu işi  görməliyəm, bir qəzet açmalıyam. Özübu qəzet məhz azərbaycanca, hamının oxuyacağı sadə dildə nəşr edilməlidir". Müxtəlif yollardan keçən Həsən bəy bu arzusunu reallaşdıraraq, Azərbaycan mətbuatının əsasını qoyur. İsminin qarşısında daha bir novatorçu məfhumunu yazdıra bilir. Əməlləri ilə, millətə sevgi və qayğısı ilə. Bu qəzet insanların gözünün açılmasına, maarifçilik ideyalarının təbliğinə töhfələr verironun sorağı uzaq ölkələrdə eşidilir. Müəllif maraq doğuran məqamlara toxunaraq, Nəcəf bəyin Həsən bəyə yazdığı məktubunu oxucusuna təqdim edir. Yazır ki, Fransa Konsulluğunun jurnalist əməkdaşı Bakıda çıxan ana dilli "Əkinçi" qəzeti, onun əməkdaşları haqqında material hazırlamaq istəyir. Nəcəf bəy məktubunda qeyd edir ki, fransız  müxbirlə söhbət əsnasında Azərbaycanın Mirzə Fətəli və Həsən bəy kimi maarifçilərdən söhbət açarkən, onlarda ciddi maraq oyadıb.

Sona xanım Həsən bəyin çətin günləri, ailəsində nümunəvi mühitin hökm sürməsini, ailə üzvlərinin ona kömək, arxa olduğunu belə, diqqətdən qaçırmayaraq, bu münasibətlərin fonunda Həsən bəy Zərdabi dünyasını işıqlandırır.

Əsərin sonunda Sona xanım ziyalının "Füyuzat"ın bağlanmasında keçirdiyi sarsıntını ürək ağrısı ilə qələmə alır. Bu hadisənin onun səhhətinə daha da pis təsiri göstərdiyini yazır. Çünki Həsən bəy "Füyuzat"ı bütün müsəlman-türk dünyası üçün, önəmli bir tribun kimi qiymətləndirir. Onun milli mətbuatımıza yeni bir üslubun, romantizm üslubunu gətirdiyini deyir Həsən bəy.

Səhhətinin ağır olduğu bir zamanda belə, yenə də onu narahat edən düşüncələr tərk etmir. Müəllif onun son mənzilə yola salındığı zamanı qələmə alarkən belə yazır: "Son mənzilə yola salınan Həsən bəyin cənazəsini də, ömrü boyu öz qəlbində ağırlığını daşıdığı, dərdini çəkdiyi insan selisanki bu işıq və nur qapısı müşayiət edirdi ...Həsən bəyin övliya ruhu zühr edərək, işıq şəklində, nura çevrilərək minilliklərə doğru irəliləyirdi və insanların çiynində daşınan cismani cənazədən xeyli irəlidə gedirdi".

Bəli, bir işıqlı ziyalı üçün belə bir əsər Həsən bəy Zərdabi əməllərinin nurundan qaynaqlanır.

       

ZÜMRÜD BAYRAMOVA

Səs.- 2016.- 1 iyul.- S.7.