Məhəmməd Füzulinin sosial-siyasi ideyaları və insan haqları

 

 

 

    

     Cəmiyyətdəki sosial təbəqələşmə Nizami və Nəsimi kimi, Füzulini də dərindən narahat etmişdir. Sosial bərabərsizlik - cəmiyyətin yuxarılara və aşağılara parçalanması mövcud olan bütün bəlaların fövqündə durur, labüd ədalətsizliklərə, zülmə və istismara rəvac verirdi. Zəmanənin sərt qayda-qanunları cəmiyyətdə sosial bərabərlik yaratmağın fərqində deyildi. Füzulini isə belə quruluş, təbii ki, qane etmirdi və edə bilməzdi. Sadə xalq kütləsinə bütün varlığı ilə bağlı olanonun taleyini düşünən humanist mütəfəkkir insanların əsil-nəcabətinə, varına-sərvətinə görə deyil, bilik və bacarığına görə qiymətləndirilməsinə üstünlük verirdi. Onun nəzərində cəmiyyətə fayda verən, onu maddi nemətlərə çatdıran insan, bir də başqalarının zəhməti hesabına yaşayan, sadə adamların nemətlərindən faydalanan müftəxor insan var idi. Məhz bu nöqteyi-nəzərdən, o, cəmiyyətin əmlak kriteriyasına görə ikiyə bölgüsünün tam əleyhinə çıxmışdır.

     Qurtuluşu haqsız dünyadan uzaqlaşmaqda zənn edən Füzuli, ilk növbədə əyilməzlik nümayiş etdirirdi. O, bir qarın çörək üçün varlıya əl açmağı nə özünə, nə də müasirlərinə rəva görmürdü. Alçağa əl açıb təhqir olunmaqdansa, yoxsulluq qürurunu qoruyub-saxlamaq daha yaxşıdır. Yoxsulluq rütbəsində ali olmaq, hər hansı varlının himayəsinə sığmıb alçalmaqdan daha üstündür. Mütəfəkkir bunun puçluğunu qeyd edərək, haqsızlıqlar dünyasından uzaqlaşmağı üstün tutur. Çünki yaşamaq üçün əmirə və ya şaha xidmət göstərmək mənasızdır.

     Mütəfəkkir bu fikirlərini təsadüfi söyləmir. Nəinki insan, hətta "zəmanənin" özü "qalib iradədən yardım istəyir". Həqiqi mənliyə və təkəbbürə malik insan nəfsinin deyil, iradəsinin hökmü ilə hərəkət etməlidir. Füzuliyə görə, "dünya bəla yeridir, müsibət və zəhmət məhəllidir". Dünya deyilən bir məkanda yalnız ağıl və zəka, mətin iradə qalib gəlir.

     Füzuli romantizminin səciyyəvi xüsusiyyətlərindən biri xoşbəxt gələcəyə olan dərin inamdır. Mütəfəkkir zəmanənin ədalətsizliyindən şikayətlənsə də, xalqın ağır həyatından kədərlənsə də, ədalətin qalib gələcəyi günə də böyük ümidlərlə baxırdı. R.Məmmədov yazır: "Füzuli dövrün haqsızlıqlarını tənqid etməklə məhdudlaşmır, bəzən gələcək haqqında romantik arzulara dalırdı. Onun belə ictimai-utopik (sosial utopiya-kursiv bizimdir) xarakterli arzularına görə elə bir zaman gələcəkdir ki, cəmiyyətdə mövcud olan qaranlıq buludlar pərdəsi aradan qalxacaq və ədalət mənbəyindən sızıb gələn mərhəmət suyu fırtınalar sarsıntısından fəna tozu bulmayacaq, bu gün insanın yaşamasına buxov olan bütün maneələr buya başqa qüvvə vasitəsilə aradan qalxacaqdır". Bununla yanaşı, Füzuli romantizmi özündə həyati reallıqları da ehtiva edir.

     Füzulinin romantik, lakin ideya-məzmununa görə həyati reallıqlardan ibarət olan sosial-siyasi ideyalarının başlıca daşıyıcısı olan Məcnun öz ideallarına görə yaşadığı cəmiyyətin gedişini qabaqlamışdır. Buna görə də, onun baxışları müasiri olduğu cəmiyyətin qayda-qanunları, köhnəlmiş və artıq çox geri qalmış adətləri ilə ziddiyyət təşkil edir.

     Füzuli azadlıq arzularını zəncirləyən hər bir təşəbbüsün əleyhinə çıxır. Orta əsrin ağır, sıxıcı həyatını, ...insan azadlığını zəncirləyən buxovlarını qırmaq iqtidarına malik olmayan Füzuli, azadlığı məhəbbət aləmində, könül aləmində tapır. Burada, bərabərlik aləmi adlandırdığı eşq fəzasında insanın xoşbəxt olacağını təsəvvür edir. "Hər könül özünə bir padşahdır, hər kəs öz daxili aləmində sultanlardan, şahlardan yüksəkdir" fikrilə yaşayan sənətkar, özünü Şərq aləmində eşqin ən sadiq və məşhur surətləri olan Məcnundan, Fərhaddan ...üstün tutur".

     Füzulinin müasiri olduğu dövr bərabərlik tanımırdı. Hökm etməklə realizə olunan feodal hüququ bərabərliyi şəxsiyyət üçün yasaq edirdi. Yalnız varı-sərvəti olanlar, məzlumların istismarı bahasına özü üçün saxta "feodal", "əsilzadə" titulu qazananlar hüquqca bərabər idilər. İnsanı müti vəziyyətə salan feodal-patriarxal cəmiyyətində bərabərliyin olmaması Füzuli kimi qüdrətli şəxsiyyətdə narahatlıq hissi doğurmaya bilməzdi. "Sakinəm bir yerdə kim, yox etibarım zərrəcə" deyən mütəfəkkir yaşadığı quruluşa münasibətdə nifrətini gizlədə bilmir. Bu nifrət təsadüflərdən deyil, real gerçəkliklərdən doğurdu. "İnsanın və onun mənəviyyatını bütün gözəlliklərdən yüksək tutub, onu yüksək qiymətləndirən sənətkar, ləyaqətsiz, insana yaraşmayan sifətlərə malik olanların da mövcud olduğunu görür, öz əsərlərində bunlara qarşı nifrət və kinini ifadə edirdi. Füzulinin yaşadığı cəmiyyətdə insan ləyaqətini alçaldan feodallar hökmranlıq edirdi". Füzulinin belə zəmanədən ədalət gözləməməsi təbii idi. Ədalət hissi hamıya deyil, mənəviyyatı təmiz olan xeyirxah və alicənab insanlara xas olan keyfiyyətdir. Füzulinin tənqid obyekti olan o dövrün padşahları, sultanları və müxtəlif rütbədən olan hakimləri bu keyfiyyətdən məhrum idi. Füzuliyə görə, "ədalət minətinin tərzini ol pak məndən sor".

     Müasiri olduğu cəmiyyətdə hüquq və əxlaqın əlaqəsindən danışan şair geniş imtiyazlara, dinimülki hüquqlara malik oaln feodaldini məhkəmə işçilərinin bu hüquqlardan sui-istifadə etməsini, əxlaqca pozğundüşkün olmalarını göstərir. Haqq şəriət hakimləri olan qazıları hökm taxtına sahib etmiş, onlara geniş hüquqlar vermişdir. Tamahkar və rüşvətxor qazılar isə hökm çıxararkən xəta işlədir, rüşvət aldıqlarından, çirkin işlər gördüklərindən şəriət qanunlarını kobudcasına pozurlar. Şair belələrini haqq və ədalət naminə düzgün hərəkət etməyə, çirkinalçaq işlərdən əl çəkib əxlaqca yüksək olmağa çağırır.

...Şair feodal hüdudlarını qoruyan və təmsil edən zadəgan-əyan təbəqəsinin əxlaqına gülür, kəskin satirik formada olan mükalimələrdən istifadə edərək onların öz dili ilə feodal hüquqları və əxlaqının ifşasını verir. Şair bu çirkin işlərə, bəd əməllərə, əxlaqi düşgünlüyə təəccüb etdikdə, məlum olur ki, bu, onların (yəni feodal əxlaqını təmsil edənlərin) başdan-ayağa adət etdikləri sifətlərdir.

     Zülm və zorakılıqla, istismarla, haqsızlıqla barışmaq, yaxud belə hallara laqeydlik, cəmiyyətin hökmran qüvvələrinə və ideologiyasına müti olmaq, qaniçənlərin qarşısında boyun əymək, yalana və riyakarlığa göz yummaq Füzulinin sosial-siyasi mövqeyinə tamamilə yaddır. O, yaşadığı zəmanənin əzab və iztirablarının canlı şahidi kimi nə müstəbidliyə, nə də qəddarlığın daşıyıcıları olan sultanlaraşahlara tabe olmamışdır. Başqa sözlə, humanist mütəfəkkir böyük haqsızlıqlarla qarşılaşsa da, möhkəm iradə dönməzliyi nümayiş etdirir, zalım hakimlərə məğlub olmur, zəmanəsinin hər cür cövr və cəfasına mərdliklə sinə gərirdi.

     İnsan təbiətini pozan fənalıqları tənqid edən Füzuli, eyni zamanda, paxıllığı pisləyirdi. İstedadlı, qabiliyyəti olmayanların yaradan hünər sahiblərini gözdən salmağa çalışmalarını naqislik hesab edirdi. İnsan boşboğazlıqla deyil, yaratmaqla, xeyirxah işlə öyünə bilər. O, paxıllığı, başqasının zəhmətini alçaltmağa çalışanları tənqid edirdi.

     Mütəfəkkirin ideyasına görə, paxıllıq insanın qəlb qaralığından, mənəvi yoxsulluğundan irəli gəlir. Yaradıcı insanda paxıllıq hissi olmur. Belə adam insan əli ilə yaradılan hər şeyə sevinir. Qurmağayaratmağa meyilli olan insanların qəlbində həmişə fərəh hissi olur. Ədalətsizlik, nanəciblik və digər rəzalətlər xeyirxah və mərhəmətli insanlara daim yad olmuşdur. Füzuliyə görə, insanın mənfi xarakterinə dəlalət edən paxıllıq istedadsızlıqdan və cahillikdən irəli gəlir. Xeyirxah təbiətli olmaq, hiylədən, məkrdən təmizlənmək insan üçün bir xoşbəxtlikdir. Hətta pisliyə qarşı yaxşılıq etmək, düşmənləri belə özünə dost etmək xoşbəxt xasiyyətdir.

     Həyat həqiqətlərinin cəsarətlə ifadə edilməsi Füzuli yaradıcılığının başlıca xüsusiyyətlərindəndir. Mütəfəkkiri narahat edən və hiddətləndirən mühüm məsələlərdən biri cəmiyyətdə hakimiyyətin nadancahil adamların əlində olmasıdır. O, "Rindü- Zahid" əsərində yazır: "...Məmləkətin işləri cahilin əlindədir, alimin tədbirlə öz güzəranını əldə etməsi ondan daha asandır. Əgər dünya işlərinin əsasları ağıllıların əlində olsa, onda cahil adamlar istedadın olmaması üzündən  onu çətinliklə qəbul edər".

     Füzulinin məntiqinə görə, dünya yaşamağı bacaranların evidir. "Həqiqət əhlinin dünyanı pis qələmə vermələri onun yaxşılığına işarədir. Onu məzəmmət edənlər dünyanın sevimli, istəkli olmasını söyləmək istəyirlər. Bil ki, dünya kamil Yaradanın asarının məzhəridir. Dünya ariflər üçün rəhbər, cahillər üçün yolkəsən bir səddir. Xoş o adamın halına ki, dünyanı əldə edə, ona bağlanmaya, dünyanı çətin əldə edib asan buraxa". Bununla yanaşı, mütəfəkkir yaşadığı dünyanın mənzərəsini başqa şəkildə də görür. Gerçəklik nə ariflərin, nə də cahillərin düşündükləri kimi deyil. Dünyanın gərdişi arifləri layiqincə qiymətləndirmir, əksinə, onların nüfuzuna xələl gətirir, cahilləri isə göylərə qaldırır, onlara mal-miknət, izzət və hörmət, hələ üstəlik, hakimiyyət də verir. Budurmu ədalət? Dünyanı, insanı və həyatı, zəhməti sevənlərin haqları ayaqlar altına atılmışdır. "Zülmə düçar olmuş insanın qanlı göz yaşı hər tərəfi bürümüş, ictimai həyat tamamilə ölgün xarakter almışdır. İnsanla onu əhatə edən gerçək ictimai həyat arasında ciddi ədavət və əkslik yaranmışdır".

     Görkəmli mütəfəkkirin sosial-siyasi görüşlərində orta əsrin feodal üsul-idarəsinə, zəmanənin qeyri-demokratik qanunlarına və bütövlükdə, feodal-patriarxal quruluşuna qarşı dərin müxalifətçilik mövqeyi ifadə olunur. O, mövcud quruluşun nöqsanlarını və ədalətsizliklərini sadə xalq kütlələrinə üz verən bədbəxtliklərin əsas mənbəyi kimi qiymətləndirir. Füzuli öz tərəqqipərvər və ardıcıl mövqeyi ilə həmişə xalqın tərəfində olan, onun köklü mənafelərinin müdafiəsinə çalışan mütəfəkkir - vətəndaş olmuşdur.

     Qeyd etmək lazımdır ki, orta əsrlərdə feodal idarəetmə üsul və metodlarının törətdiyi sosial bəlalar dövlət məmurlarının azğınlığı, tamahkarlığı, müftəxorluğu və rüşvətxorluğundan irəli gəlmişdir. Ən dəhşətli hallardan biri isə dövlət işlərinə məsul olan məmurların və digər vəzifə sahiblərinin törətdiyi əməllərin cəzasız qalması idi. Məsələ burasındadır ki, feodal dövlət və hökumət siyasətinin gedişini, istiqamətlərini də bacarıqsız və idarəetmə işində qabiliyyəti, biliyi, təcrübəsi olmayan məmurlar müəyyən edirdilər. Bütün bunların nəticəsi idi ki, insan haqlarının pozulması, ədalət şərtlərinə əməl edilməməsi, şərəf və ləyaqətin təhqir olunması və s. feodal üsul-idarəsi üçün səciyyəvi olmuşdur.

     Ötən yüzilliklərdə olduğu kimi, XVI yüzillikdə də dövləti idarəetmə sahəsində təzahür edən qüsurnöqsanlar demokratik dünyagörüşlü ziyalıların, o cümlədən Füzuli kimi dahi humanistin diqqətindən yayınmamışdır. Füzuli, ümumiyyətlə feodal dövlət hakimiyyətinin mahiyyətini düzgün dərk etmiş, bu hakimiyyətin apardığı siyasətlə barışmamışdır. Bu barışmazlıq onun "Şikayətnamə" əsərində öz parlaq ifadəsini tapmışdır. F.Qasımzadə haqlı olaraq yazır ki, "Şikayətnamə"ni, Füzulinin ictimai-siyasi görüşlərini müəyyən etməkdə ən vacib və dəyərli mənbə saymaq olar. Burada onun ictimai-siyasi görüşləri ən yüksək inkişaf nöqtəsinə çatmışdır. Bu əsərlə demək olar ki, Füzulinin mütərəqqi ictimai-siyasi görüşlərinin təkamülü tamamlanır. Mütəfəkkir burada dövrünə olan mənfi münasibətini, hakim dairələrə olan nifrətini  açıq-aydın  söyləmişdir.

     "Şikayətnamə" orta əsrlər dövründə feodal dövlət aparatının, dövlətin idarəetmə sisteminin, dövlət məmurlarının, həmçinin feodal dövlət hakimiyyətinin səciyyələndirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edən sosial-siyasi məzmunlu əsərlərdən biridir. Bu əsər şikayətdən, kəskin etiraz və hiddətdən daha çox şahlarasultanlara, feodal dövlət idarələrinin məmurlarına, onların əməllərinə qarşı kəsərli ittihamnamədir. Çünki Füzuli orta əsr feodal hakimiyyət dairələrinin işinə, həqiqi mənada, ibrətamiz siyasi-hüquqi qiymət vermişdir. Bu, o dövrdə ədalətsizliyin ayaq tutub yeridiyi şəraiti bütün çılpaqlığı ilə xarakterizə edən sosial-siyasi mahiyyətli sənət nümunəsi, siyasi-ədəbi abidədir.

     "Şikayətnamə" zəmanəsinin sosial-siyasi proseslərini nəzərindən qaçırmayan, gördüklərini düzgün qiymətləndirməyi bacaran və məntiqi nəticə çıxaran böyük mütəfəkkirin sosial-siyasi görüşlərinin zirvəsidir. O, kiçik həcmli əsərdə bütöv bir quruluşun, sistemin parlaq mənzərəsini yaratmaqla yanaşı, riyakarlara və rüşvətxorlara, süründürməçilərə və bürokratlara, tamahkarlara və müftəxorlara, nankornadanlara, nəhayət, haqqı və ədaləti unudub rəzilliklərə rəvac verən vəzifə sahiblərinə və mənsəbpərəstlərə əsl ibrət dərsi vermiş, onları yol verdikləri əməllərə görə cəsarətlə təqsirləndirmişdir. Füzuli dövlətin vəzifəli şəxslərinin əxlaqsızlığını çox sadə bir dillə, bəzəksiz-düzəksiz belə təsvir edir: "Salam verdim - rüşvət deyildir deyə almadılar. Hökm göstərdim - faidəsizdir deyə mültəfit olmadılar... Dedim: "Mənə bərati-təqaüd vermişlər..." Dedilər: "Ey miskin! Sənin məzamilinə girmişlər və sərmaeyi-tərəddüd vermişlər ki, müdam faidəsiz cidal edəsən və namübarək üzlər görüb, namülayim sözlər eşidəsən".

    

     Vahid ÖMƏROV,

     fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 2 iyul.- S.15.