"Sədi Şirazi dünyası" mövzusunda beynəlxalq elmi konfrans keçirildi

İyunun 1-də AMEA-nın Mərkəzi-Elmi  Kitabxanasında "Sədi  Şirazi  dünyası"  mövzusunda  beynəlxalq  elmi  konfrans  keçirildi. Əvvəlcə kitabxananın foyesində böyük fars şairi və mütəfəkkiri Sədi Şirazinin həyat və yaradıcılığına həsr olunan sərgi nümayiş etdirildi.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrdən söz açdı. O, bu cür tədbirlərin keçirilməsinin ölkələr arasında əlaqələrin genişləndirilməsinə, islam dünyasında həmrəyliyin daha da gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.

Böyük fars şairi və mütəfəkkiri Sədi Şirazinin yaradıcılığı barədə ətraflı məlumat verən akademik İ.Həbibbəyli bildirdi ki, Sədini bütün dünyada məşhur edən, əsas etibarilə 1257 və 1258-ci illərdə yazdığı iki, çox da böyük olmayan "Bustan" və "Gülüstan" kitablarıdır:"Bu əsərlər indidünya ədəbiyyatı xəzinəsinin incilərindən sayılır. "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. "Gülüstan" əsəri isə epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli sözlərdən, məsləhətlərdən və qısa şeirlərdən ibarətdir".

AMEA-nın vitse-prezidenti qeyd etdi ki, şair insanlar arasında dostluq, sülhbirlik ideyalarını, xeyirxahlıq, səxavət, sadəlik, təvazökarlıq, ədəb və nəzakət kimi nəcib insani keyfiyyətləri tərənnüm etmişdir.

Tədbirdə İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin bildirdi ki, orta əsrlər fars ədəbiyyatının, qəzəl janrının ən görkəmli nümayəndələrindən olan Sədi Şirazinin əsərləri dünya ədəbiyyatında həm keyfiyyəti, həm də daşıdığı dərin ictimai-sosial əhəmiyyətinə görə yüksək dəyərləndirilir.

Bakıdakı İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimli İran mədəniyyətinə böyük təsir göstərmiş, dünya ədəbiyyatında və fəlsəfi fikrində özünəməxsus yer tutmuş şair və mütəfəkkirin yaradıcılığının müxtəlif cəhətlərindən söhbət açdı.

Konfransda Azərbaycan və İran alimlərinin "Sədi Şirazi yaradıcılığının Azərbaycan ədəbiyyatında izləri", "Sədi Şirazi yaradıcılığının bəzi məqamları", "Sədi Şirazi yaradıcılığında qəsidə janrı" və digər mövzularda məruzələri dinlənildi, müzakirələr aparıldı.

   

ZÜMRÜD

Səs.- 2016.- 2 iyun.- S.13