Multikulturalizm gənclərin gözü ilə”

Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə “Multikulturalizm gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı və fəal gənclər iştirak edib.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev tolerantlıq ənənələrinin Azərbaycan xalqının mənəviyyat və sülhsevərliyindən qaynaqlandığından, tolerantlığın dövlət siyasətinin əsas tərkib hissəsini təşkil etdiyindən danışıb. O, bildirib ki, Azərbaycanda tolerantlıq ənənələrinin əsası Ulu Öndər Heydər  Əliyev tərəfindən qoyulub və həmin ənənələr bu gün Prezident cənab İlham Əliyev tərəfindən çox uğurla inkişaf etdirilir.

YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Nərminə Yunusova, YAP Nərimanov rayon təşkilatının fəal gənci Tamerlan Əkbərov diqqətə çatdırıblar ki, tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirənmədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon GənclərBirliyinin sədri Yusif Babanlı bildiriblər ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək diqqətə çatdırıb ki, Gənclər Birliyi də hər zaman milli- mənəvi dəyərlərin təbliğində öz töhfəsini verməyə çalışır. Müxtəlif bölgələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gənclərlə görüşlər keçirilir, müxtəlif müzakirələr aparılır.

Vurğulanıb ki, Azərbaycanda gənclər cəmiyyətin fəal üzvüdürlər və onlar ictimai proseslərdə fəal iştirak edir, tolerantlıq ruhunda böyüyürlər. Təkcə ölkəmizdə deyil, həmçinin bir sıra beynəlxalq tədbirlərdə də gənclərimiz uğurla təmsil olunaraq tolerantlıq vəmultikultural dəyərlərin təbliğ edilməsində böyük rola malikdirlər.

“SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev ölkəmizdə multikulturalizm siyasətinin həyata keçirilməsində görülən işlərdən söz açıb, bunun Azərbaycan dövlətinin strateji xəttində xüsusi əhəmiyyət daşıdığını bildirib. Bəhruz Quliyev xalqımızın mültikultural ənənələrə dəyər verdiyini deyib. Qeyd edib ki, xalqımız əsrlərdir müxtəlif etnik qrupların nümayəndələri ilə qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayır. Ölkəmizdə tolerantlıq mühitinin güclənməsi istiqamətində ciddi addımlar atılır. Baş redaktor əlavə edib ki, Azərbaycandamultikultural sərvətin və ənənələrin qorunmasına və nəsildən-nəslə ötürülməsinə xüsusi diqqət yetirilir. Dünyada yaşanan multikutural böhran fonunda Azərbaycanın öz tolerant dəyərləri ilə fəxr etməyə haqqı var.

İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ölkəmizin multikultural dəyərlərə verdiyi qiymət göz qabağındadır: “Dünyanın əsas probleminə çevrilən bu dəyərlər dünya ictimaiyyətini narahat etməyə başlayıb. Avropada bu dəyərlər ayaq altına atılır.Lakin Azərbaycanda multikulturalizm ölkə siyasətinin ana xəttini təşkil edir. Multikulturalizm Azərbaycan xalqının yaşam tərzidir”.

Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxış edərək söyləyib ki, multikulturalizm Azərbaycan cəmiyyətinin sosial-mədəni münasibətlər sisteminin daxili təbii tələbatının əsas komponentlərindən birini təşkil edir: “Ümumi ifadə ilə desək,bu, bir növ həyat tərzidir. Multikulturalizm Azərbaycanda çox qədim tarixə malikdir. Multikulturalizmi və tolerantlığı bu gün aktual edən məhz qlobal məkanda baş verən ziddiyyətli hadisələrdir. Mahiyyət etibarilə multikulturalizm fərqliliklərin bir arada mövcud olması, cəmiyyətdə birgəyaşayışı diktə etməsi və zənginliklərin vəhdəti deməkdir”. Tədbirin sonunda YAP-a yeni üzv olan bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.

Səs .- 2016.- 8 iyun.- S.4