"Heydər Əliyev və Azərbaycan: möhtəşəm inkişaf erasına doğru"

 

 

Nizami rayonunda bu mövzuda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

 

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Nizami rayonunda keçirilən silsilə tədbirlərə yekun vurulub. Bu baxımdan, mayın 5-də "Heydər Əliyev və Azərbaycan: möhtəşəm inkişaf erasına doğru" mövzusunda ümumrayon tədbiri keçirilib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş rəsm sərgisilə tanış olublar.

Dövlət himninin səslənməsindən sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və şəhid olmuş igid əsgərlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov deyib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir: "Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində, məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Ulu Öndərin siyasi arenada rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək, müstəqil düşüncəyə yol açdı. Onun həyat və fəaliyyəti tarix üçün bir nümunədir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı miras qoyub getdi, dövlətimizi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdı".

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışıb. Bildirib ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.

Çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, respublikanın parçalanması təhlükəsi aradan qalxdı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıldı, məqsədyönlü siyasət nəticəsində, Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu. Həmçinin, başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiya formalaşmağa başladı.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov, 62 saylı liseyin direktoru Mətanət Cabbarlı və başqaları qeyd ediblər ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilmiş futbol, voleybol, həndbol, breyn-ring, cüdo, karate, üzgüçülük, basketbol, bədii gimnastika, şahmatşeir yarışları üzrə qaliblərin mükafatlandırılması mərasimi olub. Birinci yerin qaliblərinə kuboklar, medallardiplomlar təqdim edilib. Eyni zamanda, Nizami rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı, "İki sahil" qəzetinin dəstəyi ilə "Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir" mövzusunda rəsm və inşa müsabiqələrinin qalibləri də mükafatlandırılıb.

Daha sonra bir qrup gənc YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərman və keçirilmiş idman yarışlarında aktiv dəstəyinə görə rayon gənclər və idman idarəsinin diplomları ilə təltif ediliblər. Eyni zamanda, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir müstəqil Azərbaycanın banisiqurucusu Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliğ edilməsində, gənclərin Heydər Əliyev ideyaları ruhunda maarifləndirilməsində və onlarda fəal vətəndaşlıq mövqeyinin formalaşdırılmasında xüsusi xidmətlərinə görə sertifikat təqdim edilib.

Tədbirin sonunda 62 saylı liseyin kollektivinin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdim edilib, "DAHİ" adlı flaşmob keçirilib.

 

RƏFİQƏ HÜSEYNOVA

Səs.- 2016.- 6 may.- S.11