Xoca Əhməd Yasəviyə həsr olunmuş Beynəlxalq Elm Konfransı

Dünən Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə XI əsrin məşhur mütəfəkkir-şairi Xoca Əhməd Yasəviyə həsr olunmuş Beynəlxalq Elmi Konfranskitab sərgisinin açılışı mərasimi keçirdi.

Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider, müasir Azərbaycan dövlətinin Qurucusu Heydər Əliyevin və oftalmolq-alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək, abidələri önünə əklillər qoyub, Şəhidlər Xiyabanında olublar.

Milli Kitabxana ilə yaxından tanış olan qonaqlar kitabxanada gedən yeni avtomatlaşdırılmış proseslərlə maraqlanıb, yeni layihəsi olan "Açıq kitabxana" ilə tanış olub, "Xatirə kitabı"na öz ürək sözlərini yazıblar.

Beynəlxalq Elmi Konfransı giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov qonaqları salamlayaraq, TÜRKSOY-la birgə keçirilən tədbirlərin əhəmiyyətindən söz açıb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Xoca Əhməd Yasəvi yaradıcılığına qısa nəzər salıb.

TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş tədbirə ev sahibliyi etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya Baş katib adından təşəkkürünü bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, Əhməd Yasəvi Universitetinin İdarə Heyətinin sədri Musa Yıldız, millət vəkili Qənirə Paşayeva, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman çıxış edərək, türk dünyasının böyük mütəfəkkirinin yaradıcılığından söz açıblar.

ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov "Türk dünyasının görkəmli ədibi Xoca Əhməd Yasəvi", Ankara Universitetinin professoru Zülfikar Güngör "Xoca Əhməd Yasəvi hikmətlərində sosial məzmunlu ismarıclar", Makedoniya Elmlər Akademiyasının professoru Numan Aruc "Türk-islam düşüncəsinin simvol ismi Əhməd Yasəvinin mistik fəlsəfəsi", Qazaxıstanın TÜRKSOY-dakı təmsilçisi Askar Turganbay "Aristan Bap haqqındakı qazax hekayələri" mövzuları üzrə məruzə ediblər.

TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş TÜRKSOY adından məruzəçilərə sertifikatlar təqdim edilib.

Xoca Əhməd Yasəviyə həsr olunmuş kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 ZÜMRÜD

Səs.- 2016.- 1 noyabr.- S.12