Şəkidə Beynəlxalq Elmi Konfrans keçirilib

Dünən Şəki şəhərində "Şəki Palace" otelində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Şəki şəhər icra hakimiyyəti və Azərbaycan Milli Kitabxanası birgə türk dünyasının böyük şairi, alim və mütəfəkkiri Yusif Xas Hacib Balasaqunluya həsr olunmuş Beynəlxalq Elmi Konfrans, Kitab Sərgisi və professor Ramiz Əsgərin "Qutadqu-bilik. Biblioqrafiya" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə mütəxəssis və alimlər kitab haqqında öz fikirlərini bildirmişlər.

Beynəlxalq Elmi Konfransı açıq elan edən kitabxananın direktoru professor Kərim Tahirov qonaqları salamlayaraq, sözü Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubova verib. O, konfransın işinə uğurlar arzulayıb.

TÜRKSOY-un Baş katibinin müavini, professor Fırat Purtaş tədbirə ev sahibliyi etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Şəki şəhər icra hakimiyyətinə Baş katibin adından təşəkkürünü bildirib.

Əhməd Yasəvi Universitetinin İdarə Heyətinin sədri, professor, doktor Musa Yıldız, ADPU-nun Şəki filialının müəllimi Vaqif Aslan çıxış edərək, böyük türk şairi Yusif Xas Hacib Balasaqunlu yaradıcılığından söz açıblar.

BDU-nun Türkologiya Kafedrasının müdiri professor Ramiz Əsgər "Ortaq türk ədəbiyyatının görkəmli nümayəndəsi Yusif Xas Hacib Balasaqunlu" adlı əsas məruzə ilə çıxış edib. Ankara Universitetinin professoru, doktor Zülfikar Güngör "İslamiyyətin Türk ədəbiyyatına təsiri: "Qutadqu-bilik"nümunəsi", Makedoniya Elmlər Akademiyasının professor Numan Aruc "Türk-islam düşüncəsinin simvol şəxsiyyətlərini yetişdirən münbit dünya türk dünyası", Qazaxıstanın TÜRKSOY-dakı təmsilçisi, doç.dr. Askar Turganbay "Qutadqu-bilik" və qazax folkloru", ADPU-nun professoru Elman Quliyev "Y.Balasaqunlunun "Qutadqu-bilik" əsəri türk bədii təfəkkürünün möhtəşəm abidəsi kimi" mövzuları üzrə məruzə etmişlər.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

ZÜMRÜD

Səs.- 2016.- 3 noyabr.- S.10