KİTABLARLA BAĞLI ŞƏRƏFLİ ALİM ÖMRÜ

Bu günlərdə görkəmli alim, peşəkar təşkilatçı, pedaqoq, Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi, professor Kərim Tahirov həyatının yeni yaşına qədəm qoyur. Milli Kitabxanada çalışdığım 10 il ərzində Kərim müəllimi təcrübəli müəllim, qayğıkeş insan, gənc kadrlara hər zaman dəstək olan bacarıqlı rəhbər kimi tanımışam.

Dəyərli alim Tahirov Kərim Məhəmməd oğlu 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1979-cu ildə təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilmiş, 1979-1982-ci illərdə Elmi-metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır. 1983-1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana Müfəttişliyinin böyük müfəttişi, 1987-1988-ci illərdə rəisi, 1988-1989-cu illərdə Mədəni-maarif Müəssisələri İdarəsinin, 1989-1993-cü illərdə Mədəni-kütləvi işlər, KitabxanaMuzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993-2000-ci illərdə KitabxanaMuzey işləri baş idarəsinin rəisi vəzifəsində işləmişdir. 2000-2005-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində, 2005-ci ildən isə Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.

Zəhmətkeş alim həyatının 30 ildən artıq dövrünü Azərbaycan mədəniyyətinin, kitabxana işinin və Azərbaycan kitabxanalarının inkişafına, çiçəklənməsinə həsr edərək, təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış alim, görkəmli kitabxanaşünas kimi şöhrət qazanmışdır. Əsas tədqiqat sahəsi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı olan alim ilk dəfə olaraq Azərbaycan Milli Kitabxanasının yarandığı gündən etibarən keçdiyi tarixi inkişaf yolunu əsaslı şəkildə araşdırmış, yeni tarixi faktlar, mühüm elmi nəticələr əldə etmiş və 2009-cu ildə "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. Qeyd edək ki, K.Tahirovun tarixi araşdırmaları Milli Kitabxananın yeni inkişaf strategiyasının formalaşmasında mühüm rol oynamışdır.

Professor K.Tahirov pedaqoji fəaliyyətlə də məşğul olur. O, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində müəllimlik edir, yüksək ixtisaslı kadrların yetişdirilməsinə əvəzsiz xidmətlər göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru olmuşdur.

Hörmətli professor dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslardaelmi simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur.

K.Tahirov kitablarla bağlı şərəfli bir ömür yaşamış alimdir. "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)" adlı monoqrafiyanın, "Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası" adlı dərs vəsaitinin, 50-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuş, 200-dən artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə onlarla yeni kitabın təqdimat mərasimi keçirilmişdir. 2015-ci ildə işıq üzü görmüş, fundamental nəşr hesab edilən Azərbaycanda ilk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmişonun baş redaktoru olmuşdur. "Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri"nin, "Əlamətdar və tarixi günlər təqvimi"nin, "Azərbaycan kitabı" on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur. BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrlarının elmi rəhbəri və rəsmi oponenti olmuşdur.

Azərbaycan Milli Kitabxanasına direktor təyin olunduğu müddətdən etibarən Milli Kitabxananın bütün fəaliyyət istiqamətlərində, o cümlədən, beynəlxalq əməkdaşlıq sahəsində nəzərəçarpacaq irəliləyişlər baş vermişdir. Bunun bariz nümunəsi kimi bu gün Milli Kitabxana Assosiasiyalarının Beynəlxalq Təşkilatı (İFLA), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Dünya elektron kitabxanasının (WDL), Türkdilli Ölkələrin Milli Kitabxanaları Konfransının, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının, 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvüdür, 60-dan çox ölkə ilə qarşılıqlı əməkdaşlıq və beynəlxalq kitab mübadiləsini həyata keçirir. 2015-ci ildən professor K.Tahirov BAE-nin vitse-prezidentidir. Qısa zaman kəsiyində beynəlxalq səviyyədə işlər görmək, Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərini, ədəbi irsini, tarixini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, Azərbaycan kitabını təbliğ etmək yalnız yüksək peşəkarlıq, düzgün təşkilatçılıq, idarəçilik qabiliyyəti, böyük təcrübə və zəhmət sayəsində mümkündür.

Professor Kərim Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın ictimai həyatında fəal iştirak etmiş, oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuş, kitabxananın nəşriyyat fəaliyyəti təkmilləşdirilmiş, müxtəlif mövzulara dair 50-dən artıq fundamental biblioqrafiyalar tərtib edilərək çap olunmuş, cari biblioqrafiyainformasiya göstəricilərinin, "Elmi əsərlər"in nəşri bərpa edilmiş, kitabxananın elektron kataloqu, elektron kitabxanası formalaşdırılmış, Elmi Şurası yaradılmışdır.

Kərim Tahirov 2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının sədri, 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Ekspert Komissiyasının sədri, 2013-cü ildən isə Milli Kitabxananın Elmi Şurasının sədridir.

Azərbaycan mədəniyyətinin inkişafı sahəsindəki səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülmüş, 2013-cü ildə "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, Milli Kitabxananın fəaliyyətinin səmərəli təşkilinə və inkişafına, yeni texnologiyalarla təkmilləşdirilməsinə görə fəxri fərman və diplomlar almışdır. TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibəti ilə medalla, 2014-cü ildə "QIZIL FORTUNA" Beynəlxalq Reytinqli TexnologiyalarSosiologiya Akademiyasının medalı ilə təltif edilmişdir.

2016-cı il noyabr ayının 8- də mədəniyyətimizin inkişafında xidmətdə fərqləndiyinə görə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova 65 illik yubileyi münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı təqdim olunmuşdur.

Hörmətli Kərim müəllim, Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları, bütün işlərinizdə müvəffəqiyyətlər diləyirəm. Azərbaycan elminin və mədəniyyətinin inkişafına yeni töhfələrinizi gözləyirik!

 

Abdullayeva Adilə, AMEA-nın M.Füzuli adına Əlyazmalarİnstitutunun doktorantı

Səs.- 2016.- 12 noyabr.- S.12