Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası özbək dilində nümayiş etdirilib

 

Daşkənddəki "Diydor teatr studiyası" tərəfindən Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası nümayiş etdirilib.

Özbəkistanın və Orta Asiyanın ən böyük Kitab Satışı və İnformasiya Mərkəzi olan "Kitab Aləmi" Cəmiyyətində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası nümayiş etdirilib.

Tədbirin açılışında çıxış edən "Kitab aləmi" kitab satışı və informasiya Mərkəzinin direktoru Şuxratcon Axundcanov Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqisinə, ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu qeyd edib, məhz bu səbəbdən həyata keçirdikləri layihəyə ilk dəfə olaraq Azərbaycan əsəri ilə başladıqlarını qeyd edib. O, tədbirdə özbək dilində səhnəyə qoyulan "Arşın mal alan" operettasından müxtəlif səhnələrin nümayiş olunacağını bildirdi və gələcəkdə də Azərbaycan və özbək mədəniyyətinin təbliğinə dair Daşkənddəki Ulu Öndər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələr həyata keçirəcəklərini söyləyib. Daha sonra gənc və istedadlı sənətçilərin iştirakı ilə "Arşın mal alan" operettasından müxtəlif səhnələr nümayiş etdirilib.

Operettada duet və mahnılar, xor nömrələri ifa olunub, Əskərin və Gülçöhrənin ariyaları, "Gülçöhrə və Asya", "Soltan bəy", "Əskər və Süleyman"  duetləri ifa olunubdur. Bir çox çıxışlar tamaşaçıların alqışları ilə qarşılanıb.

Azərbaycanın "Arşın mal alan" filmi Özbəkistan Dövlət Televiziyası tərəfindən özbək dilinə dubliyaj olunaraq televiziya kanallarında tez-tez nümayiş olunur.

Tədbirdən sonra Azərbaycan səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistanın "Kitab Aləmi" Cəmiyyətinin direktoru Şuxratcon Axundcanov arasında görüş keçirilib. Görüşdə tərəflər arasında birgə əməkdaşlığa dair Memorandumun imzalanması, tədbirlərin keçirilməsi, hər iki ölkənin nəşriyyatları, kitab satışı mərkəzləri arasında əlaqələrin yaradılması, "Kitab Aləmi" Mərkəzində azərbaycanlı müəlliflərin kitablarının təqdimatının, onlarla görüşlərin və imza günlərinin keçirilməsi razılaşdırılmışdır.

 

ZÜMRÜD

Səs.- 2016.- 12 oktyabr.- S.13