Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Maqsud İbrahimbəyova "Şərəf" ordeni təqdim edilib

Yanvar ayının 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, təltif edilən xalq yazıçısı, kinodramaturqrejissor Maqsud İbrahimbəyova "Şərəf" ordeni təqdim edib. Tədbir mərasimi Maqsud İbrahimbəyovun yaşadığı evdə keçirilib.

Azərbaycan teatrkino sənətinin inkişafında böyük xidmətlərinə görə, 7 may 2015-ci il tarixində Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov "Şərəf" ordeni ilə təltif edilib.

Nazir Əbülfəs Qarayev Maqsud İbrahmbəyovun Azərbaycan teatrkino sənətinin inkişafına böyük töhfələr verdiyini qeyd etmişdir. O, M.İbrahimbəyovun əsərləri əsasında çoxsaylı tamaşaların səhnəyə qoyulduğunu bildirmişdir. Həmçinin, yazıçının əsərlərinin xarici dillərə tərcümə olunduğu diqqətə çatdırılmışdır.

Maqsud İbrahimbəyov yaradıcılığına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Məlumat üçün bildiririk ki, xalq yazıçısı Maqsud İbrahimbəyov 1935-ci il may ayının 11- də Bakıda anadan olmuşdur. O, 1976-cı ildə Azərbaycan Dövlət Mükafatı laureatı, 1979-cu ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1988-ci ildə Azərbaycan xalq yazıçısı, 1995-ci ildə "Şöhrət" və 2005-ci ildə "İstiqlal" ordenləri ilə təltif olunmuşdur.

Dünyanın və Azərbaycanın müxtəlif jurnallarında romanları, povestləri və hekayələri dərc olunmuşdur. O cümlədən: "Azərbaycan", "Drujba narodov", "Novıy mir", "Yunost", "Roman- qazeta", "Literaturnıy Azerbaydjan" və başqaların da. Bu əsərlər sırasında: "Bütün yaxşılıqlara görə ölüm", "Truskavetsə kim gedəcək", "Ondan yaxşı qardaş yox idi", "Qoy o, bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu", "Axırı yaxşı qurtaran əhvalat" və başqalarını qeyd etmək olar. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunmuşdur.

M.İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7 sənədli film çəkilmişdir. Onlardan "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi", "Yarımçıq qalmış serenada", "Truskavetsə kim gedəcək?", "Gözəl bir gündə" ("V odin prekrasnıy den"), "Sonunucu intervü", "Bayquş gəldi", "Qızıl reys", "Axırı yaxşı qurtaran əhvalat", "Bakı müharibə illərində" filmləri ölkə kinematoqrafiyasının qızıl fonduna daxil olub.

ZÜMRÜD

Səs.- 2016.- 23 yanvar.- S.12