Şəki şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir məkandır

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında Sərəncam imzalayıb

 

Azərbaycanın tarixi, mədəniyyəti, maddi-mədəniyyət abidələrinin qorunub saxlanılması, onların araşdırılması, tədqiqi ilə bağlı görülən işlər daş abidələrdən soraqlar verir. Ölkənin hər daşında, hər qarışında Azərbaycanın canlı tarixi yaşanılır. Azərbaycanın ən qədim torpaqlarından olan və ölkəmizin tarixi, mədəniyyətindən çox gizli məqamları özündə saxlayan, mədəniyyət mərkəzlərindən biri olan Şəki şəhəri də orta əsr şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir məkandır.Şəkiyə səfəri çərçivəsində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident Cənab İlham Əliyev demişdir:"Şəkinin Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm ki, dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir". Həqiqətən də, Böyük İpək Yolunun üzərində yerləşən, mühüm sənət və ticarət mərkəzi olan Şəki şəhərini əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşdıqca iki böyük uçuruma - ÇaqqaldarOttal uçurumlarına rast gələrsən. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür.

Şəkinin sahib olduğu təbii gözəllik şəhərdə tikilmiş bütün tarixi abidələrdə öz əksini tapmışdır. Bütün bunlar Şəki arxitekturasının özəllikləridir. Memarlıq abidələrindən Şəki Xan Sarayı, Şəkixanovların Evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Dairəvi məbəd (XVII-XIX), Zəyzit məbədi (XI-XII), Kiş alban məbədi, Şəki Karvan sarayı mühafizə olunur və Şəkiyə səfər edən qonaqlar bu abidələri ziyarət edirlər.

Şəkini digər şəhərlərdən ayıran bir digər xüsusiyyət isə onun nisbətən daha təmiz olmasıdır. Buna biz 19-cu əsrdə öz xatirələrində Şəkini təsvir edən A.P.Ziissermanın yazılarında rast gələ bilərik. Onun yazdığına görə, gözəl təbii mənzərəyə sahib olan Şəki kiçik dağ çayının mənsəbində yerləşmiş, yaşıllıqların içinə qərq olmuş evlər, qoz, fındıq, tut ağaclarıyla dolu bağlardan ibarət idi. Şəkinin küçələri həmişə təmiz saxlanılır və hətta bunun üçün xüsusi adamlar da ayrılmışdı. Ümumilikdə isə, Şəki sahib olduğu cazibədar təbii mənzərəsi, təmizliyi, sərin havası, axşamları gələn bülbül oxuması səsləriylə insan üzərində təsviredilməz təsir buraxır.

Azərbaycanın çoxəsrlik zəngin keçmişə malik şəhərlərindən Şəkinin qədim hissəsini əhatə edən "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu da şəhərin tarixini özündə yaşadır. Bu ərazidə hazırda çox sayda məscid və minarələr, karvansara və sənətkarlıq emalatxanaları, muzeylər və tarixi əhəmiyyətli digər tikililər vardır. Onlarla sənətkarlıq sahəsinin toplu halında mövcud olduğu şəhərdə tarixi-mədəni irs bu gün layiqincə yaşadılır. Sosial-iqtisadi irəliləyişin geniş vüsət alması regionun turizm potensialını daha da artırmış, eyni zamanda yeni üslublu tikililərin şəhərin simasını dəyişməsi və onun özünəməxsus memarlığını korlaması səbəbindən, qoruq ərazisində aparılan işlərə xüsusi həssaslıqla yanaşılması zərurəti meydana çıxmışdır.

Bu gün ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, zəngin ənənələrinin təbliğ olunmasına daim böyük diqqət göstərilməsinin nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Şəki şəhər icra hakimiyyəti ilə birlikdə "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə və üslubuna xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis-kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması nəzərdə tutulur. Sərəncamda tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmir olunması da göstərilir. Məlum Sərəncamdan irəli gələn məsələlərin icrası ilə bağlı təkliflərin iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu üçün inzibati binanın ayrılmasına və ya həmin binanın tikintisi üçün tələb olunan maliyyə vəsaitinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəki şəhər icra hakimiyyəti ilə birlikdə Şəki şəhərinin təbii landşaftının qorunması və yaşıllaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Şəki şəhərinin tarixi hissəsinin inkişafı və qorunub saxlanılması ilə bağlı tədbirlər planını üç ay müddətində təsdiq etmək, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun xəritəsini bir ay müddətində təsdiq etmək, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğuna milli qoruq statusunun verilməsini təmin etmək, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun maliyyələşməsinin dövlət büdcəsinin yerli xərclərindən dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə mərkəzləşdirilmiş xərclərə keçməsini təmin etmək, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

         

Z. Bayramova  

Səs.- 2016.- 23 yanvar.- S. 12