Milli Azərbaycan Tarixi Muzeyində beynəlxalq layihə yenidən öz işinə başladı

Bu günlərdə Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda "1951-1964-cü illərdə I Kültəpədə aparılmış qazıntılardan əldə edilmiş arxeoloji materialların yenidən işlənməsi və nəşri" adlı beynəlxalq layihə çərçivəsində tədqiqatlara başlayıb. Cari ildə aparılan işlər əvvəlki illərdəki tədqiqatların davamı olub, layihənin son mərhələsini təşkil edir.

Muzeydən "Olaylar" - a verilən məlumata görə tədqiqatların fevralın 12-də yekunlaşdırılması nəzərdə tutulub. Layihəyə arxeoloqlar, AMEA-nın Naxçıvan bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyev və Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşı, fəlsəfə doktoru Remi Berthon (paleontoloq) rəhbərlik edirlər. Layihə iştirakçıları Naxçıvan Dövlət Universitetininəllimi Fizzə Quliyeva (rəssam), Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşları, dosent-doktor Katerina Marro (arxeoloq), fəlsəfə doktoru Nikolas Qailhard (arxeoloq) və fəlsəfə doktoru Marie Orangedir (arxeo-kimyaçı).

Tədqiqat işləri əsasən Arxeologiya fondunda mühafizə olunan I Kültəpə tapıntılarının ölçülərinin götürülməsindən, qrafik və foto təsvirlərinin çəkilməsindən, metal və obsidian alətlərin analizlərinin aparılmasından, eləcə də onlara aid məlumatların dəqiqləşdirilməsindən ibarətdir. Sonda əldə olunacaq məlumatlar ümumiləşdirilərək nəşr olunacaq.

Səs.- 2017.- 2 fevral.- S.11