İslam həmrəyliyi, təkcə müsəlman dünyası deyil, bütün dünya üçün, dinlərarası dialoq və münasibətlərin yuksəlişi üçün gözəl imkan kimi dəyərləndirilməlidir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə

- 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilib. Bunun əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Bismillahir-rəhmanir-rəhim!

İlk növbədə onu qeyd edim ki, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən 2017-ci ilin  ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunması olduqca əhəmiyyətli və zamanın tələblərinə cavab verən mühüm, qlobal çağırışdır. Bu qərarın tarixi əhəmiyyətini şərtləndirən məqam ondan ibarətdir ki, bu gün dünyada ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni və siyasi qarşıdurmalar, islamofobiya, ksenofobiya  halları, terrorizm, separatçılıq, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələr yaşandığı bir dövrdə mədəniyyətlərarası dialoqa, dövlət xadimlərinin və aparıcı dünya dinlərinin həmrəylik və sülh çağırışlarına ciddi zərurət duyulur.

Belə bir dövrdə bu ilin elan olunması faktının özü - İlham Əliyev həzrətlərinə xas müdriklik, yüksək alicənablıq və böyük uzaqgörənliyin nümunəsidir. Zati-alilərinin zamana etdiyi mükəmməl çağırış – bütün insanları İslamın mahiyyətindəki sülh, bərabərlik və mənəvi dəyərlərlə həmrəyliyə dəvət etməkdir! Bu dəvətin məqsədi islami həmrəyliyi lokal çərçivədə deyil, ümumbəşəri problemlər müstəvisində geniş müzakirəyə çıxarmaqdır. Dünyamızı sarsıdan problemlərin əksəriyyətinin mənəvi səciyyə daşıdığı bir dövrdə insanlar arasında mənəvi telləri möhkəmləndirmək, onları ümumbəşəri önəm kəsb edən islam idealları ətrafında bir araya gətirmək məramlı bu çağırış, həqiqətən, böyük təqdirə layiqdir.

Çoxmillətli və çoxkonfessiyalı dövlət olan müasir Azərbaycan Avropa və Qərb dövlətləri ilə əməkdaşlığa önəm verdiyi kimi, eyni zamanda. İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlərə malikdir. Əminik ki, Azərbaycan Respublikası Prezidentinin səyləri ilə İslam mədəniyyətinin təbliği və təşviqi, milli-mənəvi ənənələrin qorunması, İslam dininin mütərəqqi mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən misilsiz işlər parlaq bir nümunə olacaqdır.

 

- “İslam həmrəyliyi ili”nin elan olunması və bu kontekstdə ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi digər dinlər arasında münasibətlərin tənzimlənməsi və həmrəyliyin təmin olunması baxımından hansı əhəmiyyətə malikdir?

- İslam bütün sülhsevər səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşır və onlarla dialoq, əməkdaşlığa önəm verir. Möhtərəm dövlət başçımızın İslam həmrəyliyi ideyasına istinadı da məhz İslamın bu səciyyəvi cəhətindən qaynaqlanır. Prezidentimizin qlobal səviyyədə İslami həmrəylik ideyası digər səmavi dinlərlə sülh naminə birliyə çağırışı ehtiva edir.

Bu baxımdan, İslam həmrəyliyi, fəqət, təkcə müsəlman dünyası deyil, bütün dünya üçün, dinlərarası dialoq və münasibətlərin yuksəlişi üçün gözəl imkan kimi dəyərləndirilməlidir. Dini ideyaların qarşıdurma və münaqişələr üçün istifadəsinə yol verilməməsinin zəruri olduğu indiki dönəmdə İslam həmrəyliyi İslamı terrorla eyniləşdirən, islamofobiyaya rəvac verən, müsəlman miqrantlara qarşı ayrıseçkilik nümayiş etdirən, İslama qarşı çirkin gözdənsalma kampaniyası aparan, İslam dünyası daxilinə nifaq salmaq istəyənlərə cavab olaraq İslamın əsl, mütərəqqi mahiyyətinin  təbliği üçün imkan, fürsətdir.

 

- 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dünyaya mühüm bir mesaj olmaqla yanaşı, Azərbaycanın tolerant ölkə olduğunu, xalqımızın multikultural dəyərlərin daşıyıcısı kimi çıxış etdiyini bir daha nümayiş etdirdi. Bəs İslam həmrəyliyi nümunəsi dünyaya hansı mesajları verəcək?

- Multikulturalizm ümumbəşəri sərvət, İslam həmrəyliyi isə onun ayrılmaz parçasıdır. Azərbaycanın liderinin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir. Şərq-Qərb dialoquna qlobal əhəmiyyətli iqtisadi layihələri ilə töhfələr verən Azərbaycan öz uğurlu birgəyaşayış modelini də bütün dünyaya təqdim edir.

Biz hesab edirik ki, müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsipləri ilə yanaşı, dünyanın Azərbaycanın uğurlu birgəyaşayış modelindən istifadə etməsi məqsədə müvafiq olardı. Bu bir mədəniyyətdir, həyat tərzidir. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür.

Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə Azərbaycan Prezidenti bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirərək, Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir.

Heç şübhəsiz, İslam Həmrəyliyi ili bizə, həmçinin, Qarabağ problemimizin ədalətli həlli ilə bağlı çağırışlarımızı dünya ictimaiyyətinə çatdırmaq üçün imkan yaradacaqdır. Ümidvarıq ki, Azərbaycanda Prezidentimiz İlham Əliyev cənabları tərəfindən elan olunmuş İslam həmrəyliyi ili İslamın mütərəqqi ideallarının dünyanın mənafeyi naminə daha artıq xidmət etməsinə zəmin olacaq. İnanırıq ki, Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də öz örnəyini meydana qoyacaqdır, inşallah.

 

- Rəhbərlik etdiyiniz Qafqaz Müsəlmanları İdarəsinin “İslam həmrəyliyi ili”ndə hansı tədbirlər həyata keçirəcəyi nəzərdə tutulur?

- İlk öncə onu qeyd edim ki, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən 2017-ci ilin  ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunmasını İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan, Qafqaz müsəlmanları yuksək dəyərləndirirlər.

Bölgənin tarixi islam dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi hazırda öz missiyasına uygun fəaliyyətini məhz bu prioritet məqam üzərində qurur. Əlbəttə, il ərzində bu istiqamətdə xeyli işlər görüləcək. İl boyunca ölkə daxilində, müxtəlif bölgələrimizdə geniş tədbirlər nəzərdə tutulmuşdur. Ölkə xaricində bu dəyərli ideyanın təbliği məqsədilə Rusiya, Türkiyə, Gürcüstan, İran, Mərakeş, Finlandiya, Şimali Qafqaz respublikalarında beynəlxalq əhəmiyyətli tədbirlər keçirməyi planlaşdırırıq. Bu tədbirlərdə Azərbaycanda yaşayan müxtəlif dini icma başçılarının iştirakı nəzərdə tutulur.

İlk olaraq, Azərbaycanda 2017-ci ilin İslam həmrəyliyi ili elan olunması çərçivəsində bu ilin mart ayının 15-də Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə «İslam həmrəyliyi — zamanın çağırışı» mövzusunda Beynəlxalq Konfrans keçirəcəkdir. Konfransda 15 ölkədən 30-dək xarici qonağın, mötəbər din, elm və siyasət xadimlərinin iştirakı gözlənilir.

 Azərbaycanda İslam Həmrəyliyi ili çərçivəsində keçiriləcək ilk mötəbər konfransın təşkilatçısı olaraq bunun qürur və məsuliyyətini tam dərk edirik. Konfransın qəbul edəcəyi dünya ictimaiyyətinə Müraciət vasitəsilə Azərbaycanın dövlət başçısının bu qlobal əhəmiyyətli qərarının  mahiyyətini və dünya üçün xeyirlərə vəsilə olacaq məqamlarını xüsusən təşviq etmək niyyətindəyik.

 

- Ötən ilin ilin yanvar ayının 15-də Bakıdakı Heydər məscidində ölkə müsəlmanları məzhəbindən asılı olmayaraq ilk dəfə bir araya gələrək eyni vaxtda, bir sırada vəhdət namazı qıldılar və bu, ənənəyə çevrilərək digər məscidlərdə də tətbiq olunmağa başladı. Bunun İslam həmrəyliyi kontekstində əhəmiyyəti və dəyərini necə qiymətləndirirsiniz?

- Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrıseçkiliyinə yol verilmir, burada şiələr və sünnilər eyni məsciddə bərabər ibadət imkanına malikdirlər. Tarixən formalaşmış bu ənənə Azərbaycanda indi də davam edir. Azərbaycanın bir sıra məscidlərində — istər Bakıda, məsələn Əjdərbəy məscidində, istərsə bölgələrdə, məsələn, Göyçayda, Xaçmazda, Qubada müxtəlif məzhəbdə olan dindarlar birlikdə namaz qılırlar. Bu, bizim həyat tərzimizdir və biz bununla qürur duyuruq. Bu, eyni zamanda, müdrik dövlətçilik siyasətinin bəhrəsidir.

Hər iki məzhəbi təmsil edən Qafqaz Müsəlmanları İdarəsi də hər zaman bu istiqamətdə təbliğat işi aparır. Məsələn, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə  ilə bərabər hazırladığımız hicri təqvimində azan vaxtlarının hər iki məzhəb üçün uyarlı, ortaq məqamda göstərilməsi, Aşura günlərində qana ehtiyacı olan xəstələr üçün qanvermə aksiyalarına hər iki məzhəbdən olan insanların qatılması, Məhərrəm ayının təziyə mərasimlərində sünni məzhəbindən olan din xadimlərinin iştirakı, Bakı İslam Universitetində hər iki məzhəbdən olan tələbələrin tədris prosesinin məzhəb ayrıseçkiliyi olmadan həyata keçirilməsi və s. . Qafqaz Müsəlmanları İdarəsi olaraq, ibadət proseslərinin, mərasimlərin məhz bu şəkildə  - heç bir məzhəb təəssübkeşliyinə yol vermədən keçirilməsini təlqin edirik. Bu təşviqə uyğun olmayan davranış nümayiş etdirən din xadimləri İdarədaxili qanunlar çərçivəsində cəzalandırılırlar. Allah qarşısında hamımız bərabərik.

İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz olmuş Ulu Öndər  Heydər Əliyev vaxtilə Təzəpir məscidində dindarlarla görüşü zamanı «Allahın Yolunda bir olaq» deyə çağırış etdi. Azərbaycançılıq məfkurəsinin müəllifi olan Ulu Öndər bizi məzhəbindən asılı olmayaraq birlikdə olmağa çağırdı. Ümummilli mənafelərimiz, dövlətçiliyimizin maraqlarımıza xidmət edən bu bərabərlik bizi səfərbər etdi.

Namazda bir olmaq, mənəvi həyatda birlik olmağa dəvət kimi düzgün qəbul edilməli, xalqa da bu şəkildə çatdırılmalıdır. La ikrahə fid-din — Dində məcburiyyət yoxdur - İslamın məhək prinsiplərindəndir. Bu baxımdan bir məzhəbin digərinin arxasında namaz qıldırılmağa məcbur edilməsi istər şəri, istərsə də dünyəvi qanunlara («Dini etiqad azadlığı haqqında» AR Qanununa) ziddir. Könüllü olaraq olursa, bu, Azərbaycanda illərlə formalaşmış, zamanla ənənə halını almış məzhəblərarası yaxınlaşmanın bariz nümunəsi kimi təqdirəlayiqdir.

Şükürlər olsun ki, məzhəbi vəhdətin, mənəvi birliyin nadir nümunəsini ölkəmizdə yaşamaq və bəyan etmək imkanımız mövcuddur. Bunu dəyərləndirmək, qoruyub, gələcək nəsillərə ötürmək zəruridir.

  

- Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasəti və bu istiqamətdə mövcud durumu necə səciyyələndirmək olar? Azərbaycanda dini etiqad azadlığının təmin olunması, həmçinin insanların öz ibadətlərini sərbəst şəkildə yerinə yetirməsi müsbət nümunə kimi göstərilir. Buna paralel olaraq ibadət yerlərinin təmiri və yenidən bərpası, yeni məscidlərin istifadəyə verilməsi də təqdirəlayiq haldır. Bu barədə nə deyə bilərsiniz?

- Din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur və hal-hazırda bu siyasət Prezidentimiz İlham Əliyev cənabları tərəfindən  yüksək səviyyədə davam və inkişaf etdirilir. Fəxrlə deyə bilərik ki, milli və mənəvi dəyərlərinə sadiq, demokratik, dünyəvi Azərbaycan — din-dövlət  münasibətlərinin yüksək səviyyədə olduğu nümunəvi dövlət modelidir.

Azərbaycanda dini mərkəz olaraq QMİ ilə Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasında xüsusən son illər ərzində olduqca məhsuldar əməkdaşlıq münasibətləri formalaşıb ki, bu da son nəticədə, din-dövlət münasibətlərinin yüksək səviyyəyə yüksəlməsinə və dini-mənəvi həyatın daha təkmil olmasına şərait yaradır. Dini Komitə, habelə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə həyata keçirdiyimiz tədbirlər, layihələr dindarlar tərəfindən layiqincə dəyərləndirilir.

Ulu öndərin başlatdığı ali mənəviyyat yolu, əlhəmdülillah, davam edir! Azərbaycanda dini məbədlər — məscidlər, kilsə, sinaqoq və digər mənəvi məkanlar  dövlətimizin maddi, mənəvi yardımıyla təmir, bərpa olunur, yeniləri inşa edilir,

Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təblığində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Mehriban xanım Əliyevanın milli və bəşəri dəyərlərə dünya miqyasında ali himayəsi ən yüksək qiymətə layiqdir.

Zati-aliləri Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə hər zaman təbliğ edilən və dünyaya  multikulturalizmin  nümunəsi kimi təqdim olunan Azərbaycan modeli dinlərarası dialoqun və mədəni əlaqələrin  inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini  verməkdədir.

Ölkəmizdə dini icmalar öz fəaliyyətlərini sərbəst həyata keçirir,  dövlətin qayğı və yardımı sayəsində ərsəyə gəlmiş yeni məscidlərdə, bərpa olunmuş və yenidən qurulmuş ibadətgahlarda ibadətlərini yerinə yetirir, qanunla təsbit olunmuş hüquqlarından yararlanırlar. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi kimi hiss edir, dövlətin diqqətini, qaygı və himayəsini, maddi yardımını eyni dərəcədə üzərlərində hiss edirlər.  Dindarlar dövlətin diqqətindən, dövlət başçımızın yürütdüyü siyasətdən, dini dəyərlərə olan özəl ehtiramından razıdırlar.

Dövlətimizin dini maarifləndirmə işinə böyük diqqətini xüsusi minnətdarlıqla vurğulamaq istərdim. Dini məzmunlu kitabların çapı, ənənəvi mənəvi dəyərlərimizin təbliği ən yüksək səviyyədə dəstəklənir. Bu yaxınlarda 7 mədrəsənin – dini kollecin dövlət qeydiyyatına alınması islami dəyərlərin tədrisinə verilən önəmin göstəricisi oldu.

Biz  ümumbəşəri dəyərlərə ehtiram göstərən, eyni zamanda, öz qədim tarixi milli-mənəvi, dini dəyərlərinə sahib çıxaraq, onu dünyaya təqdim edən xalqın nümayəndələriyik. Bizim amalımız bütün dünyada sülh və sabitliyin, rifah və tərəqqinin bərqərarı naminə Uca Yaradanımızın bizlərə təlqin etdiyi şəkildə dünya nizamının bərqərarı işinə öz xoşməramlı töhfəmizi verməkdir. Bu baxımdan, Azərbaycan dövlətinin, onun liderinin dünyada bizə böyük ehtiram qazandıran qlobal təşəbbüs və səylərinə görə, habelə Azərbaycanda həyatın bütün sahələrində olduğu kimi, dini-mənəvi dəyərlər sahəsinə göstərilən diqqət, qayğı və himayəyə görə dindarlar adından minnətdarlıq bildirmək istərdim.

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

Səs.- 2017.-16 mart.- S.-8-9