Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illik yubileyi

 

Dünyada ən nadir eksponatlara malik muzeylər vardır. Məsələn, Lissabonda Fayton Muzeyi, Sakt-Peterburqda Kəpənək Muzeyi, Tulada Samovar Muzeyi, Yaponiya Qar Dənəcikləri Muzeyi kimi muzeylər fəaliyyət göstərir.

 

Azərbaycanda da iki elə muzey vardır ki, onlar eksponatlarının nadirliyinə görə seçilirlər. Bunlardan biri İçərişəhərdə Zərifə Salahovanın ən kiçik ölçülü eksponatları olan Miniatür Kitab Muzeyi və dünyada ilk dəfə olaraq Azərbaycanda açılan Azərbaycan Xalça Muzeyidir.

 

Bu il Respublikamızda Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illik yubileyi keçiriləcək.

 

Azərbaycan Xalça Muzeyi 50 il bundan öncə Azərbaycanın xalq rəssamı, SSR-i Dövlət Mükafatı Laureatı Lətif Kərimovun təşəbbüsü ilə açılmışdır. Bütün həyatını Azərbaycan xalça sənətinin tədqiqinə həsr edib, monumental üç cildlik "Azərbaycan xalçası" adlı əsər yaratmış Lətif Kərimov Azərbaycanda məət əşyası hesab edilən xalçalarımızı elmin yeni müstəqil bir sahəsi kimi inkişaf etməsinin, bu sənətin təhsil sisteminə daxil olmasının da ilk təşəbbüskarı olmuşdur. Lətif Kərimovun kitablarının dünyada yayılmasına qədər dünya muzeylərində olan Azərbaycan xalçaları erməni, fars, rus və ya qafqaz adı ilə adlanırdı. Məhz Lətif Kərimovun klassifikasiyasından sonra dünya mütəxəssisləri Azərbaycan xalçalarını öz adları ilə adlandırmağa başladılar.

 

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinın yaranması, onun ilk eksponatlarının toplanması, ilk alıcı komissiyasının təşkili və kadrların hazırlanması, o cümlədən, bacarıqlı təşkilatçı, muzeyin ilk direktorunun təyin edilməsi (Əziz Əliyev) məhz Lətif Kərimovun zəhməti nəticəsində mümkün olmuşdur. Uzun illər Xalça Muzeyi İçərişəhərdəki Cümə Məscidində, müstəqillik illərindən başlayaraq isə keçmiş Lenin Muzeyində yerləşdirilən Muzey Mərkəzində bir neçə otaqda fəaliyyət göstərmişdir.

 

Doğrudur, Azərbaycan xalçalarının XV-XVIII əsrlərə aid ən nadir nümunələri Avropa və Amerikanın məhşur muzeylərində saxlanılır. Azərbaycan Xalça muzeyində isə XVII-XIX və XX əsrlərə aid olan, Azərbaycanın ayrı-ayrı, o cümlədən Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbrizi  xalça məktəblərini özündə əks etdirən xovlu və xovsuz xalçalar, xalça məmulatları öz əksini tapmışdır. Bundan əlavə muzeydə Azərbaycan dekorativ-tətbiqi sənətinin digər növlərinin də kifayət qədər nümunələri saxlanmaqdadır. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 10000-dən çox eksponat saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur.

 

Azərbaycan Xalça Muzeyinin şöhrətlənməsinin və təkcə Azərbaycan vətəndaşlarının deyil, xarici ölkədən gələn turistlərin də ən çox gəzdiyi mərkəzə çevrilməsinin əsas şərtlərdən biri muzeyin yeni binasının inşa edilməsidir. Bu da yalnız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və onun xanımı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində baş verir. Muzeyin yeni binasının yaradılması işində Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və köməyi olub.

 

Məlum olduğu kimi dünyada ən məhşur muzeylərin 99%-i vaxtilə tikilmiş qəsr, saray, böyük həcmli ictimai binalarda yerləşdirilərək fəaliyyət göstərirlər. Xüsusi olaraq muzey üçün tikilən binalara Parisdəki Corc Pampido adına Müasir İncəsənət Muzeyi, Tehrandakı Müasir İncəsənət Muzeyi və Vaşinqtondakı Teksil Muzeyinin yeni tikilmiş bir neçə binasının və Bakıdakı Xalça Muzeyinin yen itikilən binasının adlarını çəkmək olar. Dünya praktikasında belə faktlar da mövcuddur ki, muzey binası onu yaradan şəxslərin adı ilə adlanır. Bu baxımdan 1851-ci ildə Şahzadə Albert və Kraliça Viktoriya tərəfindən maliyyələşən və az sonra onların adını daşıyan Londondakı Vikroriya və Albert Muzeyi və İstanbuldakı Sadberk Xanım Muzeyinin adını çəkmək olar.

 

Bizim fikrimizcə Xalça Muzeyinin yeni binası ölkəmizin layiqli vətəndaşları, incəsənətimizə medsanatlıq edən dövlətimizin iki məhşur şəxsiyyəti olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və onun xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın adlarını daşımalıdır.

 

Məlum olduğu kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına Azərbaycan muğamının (2008), Azərbaycan aşıq sənətinin (2009), Novruz bayramının (2009), Azərbaycan xalça sənətinin (2010), Azərbaycan tar ifaçılıq və onun hazırlanma ustalığının (2012), Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyununun (2013), kəlağayının (2014), Lahıc miskərlik sənətinin (2015) daxil edilməsi məhz Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın səyi nəticəsində mümkün olmuşdur.

 

Kübra Əliyeva.

Səs.- 2017.- 28 mart.- S.11