Azərbaycan multikulturalizmi dünyaya örnək olacaq unikal modeldir

Bu gün dünyada nümunəvi inkişaf modelinə malik olan Azərbaycan davamlı inkişaf sayəsində regionun lider dövləti səviyyəsinə yüksəlib. Bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni reallaşdırmağın mümkün olmaması elə, ölkəmiz haqqında təsəvvürləri formalaşdırır. Müstəqil Azərbaycanın belə nüfuzlu bir dövlətə çevrilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində gerçəkləşib.

Hərtərəfli və sürətli inkişaf dövrünü yaşayan Azərbaycan bu gün dünyəvi, hüquqi və demokratik dövlət olaraq multikultural, tolerant məkan kimi dünya dövlətləri tərəfindən qəbul olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas elementlərindən birinə çevrilib. Ölkəmizdə dövlət-din münasibətləri hüquqi baxımdan mövcud qanunvericilik əsasında yüksək səviyyədə tənzimlənir, vətəndaşların vicdan azadlığı təmin olunur, dini icmaların fəaliyyəti dəstəklənir, onlara dövlət tərəfindən maliyyə yardımı göstərilir. Dünyada dini radikalizm meyilləri artdığı bir zamanda Azərbaycanda vəziyyət başqa ölkələrlə müqayisədə tamamilə başqa bir mənzərə yaradır. Bir sıra müsəlman ölkələrində dini zəmində problemlərin davam etdiyi müşahidə edildiyi zamanda Azərbaycan multikultural dəyərləri ilə dünyaya nümunədir. Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Müasir dövrdə Qərbdə multikulturalizmin süquta uğradığı bir vaxtda, multikulturalizmin Azərbaycan modelinin nümunəyə çevrilməsi Azərbaycan gerçəkliklərinə əsaslanır. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər təhlükəsiz, qarşılıqlı hörmət əsasında fəaliyyətdədirlər.  Ölkə başçısı Cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi bir daha ölkəmizdə multikutural dəyərlərə olan münasibətin təzahürüdür. Azərbaycan son illərdə Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir. İnklüziv cəmiyyətlərdə birgəyaşamalara çağırışlar edən Azərbaycan bəşəriyyətin çətin sınaqlar qarşısında qaldığı, silahlı münaqişələrin, beynəlxalq terrorizmin tüğyan etdiyi, insanların öz yurdlarını kütləvi şəkildə tərk etdikləri bir zamanda, öz dəyərlərinə sahib çıxır. Elə cari ilin yayında paytaxtımızda keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adlı III Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində 16 ölkədən 50-dən çox tələbənin iştirak etdiyi tədbirdə ölkəmizdə bu və ya digər dəyərlərə olan münasibət ilə iştirakçılar canlı olaraq tanış oldular. Xatırladaq ki, layihə çərçivəsində "Azərbaycanın Gənc Dostları Klubu" İctimai Birliyi təsis edildi. Birliyin üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də 20 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri, eləcə də həmin tələbələrin təbliğatı ilə Azərbaycanı tanıyan, sevən xarici gənclər təmsil olunur. Birlik klubunun üzvü olan xarici gənclərə Azərbaycanda təhsil imkanı yaratmağı, ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olmağı, Azərbaycan dilinin və mədəniyyətini öyrənməyə maraqlı olan hər bir üzvə dəstək göstərməyi nəzərdə tutur.

Azərbaycan ilə təəssüratlarını qələmə almaqda davam edirlər. Məsələn Çin vətəndaşı və Litva Pedaqoji Universitetində ali musiqi təhsili alan Xianqou Vanq yazır ki, "Azərbaycan multikulturalizmi" fənninin müdavimi olmuşam. Bu fənnin tədrisi dövründə nəzəri olaraq Azərbaycanın mədəniyyəti, multikulturalizm modeli haqqında müəyyən anlayışlar əldə etmişdim. Amma bəzi məsələlər mənim üçün dumanlı qalmışdı:"Ona görə də III Beynəlxalq Multikulturalizm Yay Məktəbində iştirak etmək fürsəti yarananda sevindim".

O, yazır ki, III Beynəlxalq Multikulturalizm Yay Məktəbində iştirakımı həyat təcrübəmin qiymətli hissəsi hesab edirəm: "Azərbaycanın Gənc Dostları Klubu"nun yarandığını biləndə, məmnuniyyətlə üzv oldum. Çünki yay məktəbində iştirakımdan sonra Azərbaycan mənim üçün çox doğmalaşıb və dost ölkəyə çevrilib. "Azərbaycanın Gənc Dostları Klubu" ideyalarımızı paylaşmaq və müzakirələrdə fəal iştirak etmək üçün zəngin platformaya çevrilir".

Daha sonra yazır ki, multikulturalizm Azərbaycana kənardangəlmə bir dəyər deyil, xalqın əsrlərə söykənən ali dəyəridir, həyat tərzidir və dövlət siyasətinin aparıcı istiqamətidir:"III Beynəlxalq Multikulturalizm Məktəbində iştirakım unudulmaz xatirələrlə yadımda qalıb. Yay məktəbinin proqramı çərçivəsində Nic qəsəbəsinə səfərimiz zamanı Alban-Udi Xristian Kilsəsini görəndə mütəəssir oldum. Musiqiçi olduğum üçün kilsədə səslənən orqan musiqisi diqqətimi cəlb etdi. Ümumiyyətlə, Azərbaycan musiqisi maraq dairəmdədir. Burada olduğum günlərdə Azərbaycan bəstəkarlarının musiqilərini dinlədim. Qəbələdə təşkil olunan konsertdə Azərbaycanın xalq mahnıları mənə xoş anlar yaşatdı. Çox şadam ki, Azərbaycanı yaxından tanıdım. Mən Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və burada multikulturalizm, tarix, mədəniyyət və digər sahələrdə əldə etdiyim biliyə görə Azərbaycanı heç vaxt unutmayacağam. Azərbaycan multikulturalizmi bu gün dünyanın örnək alacağı unikal modellərdən biridir. Məhz buna görə "Azərbaycanın Gənc Dostları Klubu" yarananda ilk üzvlərdən biri mən oldum və düşünürəm ki, bu dostluq ömür boyu davam edəcək".

Bəli, Azərbaycan mühiti hər şeyi deyir. Tarixi, coğrafiyası, mədəniyyəti ilə. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğuladığı kimi, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2017.- 13 yanvar.- S.6