Azərbaycan ədəbiyyatı Ulu Öndər Heydər Əliyev ömrünün anlarında... (akkordlarında...)

    Tarixən məlumdur ki, bütün ictimai-siyasi fəaliyyətində Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan ədəbiyyatının inkişafına xüsusi diqqət yetirib. Çünki ədəbiyyat hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Milli ədəbiyyat hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Azərbaycan ədəbiyyatı Azərbaycan xalqının milli sərvətidir və xalqımız tarix durduqca bu sərvətin qayğısına qalmalı və ədəbi irsimizi gələcək nəsillərə ötürməlidir.

Bu cəhətdən Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Və milli təfəkkürümüzdə ilk dəfə Ulu Öndər Heydər Əliyev “Ədəbiyyatımız və mədəniyyətimiz milli varlığımız və mənəvi sərvətimizdir” möhtəşəm elmi-nəzəri, dərin ictimai-siyasi mahiyyəti olan konsepsiyasını irəli sürmüşdür... Bu konsepsiya Onun təfəkküründə və baxışlarında birdən-birə yaranmamışdır. Faktlar göstərir ki, Ulu Öndər uşaqlıq illərindən xalq mənəviyyatının qoruyucusu olan folklorumuzu, bayatı və nağıllarımızı, dastanlarımızı, sonrakı təhsil dövrlərində ədəbiyyatımızın alüdəçisi olmuş, həvəslə öyrənmişdir. Yaxınlarının və doğmalarının xatirələrində bilinir ki, Heydər Əliyevin nənəsi və anası nağıl və dastanlarımızın, bayatılarımızın sinədəftəri olmuşlar və bu əvəzsiz xəzinəni kiçik Heydər onların dillərindən saatlarla dinlər, yoruldum deməzimiş...

Bütün bunlar onun kövrək və həssas qəlbində dərin izlər buraxmış, ədəbiyyatın vurğunu olmuş, sevmiş, dərindən öyrənmiş, hələ gənclik illərində kitabxanalardan əlinə keçən dünya və Azərbaycan ədəbiyyatını böyük və sonsuz həvəslə mütailəçisi olmuşdur... Hətta deyilənə görə, Dahi Öndər Heydər Əliyev gənclik illərində teatra, aktyorluğa meyilli olmuş, orta məktəb dərnəklərində rollar ifa etmiş, Naxçıvanda gedən bir tamaşanı da buraxmazımış. Səməd Vurğunun “Vaqif” mənzum dramını başdan-ayağa əzbər bilirmiş... Məktəb müsabiqələrində Azərbaycan şairlərinin şeirlərinin ən mahir ifaçısı və deklamatoru kimi yüksək rəğbət qazanmış, müəllimlərinin və Onu tanıyanların sevimlisinə çevrilibmiş...

Müasirləri onun “Vaqif” pyesində, “Qaralar ölkəsində” adlı dram əsərində əsas rolları ifa etdiyini xatırlayırlar. Hətta Ulu Öndər Heydər Əliyevin teatr həvəskarı olmasına dair nadir fotoşəkillər də görkəmli dövlət xadiminin Naxçıvan səhnəsindəki muzeyində qorunub saxlanmaqdadır.

Bütün bunlarla bərabər, bu tarixi şəxsiyyət bədii ədəbiyyatın şəxsi taleyindəki böyük rolunu özü də parlaq bir şəkildə nəzərə çarpdırmışdır. O, 1997-ci ildə, Azərbaycan yazıçılarının 10-cu qurultayındakı nitqində bu gerçəkliyi aşağıdakı kimi etiraf etmişdir: “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu, “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam”.

Göründüyü kimi, Ulu Öndər Heydər Əliyevin dünyabaxışının formalaşmasında, görkəmli dövlət xadimi taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, ədəbiyyat amili xüsusi yer tutmuşdur. Siyasi-tarixi baxımdan möhtəşəm xəzinə kimi Dahi Öndər Heydər Əliyevin bənzərsiz, fenomenal ədəbiyyat yaddaşına və məhəbbətinə malik olması Onun görkəmli dövlət xadimi kimi möhtəşəm obrazını əlavə cizgilərlə tamamlamış və zənginləşdirmişdir.

Elə bu keyfiyyətlərinə görə, Ulu Öndər ömrünün sonuna qədər Azərbaycan ədəbiyyatının və mədəniyyətin ən mahir bilicisi kimi onun yorulmaz təəssübkeşi olmuş, ədəbi-bədii fikrimizin inkişafına yorulmadan xidmət etmiş, Azərbaycan ədəbiyyatını və onu yaradan sənətkarların daima qayğısını çəkmiş, yüksək dərəcədə dövlətçilik miqyasında onları həm qorumuş, həm də qiymətləndirmişdir...

Xatırladaq ki, XX əsrin son otuz ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik bilavasitə görkəmli dövlət və siyasi xadim Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. O, kiçik fasilələrlə XX əsrin son otuz ilində Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik etmiş, ötən əsrin 1993-cü ilin iyunundan etibarən müstəqil Azərbaycan Respublikasının dövlət başçısı - Prezidenti olmuşdur. Tarixdə nadir hadisələrdəndir ki, Ulu Öndər Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmişdir. Hər iki sistemdə görkəmli dövlət və siyasi xadim kimi Azərbaycanın iqtisadiyyatını, mədəniyyətini möhkəmlətmiş, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırmış, milli mənafeyini, milli mentalitetini, mədəniyyət və mənəviyyatını qorumuş və inkişaf etdirmişdir.

Ümummilli Lider Heydər Əliyev üçün azərbaycançılıq ideologiyası milli-mənəvi inkişafın əsas zəmini olmuşdur. Ulu Öndər yaxşı bilirdi ki, azərbaycançılıq ideologiyasının əsas istiqamətləri, canı, ruhu özünü ədəbiyyat və mədəniyyətdə daha parlaq şəkildə göstərir.

Keçək əlahəzrət faktların dilinə... Fakt elə bir məhəkdir ki, yeganə olaraq danılmaz və təkzibedilməzdir... Bu mənada, Ulu Öndərin ədəbiyyata və mədəniyyətə münasibətinin bəzi məqamlarını yenidən xatırlatmaq istərdik.

Bütövlükdə isə, Ulu Öndər Heydər Əliyev ədəbiyyata xalqın milli-tarixi varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxmış, mənsub olduğu xalqı ədəbiyyatı ilə bir yerdə bütöv bir tamın ayrılmaz hissəsi kimi dəyərləndirmişdir. Yəni Heydər Əliyevin ədəbiyyat sevgisi Vətən və xalq sevgisinin əsas göstəricilərindən, zəruri amillərindən birini təşkil edir. Görkəmli dövlət xadimi hələ 1972-ci ildə Azərbaycan yazıçılarının beşinci qurultayındakı tarixi nitqində məsələnin bu cəhətini ön mövqeyə çəkərək demişdi: “Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini ədəbiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır”.

Dahi Öndər Heydər Əliyevin ədəbiyyat təlimindəki millilik anlayışı özündə bütün dolğunluğu ilə azərbaycançılıq məfkurəsini əks etdirir. Və yaxud da azərbaycançılıq Ulu Öndər Heydər Əliyevin apardığı milli siyasətin lokomotividir. Ədəbiyyat siyasəti görkəmli dövlət xadiminin bu istiqamətdə apardığı geniş siyasi-ideoloji və təşkilati işin özülünü təşkil edir. Azərbaycan ədəbiyyatı klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, həmçinin yeni dövr bədii fikrimizin Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Anar, Qabil, Məmməd Araz, Mirvarid Dilbazi və başqaları kimi onlarla nümayəndələrinin dövlət səviyyəsində yubileylərinin keçirilməsi, aparılan tədqiqat-təbliğat işləri həmin sənətkarların xalqa daha yaxından tanıdılması ilə bir sırada, həm də Azərbaycançılıq ideyasının geniş miqyasda yayılmasına və dərindən mənimsədilməsinə uğurla xidmət etmişdir.

Ulu Öndər Heydər Əliyev keçmiş İttifaq səviyyəsində ən yüksək siyasi dairələrdə böyük cəsarətlə bəyan edirdi ki, “Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”. Nizami Gəncəvinin yubileyi bu böyük sənətkarın timsalında Azərbaycanın əvvəlcə keçmiş Sovetlər İttifaqında, daha sonra isə bütün mədəni dünyada tanıma missiyasına xidmət etmişdir”.

Dahi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə Heydər Əlıyevin yubiley nitqində səslənən aşağıdakı mülahizələr də Azərbaycanın, xalqımızın tanıdılmasının qayğılarını əhatə edir: “Bu yubileyi keçirərkən biz xalqımızın özünü tanımasını təmin edəcəyik və etməliyik. ...Şübhəsiz ki, bu yubileyin keçirilməsi hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəldəcəkdir.” Deməli, ədəbiyyat vasitəsilə milli-mənəvi özünüdərk prinsiplərinin daha da dərinləşdirilməsi, azərbaycançılıq məfkurəsinin mənimsədilməsi Ulu Öndər Heydər Əliyevin ədəbiyyat siyasətinin əsas prinsiplərindəndir. Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, Molla Pənah Vaqifin, Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun, Hüseyn Cavidin, Cəfər Cabbarlının abidələrinin ucaldılması, onların ev muzeylərinin təşkili, Süleyman Rəhimovun, Süleyman Rüstəmin Sosialist Əməyi Qəhrəmanı fəxri ada layiq görülməsi, yubileylərinin təşkili Heydər Əliyev ömrünün qızıl hərflərlə yazılan anları və ədəbiyyata böyük məhəbbətinin ifadəsidir...

Yaşlısından tutmuş cavanlarına qədər istedadlı yazıçılara, şairlərə verilən fəxri adlar, mükafatlar, onların adlarının əbədiləşdirilməsi, tarixiləşdirilməsi, bütün bunlar, Ulu Öndərin ədəbiyyat sevdasından bəhrələnirdi... Bununla yanaşı, hələ sovetlər dövründə milli mücadiləyə könül vermiş, ömür həsr etmiş yazıçılar isə deputat seçilmək, fəxri adlar və dövlət mükafatları almaqla həm rəğbətləndirilmiş, həm də müdafiə olunmuşlar. Əslində, bu yolla Ulu Öndər Heydər Əliyev həm də onların fəaliyyətinə dəstək verdiyini sezdirmiş, O, yazıçıların toxunulmazlığına təminat vermişdir.

Yaxud əslən cənublu olan, lakin taleyin hökmü ilə Azərbaycanın şimalında yaşayıb-yaradan Balaş Azəroğlu, Mədinə Gülgün, Hökümə Bülluri, Söhrab Tahir, Əli Tudə və başqaları kimi görkəmli söz ustalarına böyük qayğı və fəxri adlar, onların əsərlərinin nəşri, Məmmədhüseyn Şəhriyara məhəbbət hissinin aşılanması da, Yazıçılar Birliyində Cənubi Azərbaycan katibliyinin və Akademiyada Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin açılması da, ədəbiyyat tarixçiliyimizdə böyük hadisə, Heydər Əliyev ömrünün ədəbi fütuhatı idi... Bu fütuhatlardan ən möhtəşəmi isə Hüseyn Cavid nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi idi...

Həmçinin, yeni dövr bədii fikrimizin Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Anar, Qabil, Məmməd Araz, Mirvarid Dilbazi və başqaları kimi onlarla nümayəndələrinin dövlət səviyyəsində yubileylərinin keçirilməsi, aparılan tədqiqat-təbliğat işləri həmin sənətkarların xalqa daha yaxından tanıdılması ilə bir sırada, həm də azərbaycançılıq ideyasının geniş miqyasda yayılmasına və dərindən mənimsədilməsinə uğurla xidmət etmişdir.

Ümummilli Lider Heydər Əliyev bu tarixi vəzifələri həm ölkə daxilində, həm də Azərbaycandan kənarda böyük bacarıqla həyata keçirmişdir. Böyük ədəbiyyat Heydər Əliyevin Azərbaycanı dünyada tanıtdırması baxımından da mühüm vasitələrdən birinə çevrilmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi qüdrətli sənətkarların yubileylərinin, “Kitabi-Dədə Qorqud” dastanlarının yaranmasının 1300 illiyinin beynəlxalq səviyyədə keçirilməsi buna bariz nümunədir. Bunlar Ulu Öndərin bu sahədə gördüyü yüzlərlə möhtəşəm işlərinin ən möhtəşəm nümunələrindəndir...

Heydər Əliyevin ədəbiyyata münasibəti əsl profesionallığa əsaslanır. Görkəmli dövlət xadiminin ayrı-ayrı sənətkarlar, konkret bədii əsərlər, teatr tamaşaları haqqındakı baxışları və mülahizələri ədəbiyyatşünaslıq və sənətşünaslıq elmlərinin ən yüksək tələbləri və prinsiplərindən ucada dayanır... Heydər Əliyev ədəbiyyat haqqında elmdə də professionallıq siyasətinin böyük müdafiəçisidir. Bədii ədəbiyyatla bir sırada ədəbiyyatşünaslıq, sənətşünaslıq, dilşünaslıq kimi elmlər də Dahi Öndər Heydər Əliyevin ədəbiyyat siyasətinin zəminində yeni inkişaf səviyyəsinə yüksələ bilmişdir.

Bütövlükdə isə, Heydər Əliyev ədəbiyyata xalqın milli-tarixi varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxmış, mənsub olduğu xalqı ədəbiyyatı ilə bir yerdə bütöv bir tamın ayrılmaz hissəsi kimi dəyərləndirmişdir. Yəni Heydər Əliyevin ədəbiyyat sevgisi Vətən və xalq sevgisinin əsas göstəricilərindən, zəruri amillərindən birini təşkil edir.

Azərbaycan ədəbiyyatının inkişafı və dünya miqyasında tanınması Ulu Öndər Heydər Əliyevin mənalı, azərbaycançılıq məşəlinə çevrilən ömrünün bütün anlarında öz parlaq əksini tapmışdır. Göründüyü kimi, yeni dövr Azərbaycan ədəbiyyatının son yarım əsrdəki inkişafında Ümummilli Lider Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və təsiri olmuşdur. Əslində, Azərbaycanın son qırx ildəki ədəbiyyatı Ulu Öndər Heydər Əliyev epoxasının ədəbiyyatıdır...

Təsadüfi deyildir ki, son on beş ildə Ulu Öndərin Azərbaycan ədəbiyyatına məhəbbət məşəlinin daşıyıcısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlindədir və bu məşəl daha da gur yanmaqdadır... Cənab İlham Əliyevin Prezidentliyə başlaması dövründən bu günümüzə qədər ədəbiyyat və mədəniyyətə tükənməz qayğısı da, Ulu Öndər Heydər Əliyevin bu sahədəki ənənələrindən qidalanır və mənbəyini buradan götürərək nəhəng bir nəhrə çevrilir..

Tərlan Novruzov, doktor-professor

Səs.- 2018.- 2 may.- S.3.