Azərbaycan mədəniyyətində modernizm

 

Modernizmin Qərbə xas mərkəzçiliyi (sentrizmi) aşağıdakıları nəzərdə tutur: dünya ölkələrinə cəlb edilmiş hər bir ölkədə siyasi, iqtisadi mədəni və texnoloji islahatlar aparılmalı, sekulyarlaşma (dinin dövlətdən ayrılması) baş verməli bu islahatlar liberal demokratiya dəyərlərinə əsaslanmalıdır.

 

Müasir Avropa sivilizasiyası məhz modernizm və modern dövr əsasında formalaşmışdır. Müasir həyatın tərkib hissələri olan elm, sənaye, demokratiya, tərəqqi və cəmiyyətin mövcud olması üçün zəruri olan digər dəyərlərin hamısı, eləcə də Qərb sivilizasiyasına xas olan misilsiz yüksək həyat standartları və digər nailiyyətlər də modernin məhsullarıdır.

Modernizmdən sonrakı mərhələ postmodernizm adlanır. Elmi ədəbiyyatda bu məsələyədə müxtəlif yanaşmalar mövcuddur. Postmodernizm sözü əslində ilk dəfə memarlıqda işlədilmişdir, amma tezliklə başqa sahələrə yayılmış və bu gün eyni zamanda müəyyən estetik duyum tərzini, mədəni vəziyyəti, tənqid təcrübəsini, iqtisadi şəraiti və siyasi davranış üsulunu birlikdə ehtiva edir. Şübhəsiz ki, burada postmodernizmin maddi və mənəvi mədəniyyəti əks etdirdiyindən söhbət gedir. Modernizm elmi, siyasi, mədəni inkişaflara və sənaye inqilabına böyük ictimai dəyişikliklərə səbəb olan bir prosesdir. Modernizm özü də köhnəliyi inkar edir. Postmodernizm inkarın özünü də inkar edir. Modernizm Qərbdə XX əsrin əvvəllərində, postmodernizm isə XX əsrin ikinci yarısında, modernizmin davamı olaraq meydana çıxmışdır. "Modernizm indi, yeni başlayan mənasındadır. Postmodernizm isə modernizmdən sonra gələn, müasir sonrası" mənasını verir.

XX əsrin axırlarından başlanan dövr Qərbdə postmodernizm adlanır. Mədəniyyət çox sürətlə dəyişən mühitin tələblərinə cavab verməlidir. Mədəniyyət adətən ləng dəyişir, lakin o son nəticədə, dəyişən mühitin çağırışına cavab verir. Sosial-iqtisadi sahədə baş verən dəyişikliklər fərdin həyat təcrübəsinə təsir edərək bu yolla fərdi səviyyədə əqidələrin, mövqelərin və dəyərlərin yenidən formalaşmasına kömək edir. Mədəniyyətlər birdən-birə dəyişmir. Yetkinliyə çatarkən insanlar adətən necə olmasından asılı olmayaraq dünyaya əvvəldən qazanılmış münasibəti saxlayırlar. Beləliklə, mühitdə baş verən əhəmiyyətli dəyişikliklər adətən daha çox şəxsi təşəkül illərində yaranan yeni şəraitdə yaşayan nəsillərə təsir edir.

Postmodernist situasiya özünün və başqalarının mədəni dəyərlərini görmək və onlara malik olmağın yeni təcrübəsini irəli sürür, müxtəlif mədəniyyətlərin inteqrasiyasını stimullaşdırır, dünyaya bir bütöv baxışın yaradılmasına kömək edir, ümumbəşər mədəniyyətinin formalaşmasına imkan yaradır.

Postmodernistlər Qərbi ittiham etmir, modernizm ilə tradisionalizmi bir-birinə qarşı qoymur və universal ümumbəşəri dəyərlərin mövcudluğunu təkidlə sübut etməyə çalışırlar.

Iki növ postmodernizm olduğu göstərilir: konstruktiv və dekonstruktiv postmodernizm. Konstruktiv postmodernizm analitik fəlsəfənin irəli sürdüyü dil oyunları konsepsiyasıi lə sıx varislik əlaqəsindədir. Dekonstruktiv postmodernizm fransız poststruktralizminin varisidir.

Fəlsəfi postmodernizm hermenevtikadan başlamış Frankfurt məktəbinin tənqidi nəzəriyyəsi və analitik fəlsəfəyə qədər bir sıra fəlsəfi cərəyanlardan kənarda mövcud ola bilməz. Postmodernizmin əlaqədə olduğu həmin cərəyanlar romantizm və klassizmdən başlayaraq kubofutorizm və postimpressionizmi əhatə edir.

Ümumdünya mədəniyyəti əslində bütün dünya xalqlarının mədəni inkişafının yekunu, onların yaratdığı ideya və dəyərlərin məcmusudur. Lakin bəzi şovinist və ya kosmopolit, avropasentrist baxışlar da mövcuddur ki, onlar öz dillərini, dinlərini və mədəniyyətlərini başqa xalqlara qəbul etdirməyə, dünyanın bütün "qeyri-sivil" hissəsini öz sivilizasiyanı birləşdirməyə çalışırlar XX əsrin 50-60-cı illərində Qərb nəzəriyyəçiləri dünyanın qalan hissəsinə belə bir konseptual sxem təklif etdilər: birincisi, pan-Avropa dünyasının inkişafı Avropa inqilablarının, yəni demokratik həyatın dəyər və ənənələrinin kökünün kəsilməsinin nəticəsidir, ikincisi, demokratiyanın ən ali etalonu Qərb cəmiyyəti və ona xas olan təsisatlardır,deməli, üçüncüsü, Qərbə aid olmayan ölkələrdə cəmiyyətin demokratiklik dərəcəsi onların Qərb modelinə nə dərəcədə yaxınlaşmasının səviyyəsi ilə ölçülür. .

Şübhəsiz ki, antimodernistlərin fikrincə, istər modernizm, postmodernizm, neomodernizm, vesternləşmə, mədəni qloballaşma bir qayda olaraq avropasentrizmə xidmət edir. Avropa öz sivilizasiyasını roman-german mədəniyyətini qabaqcıl, mütərəqqi ümumdünya mədəniyyəti kimi təqdim edir. Bu isə birtərəfli yanaşmadır. Bəziləri Qərbin sivilizasiya parametrinə uyğun gəldiyini, Şərqin isə bir neçə sivilizasiyanın vəhdətindən ibarət olduğunu göstərirlər. Bəşər tarixinin yaranışından indiyə qədər Qərb sivilizasiyası istisna olmaqla, hərfi mənada coğrafi termin ilə adlandırılan heç bir digər sivilizasiyaya rast gəlinməmişdir. Sivilizasiyaların birinci nəslindən müasir dövr mərhələsinədək yalnız Qərb sivilizasiyası bu mənada fərqləndirilmişdir. Çünki ondan başqa nə Şimal, nə Cənub, nə də Şərq adlı sivilizasiya mövcud deyil. Doğrudur, elmi ədəbiyyatlarda biz Şərq mədəniyyəti, bəzən isə hətta Şərq sivilizasiyası anlayışlarına rast gəlirik. Amma sırf sivilizasiya parametrləri üzrə Şərq vahid dəyərləri təmsil edən bir qrup təşkil etmir, müxtəlif aspektlərdən yanaşdıqda olduqca rəngarəngdir və yalnız coğrafi məfhum olaraq vahid kriteriya üzrə təsnifləşdirildikdə düzgün səciyyə daşıyır. Asiya ilə müqayisədə Avropa bəzi xarakterik xüsusiyyətləri nəzərə almasaq, vahid dini, birgə mədəni, tarixi xüsusiyyətləri daşıyan sivilizasiyanı təmsil edir. Asiyaya isə belə bir vahid sivilizasiya (Şərq sivilizasiyası) kimi yanaşmaq mümkün deyildir. Çünki Şərq bir-birindən köklü surətdə fərqlənən, müxtəlif maddi və mənəvi dəyərləri bölüşən, hətta öz aralarında harmoniyadan daha çox disharmoniya ilə seçilən bir neçə sivilizasiyanın vətənidir və onlar haqqında vahid dəyərlər sisteminin daşıyıcısı kimi danışmaq mümkünsüzdür. Əslində dünya xalqlarının əksəriyyətində Avropa mədəniyyətinə aludəçilik hökm sürür.

Qərb mədəniyyəti müəyyən mədəni-tarixi zərurət üzündən Şərq mədəniyyətindən doğan, bütün Yer üzünün mədəniyyət sisteminin yaranmasında ortaya çıxmış boşluğu doldurmaq üçün fəaliyyətdə olan bir dünyagörüşü, mədəniyyət sistemidir.

Qərb mədəniyyəti müəyyən mədəni-tarixi zərurət üzündən Şərq mədəniyyətindən doğan, bütün Yer üzünün mədəniyyət sisteminin yaranmasında ortaya çıxmış boşluğu doldurmaq üçün fəaliyyətdə olan bir dünyagörüşü, mədəniyyət sistemidir.

Təsadüfi deyildir ki, bütün dinlər məhz ilk dəfə Şərqdə yaranmışdır. Şərqlilər daha təbii yolla, uzun əsrlər boyu öz mədəniyyətlərini formalaşdırırdılar. Şərq mədəniyyəti təbiətə daha yaxındır. Şərq musiqisində, rəssamlığında, ədəbiyyatında, elmində, ayinlərində, adət ənənələrində təbiətdən əxz olunma, təbiətdən bəhrələnmə daha güclüdür. Şərq mədəniyyətinin mahiyyəti, əsas prinsipləri ahəng, harmoniya qanunları ilə formalaşır. Şərq mədəniyyətində günəş amili, günəş enerjisi daha güclüdür.

Şərqlə Qərbin sintezindən ibarət olan Azərbaycan mədəniyyəti ahəng harmoniya qanunlarına əsaslanır, mədəni potensialını qoruyur, milli və ümumbəşəri dəyərlər əsasında qarşılıqlı bəhrələnmək üçün fəaliyyət göstərir.

Azərbaycan olduqca unikal bir mədəniyyətə malikdir. Bu torpaqda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin təbii, tarixi inteqrasiyası baş vermişdir. Bu torpaqda atəşpərəstlik, türk, Iran, Qafqaz, yəhudi, xristian, islam, Şərq, Qərb, slavyan, sosializm və s. kimi müasir dünya sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşmış, dünyanın inkişafı üçün görk olan mədəniyyət, inkişaf modelləri yaratmışdır. Bizim bu qədər möhtəşəm bir mədəni sərvətimiz vardır. Amma təəssüf ki, öz ziyalılarımız bu sərvəti lazımi qədər qiymətləndirə bilmirlər. Ölkəmizdə qloballaşma həyata keçirən qüvvələr də bu sərvəti lazımınca görə bilmirlər. Bu sərvətin qüdrətinin nədə olduğunu həmin qüvvələrə bu günkü Azərbaycan ziyalısı deməlidir.

Qərb mədəniyyəti, hətta bəzi hallarda ümumdünya mədəniyyətini əxz edən bəzi dünya xalqları heç də ahəngdar inkişaf edə bilməmişdir. Bəziləri isə dünya mədəniyyətini əxz etməklə yanaşı öz milli xüsusiyyətlərini də qoruyub saxlamışdır.

Dünyada mədəniyyəti və mənəviyyatı puç etmədən inkişaf etməyin mümkünlüyü kimi Asiya fenomeni yarandı. Bu hadisə məxsusi identiklik (mahiyyət) əsasında modernləşmə kimi qiymətləndirilməyə başlandı. Yaponlar birinci olaraq aşkar etdilər ki, kollektivçilik təsisatları və normaları Qərb nümunəsindən fərqli modernləşməni təmin etməyə qadirdir. Cənub-Şərqi Asiyanın (o cümlədən, sosialist Çininin və sosialist Vyetnamın təcrübəsi), Yaxın Şərq ölkələrinin təcrübəsi göstərdi ki, Qərb texnologiyalarından istifadə etməklə yanaşı milli-mədəni bənzərsizlik deyilən dəyərlərin hamısını siyasi nənə və normaları, mənəvi adətləri və əxlaqi qoruyub saxlamaq mümkündür.

Hakimiyyətin təşkilinin optimal modeli və siyasi sistem çərçivəsində məsuliyyət; qrupp mənafelərinin fərdi mənafelərdən üstünlüyü; dövlətin üzvi şəkildə qavranılması bu halda dövlət cəmiyyətin əsas mənafelərinin başlıca qarantı kimi çıxış edir; ümumi mənafelərə xidmət etməyin siyasi rəqabətdən üstün tutulması; rəislə onun tabeliyində olanın; idarə edənlə idarə edilənlərin qarşılıqlı məsuliyyəti kimi başa düşülən ailə "bazar iqtisadiyyatlı siyasi konservatizmin üzvi-etalist variantını" birləşdirən konsepsiya bundan ibarətdir.

Məhz ümumdünya ideya və dəyərlərinin təsiri ilə Azərbaycan mədəniyyətində öz ənənələri əsasında modernləşmə baş verir. Əsrlər boyu Azərbaycanda formalaşan milli psixoloji mentaliteti bütün xalqların mədəniyyətlərinə tolerant münasibət yaranmışdır. Azərbaycan xalqının tarixi yaddaşında üç dinin zərdüştilik, xristianlıq və islam dinlərinin olması faktı da istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə tarazlaşdırılmış mədəniyyətlərarası kommunikasiyalar qurulması üçün mühüm amildir.

Deməli, Azərbaycanın ümumdünya mədəniyyətilə qarşılıqlı əlaqəsində onun çoxmillətli, çoxdilli, çoxdinli ölkə olması, mədəni müxtəlifliyə və mədəni paradiqmanın plüralizminə malik olması əsas cəhətlərdən sayılır. Azərbaycan mədəniyyətinin modernləşməsinə təsir edən dünya mədəniyyətinin dəyərləri milli mədəniyyətlərə xas olan və hər bir insanın mənəvi tərəqqisinə, sosial və mədəni həyatın harmonikləşdirilməsinə, cəmiyyətin sabit inkişafına şərait yaradan dəyərlərin cövhəridir. Bu mədəniyyət süni şəkildə yaradılmamışdır; o, dünyanın sosial-siyasi vəhdəti sayəsində, planetimizdə bəşəriyyətin zaman və məkan baxımından pərakəndə düşməsi problemini aradan qaldıran kommunikativ əlaqələrin intensivləşməsi meylləri sayəsində təbii şəkildə formalaşan mədəniyyətdir.

Azərbaycan mədəniyyətinin modernləşməsinə təsir edən ümumdünya mədəni irsi postmodernist mədəniyyət ənənəvi və müasir mədəniyyətlərə xas olan cəhətləri özündə birləşdirir.

Ümumdünya mədəniyyətin coğrafi baxımdan pərakəndəliyinə baxmayaraq üç əsas tipii fərqləndirilir:

Şərq və ya Cənub mədəniyyəti;

Qərb və ya Şimal mədəniyyəti;

Sivilizasiyalararası məkan və ya Avrasiya məkanı. Burada ənənəvi və modernist mədəniyyətə xas olan cizgilər birləşir.

Avrasiyaçılığın (bəzən ona neoavrasiyaçılıq da deyirlər) etnomədəni və sosio-mədəni əsasını müxtəlif xalqların çoxəsrlik qarşılıqlı əlaqəsi və birgə həyat fəaliyyəti təşkil edir. Artıq dünyada avrasiyaçılığın ümumi mədəniyyəti, mentaliteti formalaşmışdır. Avrasiya məkanı tarixən ənənəvi və liberal sivilizasiyalar arasında qərar tutmuşdur, daha dəqiq deyilsə bu sivilizasiyaların əsas xüsusiyyətlərini özündə əks etdirir.

Bu amil Avrasiyanın özəl statusunu və keyfiyyətini şərtləndirmişdir. Burada türkdilli, slavyan, uqro-fin və s. xalqlar vahid sivill məkan daxilində yaşayır. Bu vahid sistem bütövlük, tarixi taleyin ümumiliyi, inteqrasiya və dialoq proseslərinin təməli, prinsipi kimi dəyər kəsb edir.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

 

Vahid Ömərov

 

Səs.- 2020.- 15 may.- S.15.