Azərbaycan toyları milli-mənəvi

dəyərlərimizin əsasıdır

 

Azərbaycanda toy adətləri - Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.

Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir. Cəmilə Çiçək yazır ki, bədii və tarixi əsərlərdən də məlumdur ki, Azərbaycan ailəsi tarixən zəngin adət-ənənələrə malik olub. Əsrlərin sınağından çıxan bu adət-ənənələr indinin özündə də cəmiyyətdə və insan həyatında mühüm rola malikdir. Bəli, məhz adət-ənənələrimizin saflığının nəticəsidir ki, ölkəmizdə qurulan ailələr möhkəmliyi və mükəmməlliyi ilə başqa cəmiyyətlərin ailə ittifaqlarından seçilir. Bütövlükdə götürdükdə, ailə dəyərləri məsələlərində milli və etnik adətənənələrin rolunu danmaq mümkün deyil. Bu mühüm amili şərtləndirən bir sıra faktorlar var: bizim cəmiyyətdə valideynlər övladının təlim-tərbiyəsindən tutmuş onun fərd olaraq hərtərəfli yetişməsi, təhsil alması və cəmiyyət üçün layiqli şəxsiyyət kimi formalaşmasında özünəməxsus rol oynayırlar: bəzi hallarda fərdin inkişafına əngəl törətsə də, ailə bağlarının möhkəmlənməsində, sosiallaşmada – yardımlaşmada bu cəhətlərin məxsusi rolu var. Çox sayda azərbaycanlı valideyn övladının xoşbəxt olmasına çalışır və bu yöndə üzərində böyük məsuliyyət hiss edir: məhz bunun nəticəsidir ki, milli ailəmizdə hər zaman böyük-kiçik yeri tanınıb, böyüyə yüksək hörmət mühiti olub.

Sadalanan bu xüsusiyyətlər bir çox ölkələrdə olduqca zəif inkişaf edir, yaxud bizdə olduğu qədər bir-birini tamamlamır, mükəmməl halda deyil. Azərbaycanda olan nigah mərasimləri – toy-düyün adətləri, qohumluq modelləri dünyanın çox az sayda xalqlarında mövcuddur. Milli ailənin təməli qoyulan toylarımız əksər qohum-əqrəbanı, tayfa və nəsli bir araya gətirir, məişət hadisəsindən çox mədəni-sosial fakta çevrilir. Toy və ailə dəyərləri qohumluq əlaqələrinin dayanıqlığını saxlamaqla yanaşı, həm də o münasibətlərin daha da möhkəmlənməsinə təkan verir: elçilikdən başlamış, ta əsas toy mərasiminə qədər qohumların bir araya gəlib yaxından ünsiyyət qurmasına gözəl şərait yaradır, bu isə, öz növbəsində, qohumluq əlaqələrinin itməsinin qarşısını alır. Xalqımızın toy adət-ənənələrinin yaxşı tərəfi həm də ondan ibarətdir ki, qohum olan tərəflərin bir-birini yaxından tanıması, bunun nəticəsində uğurlu izdivacın qurulması üçün şərait yaradır. Toydan əvvəl şərti olaraq bir sıra prosedur mərhələsinin olması tərəflərə düzgün seçim imkanı yaradır. Çünki toya qədər bir sıra mərhələlərin (ad etmə, kişi və qadın elçiliyi, nişan və s.) keçilməsi vaxt etibarilə doğru-düzgün qərar çıxarmağa və seçim etməyə imkan verir. Xalqımızın başqa bir gözəl adəti də var: müasir dövrün psixoloqlarını, ailə məsləhətçilərini əvəzləyən valideyn və ağsaqqal xeyir-duası alan cütlüklərin qurduğu ailə uzunömürlü və ruzili olur. Ata-ana övladının nailiyyətlərinə sevinir, nöqsanları üzə çıxanda isə üzülür və onun aradan qaldırılması istiqamətində ciddi şəkildə çalışır, çünki ailəsi üzərində daim valideyn məsuliyyətini hiss edir: bütün bunların qarşılığında övladlar da üzərlərinə düşən borcu yerinə yetirməyə çalışırlar. Başqa sözlə, valideynlər də ardıcıl olaraq öz üzərlərində övladlarının məsuliyyətini hiss edirlər. Bu müqəddəs məsuliyyətin nəticəsidir ki, Azərbaycanda kimsəsizlər və qocalar evində olan yaşlıların sayı başqa dövlətlərlə müqayisədə çox aşağıdır. Bu ciddi faktın özü bir daha sübut edir ki, Azərbaycan ailəsində valideyn, eləcə də övlad məsuliyyəti institutu möhkəm əsaslar üzərində bərqərardır.

Sadalanan bu kimi ülviləşdirilmiş dəyərlər Azərbaycan ailəsinin təməl prinsiplərinin daha sağlam əsaslar üzərində möhkəmlənməsinə xidmət edir və bu cəhətlər həm də Azərbaycanda boşanmaların sayının azalmasına, eyni zamanda mükəmməl ailə modelinin ortaya çıxmasına xidmət edir. Azərbaycanın milli ailə modelini bir sıra xarici ölkə vətəndaşları özləri üçün örnək hesab edir və mümkün qədər bundan bəhrələnməyə çalışırlar, çünki ailə məsələlərində adət-ənənələrimiz ciddi sosial-etnik əhəmiyyətə malikdir. O cür milli sistemin formalaşması, təbii ki, əsrlərdən bəri xalqımızın milli dəyərlərindən süzülüb gələn adət-ənənələrin bəhrəsidir. Zaman sübut etdi ki, Azərbaycan ailəsinə təsir göstərən adət-ənənələr qısamüddətli əsaslara söykənmir, xalqımızın öz millli ruhundan qaynaqlanan mənəvi duyğudur. Ölkəmizdə hər zaman ailə öndə gələn müqəddəs dəyərlər sistemi sayılıb, ona görə də bu müqəddəs dəyərlərin mühafizə olunmasında, milli-mənəvi dəyərlərimizin bizim üçün yazılmamış qanunları çərçivəsində, hətta dövlətçiliyimizin belə bütövlənməsinə xidmət göstərən cəhətlər çoxluq təşkil edir. Milli ailə dəyərləri sistemində Azərbaycan xalqının etnik kimliyində birmənalı olaraq adətənənələrin dayanıqlı rolu öz əksini tapır. Ailənin uca, əziz, müqəddəs tutulması, bütün dəyərlərin fövqündə durması onun möhkəmliyinə, dayanıqlığına aparıb çıxarır. Xalqımızın milli yaddaşında ailənin mühafizə olunmasında, bütöv bir müqəddəs ocaq anlamında tanıdılmasında tarixi dəyərlərimizin qorunmasının böyük əhəmiyyəti var. Ailə dəyərləri, adət-ənənələrimiz bir-birilə sıx bağlıdır, onları birı digərindən ayrı təsəvvür etmək doğru olmazdı.

Cəmiyyətimizin sağlam təməlini təşkil edən ailənin rolunun böyük olması ilə yanaşı, milli adət-ənənələrin də, dəyərlərimizin də rolu müstəsna əhəmiyyətlidir. Milli ailə ilə bağlı olan adət-ənənələrimizin dağılma təhlükəsi, aşınması, deqradasiyaya məruz qalması cəmiyyətə də öz mənfi təsirini göstərməkdədir. Son vaxtlar ictimaiyyətimizdə müəyyən yanlış təsəvvürlər formalaşıb: bəziləri elə hesab edir ki, qloballaşma şəraitində baş verənlərdən qaçmaq mümkün deyil, müasir dəyərləri tam əxz etmədən, milli təfəkkür tərzimizdən keçirmədən, ənənələrimizə tam uyğunlaşdırmadan qəbul etmək lazımdır. Bunun nəticəsində bizdə ailə münasibətlərində müəyyən problemlər ortaya çıxıb, tarixən formalaşan dayanıqlı ailə modeli dağılmaq təhlükəsi ilə üzləşir. Bu sadalanan amillər bütöv halda cəmiyyətimizdə bir sıra xoşagəlməz tendensiyalara aparıb çıxarır. Söz yox ki, bu cür meyillər, yanlış təfəkkür tərzi pis nəticələr verir: belə milli məsələlərdə son dərəcə həssas və diqqətli olmalıyıq. Belə zərərli vərdişlərin cəmiyyətdə dərin kök salmasına imkan verilməməli, bu məsələlər bizim ictimaiyyəti, dövlət qurumlarının nümayəndələrini, ziyalıları düşündürməlidir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün açıqladığı qaydalara əsasən mayın 18-dən sonra bir çox sahələrdə karantin qaydalarının yumşalması nəzərdə tutulub. Buna baxmayaraq, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir. Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) rəhbəri Tahir Əmiraslanovun sözlərinə görə, karantindən sonra toy məclislərinin bərpası gedişatdan asılı olacaq. Baş kulinar qeyd edib ki, dövlətin qərarlarına laqeyd yanaşmaq düzgün deyil: "İnsanlar dərk etməlidirlər ki, koronavirusun yayılma səbəbi nə olur olsun, bu pandemiya mövcuddur və deyilənləri etməyə məcburuq. Əvvəllər toy məclislərində israfçılığın baş alıb-getməsindən şikayətlənirdik. Hətta sadə formaya keçməsini, ailə, qohum-əqrəba arasında nikah məclisi ilə əvəzlənməsini təklif edirdilər. Nə oldu ki, indi hamı toy etmək arzusuna düşdü? Sosial şəbəkələrdə daha çox yazırlar, toy məclislərinin bərpasına icazə verilməsini tələb edirlər. Buna nə ehtiyac var? Kim evlənmək istəyirsə, nikah bağlayıb, ailə arasında çox kiçik tədbir edə bilər".

Koronavirusdan sonra toylarda israfçılığın aradan qalxacağı haqqında iddialara gəlincə isə, Tahir Əmiraslanov adətlərin dəyişməyəcəyini deyir: "Qətiyyən gözləmirəm! Biz xalq olaraq, "dambat"ıq. Özümüzü göstərməliyik. Avropada yaxın qohum dedikdə, ata-ana, bacı-qardaş nəzərdə tutulur. Bizdə isə qohum şəcərəsi xeyli böyükdür. Toya uzaq qohumlardan kimi isə çağırmadıqda inciyirlər. Yaxud toy sahibi özü maraqlıdır ki, hər kəsi restorana yığsın, toyu nümayiş etdirsin, özünü göstərsin. Virusun tamamilə aradan çıxmadığı vaxtda isə bu cür mənasız göstərişləri kənara qoymaq lazımdır. Dediyim kimi, kim evlənmək istəyirsə, nikah üçün müraciət etsin, evlənsin. Toylar üçün icazə verilməsi məqsədəuyğun da deyil. Ən azı yanvar ayında qədər bu cür kütləvi tədbirlərə məhdudiyyət olmalıdır. İcazə verilən də isə toya dəvət edilən qonaq sayını ən azı 3 dəfə azaltmaq gərəkli olacaq. Məsələn, bir stol ətrafında əvvəlki kimi 12-15 nəfər deyil, 3-5 nəfər otursa daha yaxşıdır. Amma maskadan istifadə tapşırılsa, yemək məsələsi anlaşılmazlıq qalacaq. İstənilən halda sosial məsafəni qorumaq, hər qonaqla öpüşüb-qucaqlaşmamağa çalışmaq, gigiyena qaydalarına əməl etmək lazım olacaq".

T.Əmiraslanovun sözlərinə görə, restoranların işçi heyəti, xüsusilə aşpazlar və ofisiantlar hər 3 aydan bir koronavirus testindən keçməli olacaqlar: "Bu, pulsuz aparılacaqsa, lap yaxşı. Amma müayinələr onların öz hesabına olsa, çətinlik yaranacaq. Nəzərə alsaq ki, onların mütəmadi qoruyucu vasitələr istifadəsi də tələb olunacaq, bu zaman xüsusilə, günəmuzd çalışan işçilər bu şərtlərə əməl etməyə pul çatdırmayacaqlar. Bütün bunları qaydasına salmaq üçün iş aparılır. Restoran sistemi çox mürəkkəbdir. Kommunal xərcləri çoxdur. Ərzağa verilən pul restorana adam gəlməsə batır. İşçilər dağıldıqda həmin kadrların yenidən bir araya toplanması çətin prosesdir. Avadanlıqlar işləmədikdə yararsız hala düşür. Zəncirvari proses olduğuna görə, bununla bağlı xüsusi qaydaların müəyyənləşməsinə ehtiyac var"

 

Vahid Ömərov

 

Səs.- 2020.- 11 sentyabr.- S.15.