Türkdilli ölkələrin birlik modeli güclənir

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü dünyada türk birliyinin daha da güclənməsinə şərait yaradır

 

Türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasından 12 il ötür. Təbii ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Naxçıvanda qəbul edilən qərarlarla türk dünyasının birliyi bu daha da möhkəmlənib. Türk Şurasının birinci Zirvə Görüşü "İqtisadi əməkdaşlıq" mövzusu adı altında 20-21 oktyabr 2011-ci il tarixlərində Almatı şəhərində baş tutmuşdur. Bu günə qədər keçirilən tədbirlər "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq", "Turizm sahəsində əməkdaşlıq" "Media və informasiya sahəsində əməkdaşlıq" və s. mövzular altında keçirilmişdir. Bundan başqa, üzv dövlətlər arasında ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilmişdir. Xəzər dənizi və Qara dəniz limanları arasında əlaqələrin inkişafı və Xəzər dəniz keçidinin nizamlanması üzv dövlətlərin nəqliyyat və gömrük sahəsi üzrə görüşlərin gündəliyində xüsusi yer tutmuş və Samsun, Bakı və Aktau limanları arasında qardaş limanlar əlaqələrinin yaradılması istiqamətdə atılmış addımdır. Türk Şurası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə 2013-cü il tarixində Bakıda ilk dəfə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilmişdir. Müasir dünyada türkdilli ölkələr arasında əməkdaşlıq daha da genişlənib.

 

Bildiyimiz kimi, martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bu ilin sonunda Azərbaycan Türk Şurasındakı sədrliyini qardaş Türkiyəyə təhvil verəcəyini və Türkiyədə keçiriləcək rəsmi Zirvə görüşündə Azərbaycanın sədrliyi dövründə gördüyü işlərlə bağlı məlumat veriləcəyini bildirib. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Şuraya sədrliyi öz üzərinə götürən zaman Azərbaycan Prezident İlham Əliyev bildirmişdi ki, biz var gücümüzlə çalışacağıq ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla icra edilsin: "Azərbaycanın təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək".

 

" XALQIMIZA QARŞI ETNİK TƏMİZLƏMƏ SİYASƏTİ APARILMIŞDIR"

 

Azərbaycanın təşkilat çərçivəsində siyasi və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığı uğurla davam etdirir. Budəfəki Zirvə toplantısının keçirilməsinin səbəblərindən biri kimi dünyada baş verən dəyişikliklər, xüsusilə pandemiya ilə mübarizə qeyd edilərək "Türk dünyasının gələcəyi 2040" adlı sənədin hazırlanması olub.

 

Bu dəfə keçirilən zirvə görüşündə 2020-ci ilin gündəliyinin zənginliyi diqqətdə olub və türk dünyası məhsuldar, Zəfər ili olaraq yadda qalıb. Belə ki, türk dünyası önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir.

 

Cənab Prezident II Qarabağ müharibəsi haqqında iştirakçılara məlumat verərək 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxladığın bildirib: "Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır".

 

Beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini daim dəstəklədiklərin diqqətə çəkən dövlət başçısı bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti olmadığını vurğulayıb: "Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. Halbuki real, praktiki müstəvidə məsələnin həllinə xidmət etmirdi".

 

Azərbaycan tərəfi məsələnin sülh yolu, danışıqlar masasında həll edilməsi istiqamətində addımlar atmış olsa da, dövlət başçısının qeyd etdiyi kimi, "Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdirErmənistan rəhbəri iki il bundan əvvəl bildirmişdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Təbii ki, bizim buna cavabımız oldu və ən ciddi cavab döyüş meydanında verildi".

 

Digər təxribat xarakterli addımlardan birinin də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi olduğunu diqqətə çatdıran Cənab Prezident bunun Azərbaycan xalqına qarşı təhqir oludğunu bildirib: "Qondarma "Dağlıq Qarabağ respublikası"nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də, - bu bina indi məhv ediləcək, yaxud söküləcək, - təxribat xarakterli addım idi. Yəni, bütün bu addımlar göstərirdi ki, Ermənistan bizi təxribata çəkir, bizdən sərt reaksiya gözləyir və ondan sonra günahı bizim üstümüzə yıxıb, yenə də məsələni daha 30 il uzatmaq istəyir".

 

"AZƏRBAYCAN YALNIZ DEYİL, TÜRKİYƏ AZƏRBAYCANIN YANINDADIR"

 

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximzə yeni bir gün yazdı. "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi", deyən Cənab Prezident bildirib ki, bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

 

Müharibənin ilk günündən Azərbaycan qardaş Türkiyədən böyük dəstək aldı. "Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi" deyən Cənab İlham Əliyev qeyd edib ki, Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır: "Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm".

 

Bu 44 günlük müharibədə Türkiyə Azərbaycanın yanında oldu. Onunla həmrəylik nümayiş etdirdi. Cənab Prezident Zirvə görüşü çərçivəsində bir çox siyasi dəstəklərin də olduğunu qeyd edib: "Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk. Digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizə öz siyasi dəstəyini göstərmişlər".

 

Qeyd edək ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Şərq və Qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarix səhnəsində yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlayıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü dünyada türk birliyinin daha da güclənməsinə şərait yaradır. Naxçıvan sazişinin imzalanmasından keçən 12 il ərzində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2021.- 6 aprel.- S.9.