Dünyanın tolerantlıq mərkəzi olan Azərbaycan

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 20 il ötür

 

Ölkəmizdə dözümlülük ənənələrinin qorunub saxlanılmasına töhfələrini verən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından artıq 20 il ötür. Dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixində yaradılıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə və dövlət–din münasibətlərinin tənzimlənməsində səmərəli fəaliyyətinə görə bir neçə əməkdaşları "Tərəqqi", "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunublar. Qeyd edək ki, müstəqil Azərbaycanın Banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Ulu Öndərin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. Dövlət Komitəsinin yaranması barədə fərmanla Komitənin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların dövlət qeydiyyatına alınması, zərərli təriqətlərin fəaliyyətinə son qoyulması və digər vəzifələr qoyuldu. Beynəlxalq aləmdə, xüsusilə regionda və ölkədə gedən proseslər, eləcə də dini durumda baş verən hadisələr Ümummilli Liderin bu qərarının nə qədər müdrik addım olduğunu bir daha təsdiqlədi.

 

PREZİDENT CƏNAB İLHAM ƏLİYEVİN MƏQSƏDYÖNLÜ FƏALİYYƏTİ NƏTİCƏSİNDƏ MULTİKULTURAL VƏ TOLERANT MÜHİT FORMALAŞIB

 

Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, dini sahədə sabitliyə nail olunub, konfessiyalar arasında dözümlülük mühiti dövlət səviyyəsində qorunub saxlanılır. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev bütün sahələrə olduğu kimi, bu sahəyə də ayırdığı diqqət nəticəsində milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövlətinə çevrilib. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, multikultural və tolerant mühit formalaşıb. Dövlət siyasətini həyata keçirən Dövlət Komitəsi 20 illik fəaliyyətində dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli təriqətlərin təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilir və zaman keçdikcə onların həllində müsbət nəticələr əldə olunur. Dini maarifləndirmə işini Komitənin təsis etdiyi "Cəmiyyət və Din" qəzeti, "Dövlət və Din" ictimai fikir toplusu, DQİDK əməkdaşlarının müəllifi olduğu nəşrlər, eləcə də televiziya proqramları vasitəsilə də aparan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında dini radikalizmin, xurafatın törətdiyi fəsadları və təhlükələri ictimaiyyətə daha aydın şəkildə çatdırmaq, həmçinin, bu sahədə maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə "Fitnə", "Şəhadət", "Vəhdət qanımızdadır" və digər sənədli filmlər çəkilərək geniş ictimaiyyətə təqdim edilib. Komitənin aidiyyəti qurumlarla birgə təşkilatçılığı ilə Azərbaycanın tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin, eləcə də zəngin mənəvi-əxlaqi irsinin təbliği istiqamətində "Ekstremizmə qarşı mübarizədə din və etiqad azadlığının təmin olunması: Azərbaycandakı çətinliklər və mövcud təcrübə", "Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması", "Din və demokratiya: nəzəriyyə və tarixi təcrübə", "Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər", "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası", "Rusiya-Azərbaycan: sülh təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi", "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" və s. mövzularında beynəlxalq konfranslar, simpoziumlar, panellər keçirib.

 

AZƏRBAYCAN ÖZ DİNİ MÜXTƏLİFLİYİ İLƏ FƏXR EDİR

 

Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkəyə çevrilib. Bu gün ölkəmizdə 2250 məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir.

 

Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir. Çünki Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Təsadüfi deyil ki, xristian və müsəlman icmaları ilə yanaşı yaşayan təqribən 30 minlik yəhudi icması isə Azərbaycanda iki min ildən bəri yaşamaqdadır. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir. 2010-cu ilin oktyabrında isə Bakının Xətai rayonunda yerləşən üçmərtəbəli təhsil kompleksi ən müasir tələblər səviyyəsində istifadəyə verilmişdir. 450 yerlik mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır. Azərbaycanda yaşayan yəhudilər hər il öz bayramlarını qeyd edirlər. Bayram vaxtı sinaqoqda ibadət edir, şofar (musiqi aləti) səsləndirir, xüsusi ayinlər yerinə yetirir, yardıma ehtiyacı olan şəxslərə kömək göstərir, bir masa ətrafına toplaşaraq günahlarının bağışlanması üçün dualar edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.

 

ÖLKƏMİZDƏ MULTİKULTURALİZM ƏNƏNƏLƏRİ QORUNUB SAXLANILIR, İNKİŞAF ETDİRİLİR VƏ TƏBLİĞ OLUNUR

 

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məlum Sərəncamı ilə paytaxtımızda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Multikulturalizm Mərkəzi yarandığı vaxtdan etibarən Prezidentin müəyyənləşdirdiyi Azərbaycanı, ölkəmizin multikultural dəyərlərini, tolerantlıq ənənələrini dünyada tanıtmaq hədəfini qurumun aparıcı istiqaməti elan edib. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsinə çevrildi. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Sosial bir hadisə olan multikulturalizm və tolerantlıq cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Təbii ki, multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir.

 

Müasir dövrümüzdə ölkəmiz bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlətdir. Bütün bunlara rəğmən qürur hissi ilə deyə bilərik ki, bəli, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib.

 

Zümrüd BAYRAMOVA

 

 Səs.- 2021.- 22 iyun.- S.10.