Əlvida Ramiq Muxtar!

    

 

30 May 2021-ci ildə şair-dramaturq Ramiq Muxtarın vəfatından 40 gün keçir.

 

Hə, Ramiq Muxtar, sən də bizləri atıb, bu dünyanın sirli-soraqlı pəncərələrini gücün yetərincə bir-birinə çırpıb gedə bilərmişsən dünyanın o üzünə, gedər-gəlməzə...

 

İndi qırxıncı günündür ki, yoxsan...

 

Səni bu dünyaya gətirənlərin - anan Pakizə xanımın, atan Muxtar kişinin dünyasına gedib çıxmısan, çətinliklə, əzab-əziyyətlə, tutaşa-tutaşa, süpürləşə-süpürləşə...

 

Son aylarda hər gün zəngləşərdik, elə hey darıxardın cənab Əzrailin qədim sifətini görməyə, axır ki, görüşünüz bir yaz gecəsində, güllər açılan vaxtda baş tutdu...

 

Tanış olduğumuz o xoşbəxt gün dəqiq yadındamı, - 1976-cı ilin oktyabr ayının 17-si idi. Qədim Bakı vağzalında, Bakı-Moskva qatarının yola düşməsinə 1-2 saat qalmış məni Yuqoslaviyaya gedəcək qrupun tərkibi ilə tanış etdilər. Əslində çoxdan tanış olmalıydım. Necə deyərlər, üzürlü səbəblərə görə şəhərdə olmadığımdan xarici səfərə gedəcək dəstənin rəhbəri kimi hələ onunla tanış deyildim.

 

Belə qənaətə gəlmişdim ki, qatarda, yolda hamı ilə bir-bir tanış ollam... Bir də gördüm ki, ucaboy, gur, qıvrım saçlı, son dərəcə səliqəli və dəbə uyğun geyinmiş bir cavan oğlan mənə yaxınlaşıb salam verdi və dedi:

 

- Mən də sizin dəstəyə daxiləm. Sizdən bir xahişim var, icazə verin sizinlə bir kupedə gedək, qoymaram darıxasınız, həm də yaxından tanış olarıq. Mən sənin əyin-başına diqqətlə baxdım, doğrusu geyim-kecimindən xoşum gəldi, bir də Naxçıvan ləhcəli duzlu danışığından...

 

Mənimlə bir kupedə gedəcək Alik adlı cavan oğlana dedim ki, sən başqa kupeyə keç bu kişi mənlə bir yerdə getmək istəyir. Onda sənin 34 yaşın vardı, aşıb-daşan, qaynayan vaxtın idi. Mən də babatdım, hələ 40-a çatmamışdım, pis deyildim, yarpaqlarım saralmamışdı...

 

Dedin ki, Şahbuz Musiqi məktəbinin direktorusan, şairsən və s.

 

Qatarımız Biləcəri stansiyasını yenicə keçmişdi ki, iki nəfərlik “SV” deyilən kupenin ikinci qatındakı kiçik kardon qutuları göstərib dedin:

 

- Ramiz müəllim, o qutularda nə var elə?

 

Mən tez cavab verdim:

 

- Dağlı çörəyi, pendir, çolpa qızartması, yarpaq dolması, qatıq, göyərti, şoraba, zoğal mürəbbəsi, tut arağı...

Sözümü kəsib dedin:

 

- Nə yaxşı, mən çatdıra bilmədim ki, Ordubaddan tut arağı gətirdim. Tut arağı dərmandı, bəlkə bir dadına baxaq...

 

Beləcə açıq, təbii, səmimi sorğu-sualdan sonra ta bizə nə lazım idi ki...

 

Yuqoslaviyadakı günlərimizdən bir-iki əhvalat yadımda möhkəm qalıb.

 

Belqradda elə birinci gecə qaldığımız oteldə mənə dedilər ki, sizi bir nəfər soruşur, görüşmək istəyir. O bir nəfəri otağıma dəvət etdim, tanış olduq. Ortaboy, son dəbdə geyinmiş, yaraşıqlı cavan bir kişiydi.

Özünü təqdim etdi: Mən Təvəkkül Hüseynovam, “Neftçi” futbol komandasının yarımmüdafiəçisi Ələkbər Məmmədov, Anatoli Banişevski, Kazbek Tuayev, Tofiq Axundov komanda yoldaşlarım idi. Hazırda BMT-nin Yuqoslaviyada neft sahəsi üzrə nümayəndəsiyəm, professoram, elmlər doktoruyam. Bacım qızı sizin dəstənizdədir, gəlmişəm ki, onu evə aparım, səhər gətirərəm. Qulluğunuzda hazıram.

 

Sən də bu söhbətdə iştirak edirdin, Ramiq, “qulluğunuzda hazıram”ı eşidən kimi yavaşca pıçıldadın ki, bizə pivə alsın, hava istidir, ürəyim yanır...

 

Təvəkkül müəllim soruşdu ki, bu cavan oğlan nə istəyir?

Dedim ki, pivə.

 

Yuqoslaviyanın təbiət mənzərələri, meşələri, bulaqları, nəhəng tunelləri bizi heyran etdi, Sarayevo, Dubrovnik kimi şəhərləri maraqlıdır.

 

Sarayevoda (Saray oba) məscidə getdik, küçələrdə müsəlman-türk izləri açıq-aşkar hiss olunurdu bu qədim, tarixi şəhərdə.

 

O da yadımdadır ki, Sarayevoda olarkən bir gün otağımın qapısı döyüldü və üz-gözü qan içində olan bizim turist dəstəmizin bir murdar erməni üzvü içəri girdi.

 

O erməni oğlundan soruşdum ki, səni bu hala kim salıb, qayıtdı ki, Ramiq Nağıyev... Səni çağırdım, dedim ki, bu nə məsələdi, bu oğlanı niyə döymüsən?

 

Sən dedin ki, parkda gəzirdim bir də gördüm bu alçaq erməni kişiylə erməni dilində mırt vurur. Mən də döydüm.

Dedim ki, lap yaxşı eləmisən, günah bu yaramazda deyil, günah onu bizim dəstəmizə qoşanlardadır.

Bakıya dönəndən sonra həmən erməninin işlədiyi Tibb İnstitutunun partkomuna zəng edib iradımı bildirdim, onu da dedim ki, o boyda institutda bir nəfər azərbaycanlı balası tapılmadı ki, bu cındır ermənini xaricə gəzməyə göndərirsiniz... Səndə həssaslıq, milli duyğular, istiqanlılıq yetərincəydi, Ramiq Muxtar.

 

Adriatik dənizinin sahillərinə gedib çıxmışdıq. Bizim hamımıza tapşırdın ki, çöllərdən payız çiçəkləri toplayaq. Sonra bizi sıraya düzüb dedin ki, gəlin, indi də bir dəqiqəlik sükutla Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüzeynzadənin xatirəsini yad edək, bu çiçəkləri Adriatik dənizinə səpək...

 

Bax, belə. Sən maraqlı, mənalı bir ömür yaşaya bildin. Hələ 11 yaşın olanda Naxçıvana gəlmiş böyük şairimiz Səməd Vuruğunun qarşısında öz şeirini oxumusan, rəğbət qazanmısan. Qüdrətli şairimizin təşəbbüsü ilə Krıma - “Artek” pioner düşərgəsinə dincəlməyə getmisən.

 

Hələ Bakıda Mədəniyyət və İncəsənət Universitetində oxuduğun illərdə istər paytaxtımızın, istərsə də Naxçıvan Muxtar Respublikasının mədəni həyatında yaxından iştirak etmisən. Tələbəlik illərində Akademik teatrda işə düzəlmisən, rejissorluq sənətinin sirlərini öyrənməyə başlamısan, teatrın texniki işlərinə belə baş vurmusan.

Əslində, sənin əmək fəaliyyətin Naxçıvanla daha çox bağlıdır. Bu da təbiidir, canın qədər sevdiyin bu gözəl diyarın dağları, meşələri, bulaqları, havası, ən qiymətlisi isə adamları sənin bütün varlığında əks-səda tapmışdı, onların hamısı sənin qəlbində, ruhunda, çoxsahəli fəaliyyətində, özünəbənzər, fərdi bədii yaradıcılığında dadlı Badamlı suyu kimi həmişə qaynamışdır.

 

Dünyanın hansı səmtinə yetmisənsə Naxçıvanın da gözəlliklərini, şirinliyini, istiqanlılığını, səmimiyyətini, sevgisini özünlə aparmısan. İnsan da Vətənini, yurd-yuvasını bu qədər istəyərmiş, sevərmiş, ilahi! Hələ onu demirəm ki, xəstəliklə əlbəyaxa olduğun bu günlərdə elə hey “Qarabağ”, “Şuşa” deyirdin.

 

Qarabağ səni istəkli övladı kimi bağrına basmışdı. Ağdam Dram Teatrında, Şuşa Dövlət Teatrında sənin dram əsərlərin – “Əlvida, köhnə dünya”, “Üfüqlər qızaranda” pyeslərin böyük uğurla tamaşaya qoyulmuş, bir dramaturq kimi sənə şöhrət gətirmişdi.

 

Hə, Ramiq, hara gedib çıxsaq da, hara hərlənsək də sənin ədəbiyyatımızın, xüsusilə dramaturgiyamızın inkişafında xidmətlərindən danışmamaq olmur. Arabir mənimlə mübahisə edərdin. Mənim sənin bir dramaturq kimi daha çox fəallıq göstərmək, məşhurlaşmaq, yaradıcılığında bu sahəyə daha çox üstünlük vermək fikrimlə nədənsə razılaşmırdın.

 

Deyirdin ki, mən şairəm, sonra dramaturqam. Mən də deyirdim ki, ay qardaş, sənə kim deyir ki, şeir yazma, yaz. Onsuz da şeir yazanlarımız nə qədər istəsən... Amma bu gün pyes yazanları tək-tək göstərmək olar. Teatr sənətinin inkişafına daha çox ehtiyacımız var. Sənin Bakı, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Ağdam, Şuşa Dövlət Teatrlarında dram əsərlərinin tamaşaya qoyulması adi məsələ deyil, sən bir dramaturq kimi daha uğurlu addımlar atırsan. Nə vaxtsa məndən küsdün də, bir müddət zəngləşmədik də... Mənə demişdin ki, “Özgə ürəyi” adlı pyes üzərində işləyirsən. Hətta o əsərin məzmununu da mənə danışmışdın, maraqlı və orjinal idi. Ən azı on il bundan qabaqkı vaxtların söhbəti idi bu söhbət. Hanı, indi o əsər, əlyazması var, yoxdur deyə bilmərəm...

Sənin “Seçilmiş əsərlər” adı ilə nəşr edilmiş üç cildliyini oxumuşam. Həqiqətən də oxumalı kitablardır, mövzu və janr baxımından da diqqətçəkəndir. “Mənim oyaq yuxularım” başlığı altında verilmiş kiçik həcmli, axıcı, şirin bir dildə yazılmış əhvalatları oxuduqca doymursan.

 

Sənin unudulmaz rəhbərimiz Heydər Əliyevlə əlaqələrin özü zəngin hadisələrlə, yaddaqalan görüşlərlə əlamətdardır, olduqca maraqlı və deyərdim ki, tarixidir.

 

Heydər Əliyev Naxçıvanda Pedaqoji texnikumda sənin anan Pakizə xanımla bir kursda oxumuşdu. Vilayətin quruculuq işlərində böyük fəallıq göstərmiş atan Muxtar Nağıyevlə Ulu Öndər yaxından tanış idi, onun təşkilatçılıq qabiliyyətinə yüksək qiymət vermişdi. Və bir faktı da qeyd etməyi vacib sayıram ki, ulu rəhbər keçən əsrin 90-cı illərində Moskvadan qayıdıb Naxçıvanda yaşadığı vaxtlarda sən vaxtaşırı onu ziyarət eləmisən, saatlarla ikilikdə söhbətləriniz olub, özün dediyin kimi, səninlə dərdləşib.

 

Bu azman rəhbərin sənə, sizin ailəyə xüsusi münasibəti vardı. Böyük rəhbər bilirdi ki, Ramiqin atası Muxtar Nağıyev əslən irəvanlıdır. Babası Məşədi Abbas bəy Ənnağıbəyov İrəvanda çox hörmətli və varlı bəylərdən biri olmuşdur. Fransada iqtisadi təhsil almışdır. Rus, fransız, erməni dillərini bilirmiş, İrəvanda Teatr meydanında ikimərtəbəli ev tikdirmiş və həmin evdə indi 10 erməni ailəsi yaşamaqdadır.

 

Muxtar kişinin həm də məşhur həkim Mustafa bəy Topçubaşovla da qohumluq əlaqələri vardı.

 

Hörmətli dövlət xadimi Əziz Əliyevin ailəsi ilə simsar idiniz. Onu mən də bilirəm ki, Dünya Azərbaycanlılarının I Qurultayı ərəfəsində ölkə prezidenti Heydər Əliyev yalnız sənə tapşırmışdır ki, Dünya Azərbaycanlılarının birlik nəğməsinin mətnini yazarsan. Sən yazdın, Xalq artisti Nəriman Məmmədov musiqisini bəstələdi. Beləliklə birlik nəğməsi geniş yayıldı.

 

Sənin şeirlərinə 120-dən çox mahnı yazılıb, hərbi vətənpərvərlik mövzusunda yazdığın sözlərə bəstələnmiş mahnılar səkkiz dəfə birinci mükafata layiq görülmüşdür.

 

Onlarla bəstəkarımız sənin sözlərinə mahnı bəstələmişdir. Xalq artistləri Nəriman Məmmədovu, Ramiz Mustafayevi, Nəriman Əzimovu, Sərdar Fərəcovu xüsusilə qeyd etmək gərəkdir. Əllidən çox ifaçı sənin sözlərinə yazılmış mahnıları səsləndirmişlər.

 

Xeyli sayda himn mətnlərinin müəllifisən, hətta “Qarabağ” futbol komandasının himnini də qələmə almısan. Sənin şeir yaradıcılığın da özünəməxsusluğu ilə seçilir. Əlbəttə, sənin milli Azərbaycan şeirinin inkişafında yerin, rolun ayrıca bir mövzudur. Bu sahədə mənim təhlil aparmaq məqsədim yoxdur, belə məsələlər ədəbi tənqidlə məşğul olan kəslərin işidir, təbii ki...

 

Amma sənin elə şeirlərin var ki, seçilir, sayılır, diqqətdən yayınmır.

Misal üçün “Ana durnanın ölümü” şeiri əslində kiçik həcmli poema təsiri bağışlayır:

 

Ana durna can üstədir

Beş balası sağ-solunda.

Bir durnası gəlib çıxmır

Gözü qalıbdır yolunda...

 

Bu misralarla başlayır şeir. Ana cənab Əzraildən möhlət istəyir, bir balası hələ gəlib çıxmayıb, can vermək istəmir ana. Nəhayət ki, axırıncı altıncı balası gəlib çıxır və ana rahatlanıb dünyasını dəyişir. Real hadisələr əsasında yazılmış bu şeir dəyərlidir, oxunaqlıdır, yaddaqalandır, inandırıcıdır.

 

Elə hadisələr, əhvalatlar da var ki, sən satirik qələmlə münasibətini bildirməyi bacarmısan. Qarabağ problemləri ilə məşğul olacaq “ATƏT”in Minsk qrupunun simasızlığı, başqatması, murdar ermənilərin tərəfini saxlaması, fəaliyyətsizliyi hamıya aydındır, məlumdur. Sən özünün məşhur “Üç kəndirbaz” şeirində Minsk qrupunu bir daha ifşa etmisən, Ramiq Muxtar:

 

Deyirlər hər gecənin

İşıqlı gündüzü var.

Ayın da bizdən küsən

Görünməyən üzü var.

Bu oyundu, Vallahi

Xristian izi var.

Xaç atası İsadan

Gəlmirsə göydən səda,

Qurtarmaz bu oyunu

Üç kəndirbaz, üç gəda!

 

Ümumiyyətlə, sənin ədəbi yaradıcılığın üç ədəbi janr üzrə istiqamətlənib desəm düz olar: poeziya, nəsr, dramaturgiya və mən bu üç qolda dramaturgiyaya üstünlük verərdim. Sən daha kamil dramaturqsan, həm də rejissorsan, unudulmaz kişi. Bəlkə mən düz demirəm, amma qənaətim belədir. Sənin Naxçıvanın mədəni quruculuğunda xidmətlərin danılmazdır. Uzun müddət Şahbuz musiqi məktəbinin direktoru olmusan, gənc nəslin milli musiqimizi sevməsi yolunda xeyli işlər görmüsən, respublika və vilayət festivallarında uğurlar qazanmısan və s.

 

Hələ lap gənc yaşlarından Naxçıvan televiziya və radio komitəsində, “Şərq qapısı” qəzetində əməkdaşlıq eləmisən, Naxçıvan Filarmoniyasının rəhbəri olmusan.

 

Naxçıvan vilayət Bədən Tərbiyəsi və İdman Komitəsinə başçılıq etdiyin dövrdə vilayətdə idmanın, xüsusilə futbolun inkişafında qazandığın uğurlar hamının yadındadır.

 

Bakıda, Naxçıvanda, Tiflisdə və digər şəhər və rayonlarda ədəbiyyat və incəsənət xadimlərinin (o cümlədən, Hüseyn Cavidin, Aşıq Şəmşirin) yubiley tədbirləri sənin təşkilatçılığınla keçirilib.

 

Dostun, həmkarın kimi, Tiflisdə keçirilən belə tədbirlərdə sənin təşəbbüsünlə mən də iştirak etmişəm.

Sənin fəaliyyətinə dövlətimiz tərəfindən qiymət verilmişdir deyə bilərəm, fərdi Prezident təqaüdü almısan, beynəlxalq “Rəsul Rza” mükafatı laureatısan.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən sənə yeni tikilmiş binalarda mənzil verilmişdir və s.

 

Gürcüstan-Azərbaycan xalqlarının dostluğundan bəhs edən “Şəhərli kürəkən” pyesinə görə Gürcüstan Respublikasının Prezidenti Eduard Şevarnadzenin sərəncamı ilə 2003-cü ildə “Şərəf” ordeni ilə təltif olunmusan.

 

Ailəcanlılıqda, qohumluq ünsiyyətində, dostbazlıqda tayın-bərabərin yoxdur. Respublikanın hər bölgəsində dost-tanışın var. Həmişə deyərdin ki, ən böyük kapitalın dostluqdur.

 

Xeyirxahlıq, darda qalanlara əl uzatmaq, bürokratların sərt sifətini görənlərin harayına səs vermək kimi humanist cəhətlər sənin həyat tərzində həmişə özünü göstərib.

 

Bu sahəyə dair onlarla misal çəkə bilərəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyində uzun illər xüsusi bir sahəyə rəhbərlik etmisən.

 

Sən mükəmməl ailə başçısı kimi də nüfuz sahibisən, bir qızın, üç oğlun müstəqil ailə sahibləridirlər, hamısı ali təhsillidir və həmin bu ailələrdə sənin nəvələrin böyüyür.

 

Ramiq, son dövrlərdə biz səninlə hər gün zəngləşərdik. Qarabağla bağlı hələ də narahat idin, qalib bayrağımızın Xankəndində qaldırılacağı günü gözləyirdin, gözəlimiz Şuşadan arxayın idin və mənə də deyirdin ki, şərait yaranan kimi Ağdama – ata yurduna qayıt, ömrünün qalan payını orada yaşa.

 

Mən də sənə söz vermişəm. Canım, ruhum Ağdama gedib orda yaşamaq mənim ən böyük arzumdur, inşallah. İstəkli dostlar, bu yazını oxuyan insanlar, Ramiq Muxtar haqqında danışmaqla qurtarası deyil, bu yazını qələmə almaqla çalışdım deyim ki, görün biz necə bir qiymətli insan itirmişik, müqtədir bir sənətkarı, istiqanlı, millətsevər, ürəyi türk sevgisilə çırpınan bir şəxsiyyət itirmişik. Mən bu əlvida məktubuma Ramiq Muxtarın seçilmiş əsərlərinin III cildində “Ürəyimdən keçən istəklərim” başlığı altında verilmiş yazısından sənətkarın bəzi istəklərini də əlavə etməyi məqsədəuyğun bildim: İstərdim ki, Heydər Əliyevin əzəmətli heykəli Dağüstü parkda keçmiş Kirov heykəlinin yerində qoyulsun və şəhərin hər yerindən görünsün.

 

- Fikrət Əmirov dünya şöhrətli bəstəkardır. Yaxşı olar ki, mənası bilinməyən “Ulduz” metrosuna onun adı verilsin.

- Moskvadan yurduna-yuvasına - Naxçıvana xəstə, zəifləmiş halda dönmüş Heydər Əliyevin sağlamlığı, gümrahlığı uğrunda xeyli iş görmüş və onun tam sağalmasına nail olmuş, hazırda Naxçıvanda yaşayan Sənifə anaya qayğıkeşliyinə və fədakarlığına görə “Şərəf” ordeni verilsin və s.

 

Ramiq, sən deyirdin ki, yaxşı olar ki, Şuşada Pənahəli xanın heykəli qoyulsun. Bu, yaramaz haylara göz dağı olar...

 

Unudulmaz və əvəzsiz dost, bu kiçik yazını böyük Nazim Hikmətin 1932-ci ildə yazdığı aşağıdakı misraları ilə bitirmək qənaətinə gəldim:

 

Kəsilmiş bir qol kimi

Çiynimizdədir boşluğun...

 

Bu sözlərdən sonra daha nə demək olar ki....

 

Ramiz MƏMMƏDZADƏ,

 

 Səs.-2021.- 21 may.- S.12,13.