Gombul

 

 HEKAYƏ

 

Bu hekayəni uşaqlarınıza oxuyasınız deyə yazdım

Bu hekayədə uşaqlığımın bir acı xatirəsini qələmə aldım. Bəlkə də bir çoxlarınızın gözləri dolacaq, qəhər sizi boğacaq, amma sizi inandırıram ki buna dəyər. Xatirələrdən qurtulmaq çətindir, biz etdik, siz etməyin deyə yazdım, əziz balalar.

Xatirələrin daş yaddaşı- unudulmaz insanlıq dərsi haqda real həyat hekayəsi

80-ci illərin ortaları. Qayğısız uşaqlıq illəri. 12 yaşım olardı. Hər gün məktəbdən çıxandan sonra gəlib qırmızı qalstukumuzu və pencəyimizi çıxarıb yol kənarındakı ağacdan asır, çantalarımızı üst-üstə yığıb qapı düzəldərək küçədə futbol oynayardıq. Məktəbimizin stadionu bizdən böyüklər tərəfindən zəbt edildiyi üçün küçədə oynamağa məcbur idik. Hər dəfə maşın gələndə kənara çəklilib yenidən qızğın mübarizəyə başlayardıq.

Günlərin bir günü yenə futbol oynamağa hazırlaşdığımız vaxt kənarda kök bir yaşıdımız peyda oldu. Bölünmə zamanı bizə yaxınlaşıb ürkək səslə “olarmı, mən də oynayım” deyə soruşdu. Uşaqlar buna baxıb “sən gombul şeysən, səndən futbol oynayan çıxmaz” deyərək kənara itələdilər. Pərt olmuş uşaq kənara çəkildi.

“Niyə öz küçənizin uşaqları ilə oynamırsan” deyə soruşdum, cavab verdi ki, bizim küçədə futbol oynamırlar. Halbuki, mən bilirdim ki, Tovuz şəhərinin bütün küçələrində hər gün futbol oynanır, başa düşdüm ki, onu gombul olduğuna görə öz küçəsinin uşaqları komandaya götürmürlər.

Bölünmə zamanı məlum oldu ki 9 nəfərik, komandalar 4-ə 5 nisbətində olacaq. Məcbur qalıb bu oğlanı da əlavə etdik, amma qapıçı dayanmaq şərtilə.

Qızğın oyun başladı. Gombulun cəld olmaması ucbatından bir neçə ardıcıl qol buraxdıq və oyunu uduzduq. Komanda yoldaşlarım yığılıb onu döyməyə başladılar. Əlləri ilə üzünü qoruyaraq yazıq görkəmlə, yalvarışlı baxışlarla bizə baxan oğlan yediyi aramsız zərbələrə rəğmən səsini çıxarmırdı, səssiz ağlayırdı. Araya girib onu uşaqların əlindən almağa çalışdım. Tutaşma zamanı sol əlimin çeçələ barmağı arada qalıb burxuldu və yerindən çıxdı. Ağrıdan özümü güclə saxlayaraq evə tərəf üz tutdum. Yeni “dostumuz” isə axsaya-axsaya qonşu küçəyə tərəf getdi.

Evdə qorxumdan barmağımın çıxdığını deyə bilmədim. Hadisələri qabaqlayaraq deyim ki, barmağım yerinə düz oturmadığından orta bükükdən bir az əyritəhər qaldı və hələ də elədir.

Sabahkı gün oyun vaxtı gombul oğlan yenə bizim küçəyə gəldi. Bu dəfə onu komandaya yaxın buraxmadıq. Axıra qədər yorulmadan kənara çıxan topları bizə daşımaqla məşğul oldu. Bizə elə gəlirdi ki, o, varlı ailənin müxtəxor uşağıdır, çox yeməkdən, tənbəllikdən belə gombuldur və bütün günü tıxmaqdan başqa əlindən heç bir iş gəlmir. Bu təəssürat səbəbi ilə uşaqlar boş vaxt tapan kimi birləşib onu döyürdülər. Heç vaxt “döyməyin” demirdi. Uşaqlar onu döyməklə yanaşı atasına və anasına ağır söyüşlər söyürdülər. O isə yalnız bir söz deyirdi- söyməyin.  (Niyə belə dediyini bir neçə gün sonra başa düşdüm.)

Əvvəllər mən bu kollektiv divanda iştirak etmirdim, sonra yoldaşlarım məni lağa qoymağa başladılar ki, sən qorxaqsan, ona görə onu vurmursan. Belə döyüşlərin birində bu qınaqlara dözməyib qorxaq adını üzərimdən götürmək üçün mən də ona bir neçə şillə-təpik vurdum. Oğlan özünü müdafiə etmir, təəəcüblə mənə baxırdı. Mənə elə gəldi ki, məni güclü saymır deyə məndən qorxmur. Bu məni qəzəbləndirdi və onun üstünə cumdum. Özünü qorumaq üçün məni itələyib qaçmaq istədi. Arxası üstə yerə yıxıldım və uşaqlar gülməyə başladı. Bundan daha da əsəbiləşdiyimdən durub onu yaxşıca əzişdirmək istədim, lakin məsafəyə baxıb başa düşdüm ki, çatıb tuta bilməyəcəm.

 

Yerdən bir daş götürüb var gücümlə ona tərəf atdım. Deyim ki, əl daşı atmaq üzrə o vaxt mən az qala qeyri-rəsmi dünya çempionu idim. İstədiyim hədəfi uzaq məsafədən dəqiqliklə vura bilirdim. Hətta göydə uşan quşu belə uzaqdan əl daşı ilə vurub saldığım hallar olmuşdu.

Bu dəfə atışım daha dəqiq alındı, təxminən 30-40 metr məsafədən atdığım daş parçası düz başına dəydi. Gombulun başı yarıldı, əlləri ilə başını tutub yerə yıxıldı, qan üst-başına axmağa başladı. Qorxumuzdan hərəmiz bir yerə qaçıb dağılışdıq. Axşama qədər evə gəlməyə ürək eləmədim. Axşam evə gələndə anam məni yaxşıca çırpdı. Soruşdu ki, bəs səhərdən səni axtarırıq, xalqın uşağının başını niyə yarmısan, indi xəstəxanadadı, anası bura gəlmişdi, üzümüzə demədiyi söz qalmadı, bizi milisə çağırıblar.

Bir az keçmiş atam gəldi, əhvalatı artıq kimsə ona danışıbmış, heç nə demədən başını bulayaraq mənə elə sarsıdıcı bir nəzər saldı ki, anamın vurduğu şillə şapalaqlardan betər oldu, ölsəm bundan yaxşı idi…

Öz aralarında nəsə danışdılar, sonra məni götürdülər, getdik qonşu küçəyə, gombulun evinə. Kiçik bir həyət evi, daxma kimi… hər yerdən kasıbçılıq və imkansızlıq yağır. Bizi anası qarşıladı. Evdə ağlamaqdan gözləri qızarmış, 7-8 yaşlarında kiçik bir qız uşağı da var idi, o oğlanın bacısı olduğunu başa düşdüm. Anası mənə heç nə demədi, sadəcə əlimdən tutub içəri otağa keçirdi. Oğlan başı tamam sarıqlı halda çarpayıda uzanmışdı. Başının arxa tərəfindən iri qan ləkəsi sarığın üstündən görünürdü. Məni görəndə gözləri doldu. Nədənsə üzü də bir az şişmişdi. Sakitcə mənə baxırdı. Bilmirdim nə deyim, elə ağzımı açıb “bağışla” demək istəyirdim ki, dilləndi- məni niyə vurdun qaqa, mən sənə neyləmişdim?…

Hələ bu qədər güclü sarsıldığım olmamışdı. Qəhər məni boğurdu. O dərəcədə ki, “bağışla” deməyə belə gücüm çatmadı, gözlərim dolmuş, yaş yanaqlarımdan aşağı süzülürdü. Bir yandan “əsərimin” təsirli mənzərəsi, bir yandan da onun və ailəsinin haqqındakı təsəvvürümün alt-üst olması sardıcıdı təsir göstərdi. Mən və yodaşlarım elə bilirdik ki, o imkanlı bir ailənin müxtəxor və tənbəl, bacarıqsız və bivec uşağıdır. Elə onu tez-tez döyməyimizin əsas səbəbi də bu idi…

Yaşlı gözləri ilə mənə baxdığı vaxt, onu daşla vurduğum səhnə təkrar-təkrar gözümün qarşısından keçirdi. Kaş ki, zamanı geri qaytarmaq olaydı, deyə düşünürdüm. Saçıma bir əl toxunduğunu hiss edəndə özümə gəldim. Anası idi. “Bala mən bu uşağı nə zülümlə böyüdürəm, xəstə uşaqdı, niyə onu bu hala salmısınız, sizə nəsə edibsə de, cəzasını verim”- deyə gözlərini üzümə zillədi. Susmaqdan başqa yol tapmadım… Atamla anamın xəcalətlərindən necə yerə girdiklərini görür və hiss edirdim ki, bu da sarsılma dərəcəsini ən yüksək həddə çatdırırdı…

 

Ana bizə çay süzüb qarşısımıza qoydu və böyüklər söhbətə başladı. Məlum oldu ki, gombulun atası zavodda fəhlə işləyib, bir neçə il əvvəl infarktdan rəhmətə gedib. (Birdən başa düşdüm ki, biz onu döyəndə o aldığı zərbələrə görə yox, vəfat etmiş atasına söydüyümüz üçün ağlayırmış və məhz buna görə bizə “döyməyin” yox, “söyməyin” deyə yalvarırmış. Yeganə təsəllim o idi ki, mən onu söyməmişdim. Köz yarası sağalar, söz yarası sağalmaz…)

Ana idarədə xidmətçi işləyir. Bu evdə kirayə qalırlar. (Biz də kirayədə qalırdıq, lakin bizim qaldığımız ev bu evə nisbətən xeyli yaxşı şəraitdə idi- bununla belə o vaxt kirayədə yaşamağın nə demək olduğunu anlayacaq yaşda deyildim). Ana aldığı maaşın bir hissəsini bu evə kirayə haqqı verir. Yerdə qalan pulla həm uşağı müalicə etdirir, həm də yemək-içməklərini güclə çatdırır. Uşağın köklüyü də elə xəstəlikdən imiş, biz düşündüyümüz kimi bütün günü yağ-bal tıxamaqdan deyilmiş. Anasının dediyinə görə çox az yeyirmiş, ona güclə yemək yedirdirmiş. Heyrətlə bu qadına baxırdım. Qadının üzündə erkən qocalmış, həyatın bütün acılarını görmüş fədakar bir ananın möhtəşəm portreti cızılmışdı. Bu portert peşmançılıqdan və qəhərdən boğulmağımı maksimuma çatdırmışdı…

***

O gecə səhərədək yata bilmədim, balışım tamam  su olmuşdu. Valideynlərimin vurduğu şillə şapalaq, “haram olsun sənə” sözləri və 1 aylıq küçəyə çıxmama cəzası çəkdiyim vicdan əzabının yanında çox yüngül cəza idi.

 

O gecə neçə il yaşlandım sanki. O gecə uşaqlığımın son gecəsi idi…

***

O uşağı bir daha görmədim. Sonra eşitdim ki, harasa başqa yerə köçüblər. Bəlkə də bizim əlimizdən…

***

5 il keçdi. 1991-ci ildə orta məktəbi bitirdik. Qaranlıq 90-ci illər həyatımızın ən mənalı çağına bomba kimi düşdü. Biz həyata atılmağa hazırlaşanda ölkə dağldı, müharibə başladı, aclıq, yoxsulluq, işsizlik, anarxiya baş alıb getdi…

Tələbəliyim həm oxumaq, həm işləməklə keçirdi. 90-ların əvvəlində hiperinfilyasiya baş alıb gedirdi, müəllim olan atamın əməkhaqqına artıq 1 həftə belə dolanmaq olmazdı. Bakıda həm oxuyub, həm işləyir, həm özümü saxlamağa, həm də ailəyə  kömək etməyə çalışırdım. Lakin iş demək olar ki yox idi. Hətta fəhləlik işi belə tapılmırdı. Bir ələbə yoldaşımla qaldığımız kirayə evin pulunu verə bilmədiyimizdən çıxmağa məcbur olduq.

 

***

92-ci ilin qızmar yay günlərinin birində Suraxanının ucqar küçələrinə düşüb ucuz kirayə ev axtarırdım. Hər küçədə adamlardan bəlkə burda kirayəyə bir otaq verən ola deyə soruşurdum. Bir yerdə soruşdular ki, haralısan, cavab verdim ki, Tovuzdanam, burda tələbəyəm. Dedilər elə qabaqda bir tovuzlu qadın var, həyətdə ayrıca bir balaca otağı var, oranı kirayə verir, hər adamı götürmür, amma sən yerlisi olduğun üçün bəlkə sənə verdi otağı.

Məni orda nə və kim gözlədiyini ağlıma belə gətirmədən evə tərəf getdim. Darvazanı döyüb həyətə girəndə bir kök cavan oğlan yaxınlaşdı. Diqqətlə mənə baxıb, “qardaş sənsənmi, az qala tanımayacaqdım, nə yaxşı gəlmisən, kimi axtarırsan” deyə soruşdu. Onu tanımadım. Mat-mat baxdığımı görüb filankəsəm dedi…

Qəfildən beynimdən lent kimi, əyilib yerdən götürdüyüm daş, qolaylanıb atmağım və o daşın gombulun başını necə qala bələməsi səhnəsi keçdi, dalınca da çarpayıda uzanıb yaşlı gözlərlə mənə baxıb soruşduğu “məni niyə vurdun, sənə neyləmişdim ki” sualı…

“Heç dəyişməmisən, görən kimi tanıdım” dedi. Mənim tutulduğumu görüb qolumdan tutub evə tərəf çəkdi. Xalasını səsləyib, məni oturtdu stol arxasında, hal-əhval tutdu. Uşaqlıq xatirələrimizdən danışdı. Sanki başqa xatirələrimiz varmiş kimi bir neçə əhvalat uydurdu, amma o məsələyə heç toxunmadı, sanki heç olmamışdı…

Ordan köçdükdən 3 il sonra anası da rəhmətə gedib, uşaqları bu xalası götürüb saxlayıb. Xalasının da əri rəhmətə gedib,1 oğlu var. Bacısı hələ məktəbi bitirməyib, özü isə burda xalaoğlusu ilə birlikdə tikintidə fəhlə işləyir. Uşaqlıqda tənbəl, müxtəxor bildiyim adamın əllərindəki qabarı gördükdə, öz əllərimi gizlətməyə yer axtarırdım…

Kirayə axtardığımı biləndə dedi ki, həyətdəki o ayrıca otağı kirayə vermək istəyirdik, amma səndən pul almayacağıq. Razılaşmadığımı görəndə çox aşağı bir qiymət deyib məni razı saldı. Dedi ki, sabah tikintidə prorabla danışacaq, bəlkə birtəhər fəhlə işi düzəldə.

Çayın arxasınca məni buraxmayıb yeməyə qonaq etdilər. Yemək boğazımdan zorla keçirdi. “Tənbəl gombul”un qabarlı əlləri ilə qazanılmış çörək sanki daşa dönmüşdü- istisini hələ də əlimdə hiss etdiyim, 5 il qabaq atdığım daşa…

O gecəni də səhərədək yata bilmədim. Uşaqlıqdakı o gecədən daha ağır sarsılmışdım…

Sabahı günü köçdüm onlara. Axşam gəlib dedi ki, iş məsələsi çox çətindi, gündə necə nəfər gəlir iş üçün, amma yer yoxdu, yalnız bir iş var, o da çox ağırdı, sən işləyə bilməzsən. Deməli, tikintinin kranı xarab olub, 4-cü mərtəbə tikilir, sement palçığını vedrələrlə dayanmadan 4-cü mərtəbəyə qaldırmaq lazımdı.

Yay tətilini işləyib pul yığmalı, həm evə kömək etməyə etməli, həm tələbəlik xərclərimi çıxarmalı idim. Sevincək razılaşdım.

Sabahısı günü Suraxanı stansiyasından elektriçkaya minib birlikdə tikintiyə getdik. Prorab mənə baxıb dedi ki, bu bacarmayacaq. Dedim bacarmasam çıxaram, nə problem var ki. Nə isə, iş başladı. Aşağıda 2 nəfər palçıq qarışdırır, mən də 2 vedrə palçığı 4-cü mərtəbəyə qaldırıram, orda ustalar vedrələri 2 saniyəyə betona əndərib deyirlər ki, cəld yenə gətir. Məndən başqa palçıq qaldıran daha bir nəfər də var, amma o məndən canlı-cəsədlidir.

7-8 reysdən sonra gördüm artıq gücüm qalmayıb. Amma bu işi də əldən versəm vəziyyətim çox pis olacaqdı.

Canımı diimə tutub işləyirdim. Axşam evə gələndə meyit kimi necə düşürdümsə yerə, qalxıb bir şey yeməyə gücüm olmurdu. Dostum başqa sahədə işləsə də, imkan düşən kimi gəlib mənim əvəzimə bir iki reys palçıq qaldırır və məni dincəlməyə məcbur edirdi.

4  gün sonra Sumqayıtdan olan “naparnikim” dözməyib haqq-hesabını aldı və işdən getdi. Yeni adamı sabaha danışmışdlar, həmin gün tək işlədim. Gündə azı 50 dəfə hər biri təxminən 20 kq olan 2 vedrə palçığı 4-cü mərtəbəyə necə qadırdığımı indi heç cür başa düşə bilmirəm.

14  gün dözə bildim, axırıncı gün evə son gücümün son addımını ataraq çata bildim, necə meyit kimi düşdümsə yerimə, səhərədək qalxa bilmədim…

Dostum yarım aylıq maaşımı alıb gətirdi. Sonra maraqlanıb mənə “pekarnı”da iş tapdı. Bu nisbətən yüngül iş idi, amma yayın qızmarında cəhənnəm kimi sobanın ağzında dayanıb uzun taxta lövhə ilə xəmirləri içəri düzmək, çörəkləri yandırmadan tam vaxtında çəkmək lazım idi. Qan-tərə batırdım, axşama indiki pulla təxminən 5 manat və 2 çörək verirdilər.

Dostum və xalası özlərinə bişirdikləri hər yeməkdən mənə də pay gətirirdilər. Mən isə aldığım 2 çörəkdən 1-ni onlara verirdim. Bəzən təzə bir şalvar ya da köynək gətirirdi ki, xalam mənə alıb gətirib, amma əynimə dar gəldi, heyfdir, götür sən geyin. Buna bax ey, elə bil uşaq başı aldadır… Götürmək istəmirdim, amma zorla verib çıxırdı. Bütün bunların xərci mənim verdiyim aylıq kirayə pulundan çox edirdi. Yəni, əslində onlara yük olduğumu anlamışdım.

Günlərin bir günü, daha doğrusu gecələrin bir gecəsi paltarımı, əşyalarımı yığıb səssizcə oradan getdim. Sabunçuda başqa kirayə tapmışdım, bundan bir az baha, amma daha pis şəraitli bir otaq. Eybi yoxdu, pis şəraitli kirayə evlərə artıq öyrəşmişəm, anadan olandan kirayələrdə böyüdüm, 13 yaşım olanda ev aldıq, lakin mən o evdə cəmi 3 il yaşaya bildim, 16 yaşımda- 1991-ci ildə orta məktəbi qurtarıb Bakıya oxumağa gələndən sonra kirayə həyatım davam elədi. Həyatımın düz 40 ili kirayələrdə keçdi. Bu 40 ildə 20-dən artıq kirayə ev dəyişmişəm, onların arasında mənə ən doğma olanı da o gombul dostumun verdiyi o kiçik otaqdır.

O evdən, daha dorğrusu, otaqdan çıxanda, hələ yarısı keçməmiş 1 ayın tam kirayə pulunu və bir qısa məktub yazıb stolun üstünə qoymuş, mənə etdikləri yaxşılıqlara görə minnətdarlıq etmişdim. Vaxtilə onu vurduğum daşla tam eyni ölçüdə bir daşı da məktubun üstünə qoymuşdum…

Ordan ayrılmağımdan 7 il sonra- 99-cu ildə işlədiyim qəzetdən Suraxanıda qaz problemi ilə bağlı bir yazı hazırlamaq üçün göndərildiyim zaman, qərar verdim ki, gedib görüşəcəm, hal-əhval tutacam.  Evi tapdım, darvazası dəyişmişdi, evdə başqaları yaşayırdı, maraqlandım, qonşular dedilər ki, xalası 3 il qabaq rəhmətə gedib, dostum isə bacısını da götürüb, xalaoğlusu isə birlikdə Rusiyaya köçüblər, o vaxtdan bir xəbər yoxdur. Gözlərim həyətdə o daşı axtardı, bəlkə hardasa bir küncdə atılıb qalmış ola, lakin gözümə dəymədi. Bəlkə də gombul o daşı da bədənindən böyük olan ürəyində aparmışdı qürbət ölkəyə.

***

Tovuzda olarkən yolum düşəndə belə o küçədən keçə bilmirəm. O hadisənin acı xatirəsi ürəyimi ağrıdır deyə…

Yalnız 1 dəfə o yerə getdim, həmin nötqədə çöməlib oturdum və uzaq 80-ci illər- şirin uşaqlığımızın acı xatirəsini xatırladım. Balaca bir daş idi, vallah çox balaca idi… amma o balaca daş necə böyük bir həyat dərsi vermişdi mənə. Bu daş məndən ağır idi. Gombul dostum da məndən ağır idi, amma təkcə fiziki çəkidə yox, sözün bütün mənalarında. Onun elə tək bir ürəyi məndən ağır olar…

Keçən 25 ildə dostumla bir daha heç vaxt, heç yerdə qarşılaşmadıq. Bəlkə həyat bizi nə vaxtsa bir də görüşdürdü. 25 il qabaq o məsələdən söz salmağa imkan vermədi deyə üzr istəyə bilməmişdim, bu dəfə üzr istəyəcəm. Bu vicdan əzabı ilə bir ömür yaşamaq çətindir… Çox çətindir…

Müəllifdən: Bu, real həyat hekayəsidir. Bunu siz oxuyasınız deyə yox, uşaqlarınız oxusun deyə yazdım. Şahidləri az deyil. Onlardan kimsə bunu oxusa və adını çəkmədiyim, mənə bir ömür unuda bilməyəcəyim həyat dərsi vermiş o dostumu görsə, yerini və ya əlaqə vasitələrini mənə bildirməsini xahiş edirəm.

 

Elçin Bayramlı

 

Səs.- 2022.- 20 avqust.- S.12-13.