Zəlimxan Yaqub : İlk dəfə olaraq Azərbaycan sazı avropanı fəth etdi

 

Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub Fransada keçirilən konsertdən aldığı təəssüratları SİA ilə bölüşüb:

- Zəlimxan müəllim, Fransada keçirilən konsertdən hansı təəssuratlarla qayıtmısınız?

- Əvvəlcə onu bildirim ki, muğam sənətindən sonra ozan-aşıq şənətinin dünya miqyasında tanınması və YUNESKO-da yer alması üçün Fransada böyük tədbir keçirildi. Bu tədbiri Frasadakı Dünya Mədəniyyət Evi adlı böyuk bir təşkilat həyata keçirirdi. Tədbirin keçirilməsində Mədəniyyət və Turizm Nazirliyinin də xüsusi dəstəyi var idi. İlk dəfə olaraq dünya miqyasında aşıq sənəti bütün dünyaya təqdim olundu. Azərbaycan aşıqları müxtəlif ölkələrdə iştirak etsələr də, dövlət səviyyəsində ilk dəfə olaraq belə böyük bir tədbir keçirilirdi.

YUNESKO-ya hazırlıq ərəfəsində Avropa Şurasının 60 illik yubileyi ilə bağlı bir tədbirdə saz musiqisini Fransanın Luvr sarayında və Strasburqda ən yüksək səviyyədə təqdim etmək bizim qarşımıza qoyulmuşdu. Biz bu məqsədi çox böyük şərəf və məsuliyyətlə həyat keçirdik və gözlədiyimizdən də artıq bir maraqla qarşılandıq. Azərbaycan ozan sənətinə Fransada elə böyuk maraq göstərildi ki, mən göz yaşlarımı saxlaya bilmirdim. Konsert elə yüksək ruhda keçirdi ki, aşıqlarımız alqışlar selində itirdilər. Sağ olsun bizim aşıqlarımız ki, sazımıza, sözümüzə sahib çıxıblar. Onlar bu konsertdə Azərbaycanın neçə min illik özan sənətini çox yüksək ləyaqətlə təqdim etdilər.

İstər Luvr sarayında, istərsə də Strasburqda keçirilən konsertlərdə çox böyük şəxsiyyətlər, musiqi mütəxəssisləri, millət vəkilləri, daimi nümayəndəliklərin əməkdaşları iştirak edirdilər. Bu konsert böyük məhəbbətlə qarşılandı. Hər çıxışın sonunda aşıqlarımız gur alqış selinə tutulurdular. Hər 2 konsert məkanında Azərbaycan sazına, aşıq-ozan musiqisinə çox böyük məhəbət və sevgi gördük.

- Konserti nə qədər tamaşaçı dinləyirdi?

- Strasburqda keçirilən tədbirdə 500 tamaşaçı var idi. Konsertin sonunda 500 nəfərlik salon ayağa qalxaraq, aşıqlarımızı 15 dəqiqə alqışladılar. Hətta konsertin sonunda çaldığım Azərbaycan havasını bütün solunun tamaşaçıları bizimlə birgə oxudular. Maraqlısı budur ki, salonda bir nəfər də azərbaycanlı yox idi. Bu görüntülərdən göz yaşlarımı saxlaya bilmədim.

- Konsertdə hansı aşıq havaları ifa olundu?

- Biz tərtib etdiyimiz proqramda nəzərdə tutmuşduq ki, konsertdə Azərbaycanın həm klassik, həm müasir saz üstə doğulan havaları səslənsin. Bu möhtəşəm tədbirdə Aşıq Abbasın, Aşıq Şəmşirin, Xəstə Qasımın, Osman Sarıvəllinin, Aşıq Kamandarın, Növrəs İmanın mənim şerlərim konsert iştirakçılarına çox yüksək səviyədə təqdim olundu.

- Təxminən neçə aşıq havası səsləndi?

- Təxminən 15 aşıq havası səsləndi. Mən çalışdım ki, aşıq havalarının rəngarəngliyi bu konsertdə də hiss olunsun. Burada Sarı tel, Yanıq Kərəmi, Cəngi , Misri kimi təntənəli aşıq havaları ifa olundu. Biz aşıq havalarından sanki çələng hazırlamışdıq. Konsert 75-80 qəqiqə davam etdi.

- Neçə aşıqımız təmsil olunurdu konsertdə?

- Bu konsertdə aşıq Altay, aşıq Nemət, aşıq Samirə, aşıq Ramin, balabançı Qəzənfər iştirak edirdi. Bizim aşıqlarımızın belə yüksək səviyyədə hazırlaşmasında YUNESKO-nun Qeyri-maddi irs üzrə Azərbaycandakı eksperti Sənubər Bağırovanın böyük zəhməti olub. Xatırlatmaq istəyirəm ki, biz bu səfərə yola düşməzdən əvvəl, Azərbaycan aşıq sənətini əks etdirən Aşıq antologiyası albomunu da hazırlamışdıq. Bu albomda 18 aşıq havası yer almışdı. Burada klassik və müasir aşıq sənətinin mənzərəsi əks olunmuşdu. Bu konsertdə sözü gedən antologiya Fransanın mötəbər nümayəndələrinə də təqdim olundu.

- Belə səfərlərin davamı gözlənilirmi?

- Keçirilən konsert aşıq sənətinin Qərbə açılan ilk yolu idi. Əminəm ki, bundan sonra da biz avropa ölkələrinin hamısına ardıcıl olaraq səfər edəcəyik. Ən istedadlı aşıqlar o aşıqlardır ki, onlar ardıcıl olaraq bu səfərlərdə iştirak edəcəklər. Bu səfərləri həyata keçirməkdə bir məsədimiz var - Azərbaycanın neçə min illik tarixə malik olan saz, aşıq sənətini dünyaya tanıtmaq. Hazırda Azərbaycanın ruhunu tər-təmiz saxlayan aşıq sənəti milli çərçivədən çıxıb, dünyanın sərvətinə çevrilməkdədir. Düşünürəm ki, saz sənəti daha da inkişaf edərək, bəşəriyyətin sərvətinə çevrilməlidir. Bizim apardığımız işlər bu məqsədə xidmət edir. Zənnimcə, Avropa Şürasının 60 illik yubileyinə həsr olunmuş tədbirlər planındakı ən maraqlı və mötəbər tədbir bizim keçirdiyimiz tədbir idi.

Konsertimiz 80 dəqiqə deyil, 3-4 saat davam etsəydi belə, inanıram ki, tədbir iştirakçıları bizi yenə də dinləyərdilər. Konsertin sonunda onlar bizi dönə-dönə alqışladılar və aşıqlarımız dəfələrlə səhnəyə qayıtdılar. Bütün uğurlarımıza görə, ölkə başçısi İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya dərin təşəkkür edirik. Onların xüsusi əməyi, səyi nəticəsində Azərbaycan muğamları, aşıq musiqisi dünyaya tanıdılır. Həmçinin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə və bu işdə əməyi olan hər kəsə aşıqlarımız və ziyalılarımız adından təşəkkürümü bildirirəm. İlk dəfə olaraq Azərbaycan sazı avropanı fəth etdi.

 

 

Jalə

 

Səs.- 2009.- 3 aprel.- S. 16.