Azərbaycan Beynəlxalq Turizm Sərgisi açılıb

 

Əbülfəs Qarayev: Hazırda Azərbaycanda 300-dən çox otel, 250-dən çox turizm şirkəti fəaliyyət göstərir

 

Bu gün Bakıda Böyük Britaniyanın İTE Group sərgi şirkəti və onun Qafqazdakı tərəfdaşı olan İteka Kaspianın təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Turizm və Səyahət  və III Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgiləri öz işinə başlayıb. Sərgidə Elm, Təhsil və Mədəniyyət üzrə İslam Təşkilatına üzv olan ölkələr, o cümlədən, Mərakeş, Malayziya, İordaniya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və İran ümumi stenddə turizm potensialları nümayiş etdirilir. Bundan başqa, tədbirdə Türkiyə, İtaliya, İsveçrə, Tailand və Çin kimi ölkələr də iştirak edir.

Azərbaycan isə builki sərgidə Qəbələ, Nabran, Quba, Lənkəranda yerləşən turizm obyektləri və ilk dəfə olaraq Naxçıvan və Oğuzda yerləşən otellərlə təmsil olunur.

Sərgilərinin açılış mərasimində çıxış edən İteka Kaspianın direktoru Fərid Məmmədov AİTF sərgisinin keçirilməsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Turizm Sərgilərinin Təşkilatçıları Assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası dəstək verdiyini bildirdi. Sərgidə 20 ölkədən 78 şirkət iştirak edir, ekspozisiya sahəsi isə 30% artıb. O, qeyd etdi ki, builki iştirakçıların təxminən 35%-ni yerli şirkətlər təşkil edir. Ənənəvi olaraq, sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qarabağ stendi təqdim edilir.

Sərginini açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda son illər ərzində turizm sektorunun çox inkişaf etdiyini bildirdi. Belə sərgilərin ölkənin turizm sektorunun inkişafına daha da təkan verəcək.

Nazir iştirakçıların nəzərinə çatdırdı ki, hazırda Azərbaycanda 300-dən çox otel, 250-dən çox turizm şirkəti fəaliyyət göstərir. Ötən il ərzində Azərbaycana 1,9 mln turist gəlmişdir.

Açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə ölkəsində fəaliyyət göstərən otellərin xidmət səviyyəsinin çox yüksək olduğunu bildirdi. Türkiyənin turizm sektorunun inkişafına çox diqqət yetirdiyini bildirərək, təkcə ötən il ərzində bu sahənin dövlət büdcəsinə 22 mlrd dol gəlir gətirdiyini vurğuladı.Açılış mərasimində çıxışlardan sonra iştirakçılar sərgiyə təqdim olunan stendlərlə tanış oldular.  Qeyd edək ki,  sərgi aprelin 18-də yekunlaşacaq.

 

 

NƏZAKƏT

 

Səs.- 2009.- 17 aprel.- S. 7.