Musiqili Komediya teatrı 100

 

Teatrda yeni nağıl Bir vardı, biri yox...

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100 illik fəaliyyəti dövründə öz repertuarında milli komediyalarla yanaşı, dünya musiqisinin klassikləri sayılan bəstəkarların da əsərlərinə zaman-zaman müraciət edib. Bir əsrlik yubiley ərəfəsində teatr öz ənənəsinə yenə də sadiq qalaraq, tamaşaçıları bu həmişəyaşar səhnə şedevrləri ilə tanışlığa dəvət edir. Artıq məşqlərinə başlanan musiqili nağıl da bu qəbildəndir.

Məhşur rus bəstəkarı Sergey Prokofyevin musiqili nağıl-pyesi əsasında hazırlanan "Biri vardı, biri yox..." simfonik nağılı teatrın tarixində bu janrda tamaşaya qoyulacaq ilk nümunədir. 2009-cu il, eyni zamanda, uşaq ili elan olunduğundan bu əsər teatrın ən kiçik tamaşaçılarına onların sevimli teatrlarının böyük hədiyyəsidir. Əsas məqsəd gənc tamaşaçılarda klassik musiqi haqqında daha geniş təsəvvür yaratmaq, onların dünya görüşünün və musiqi zövqünün formalaşmasına xidmət etməkdir. Çünki bu gün ciddi və professioanal səviyyədə yazılmış musiqi əsərlərinin geniş təbliğ olunmasına daha çox ehtiyac vardır - deyə Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Əliqismət Lalayev bildirdi.

Əliqismət Lalayev daha sonra qeyd etdi ki, yeni əsərə quruluş vermək üçün Gənc Tamaşaçılar Teatrından rejissor Nicat Kazımov teatra dəvət olunub. Bu tamaşada seyrçilər daha bir yeniliyin də şahidi olacaqlar. Sənətsevərlərin həmişə orkestr çökəyindən ifasını eşitdikləri musiqiçilər, yəni teatrın simfonik orkestri, ilk dəfə olaraq, səhnədə görünəcək. Balaca tamaşaçılar orkestrdəki sənətçilərin canlı ifasını səhnədən görəcək, onların tamaşa zamanı necə işlədiyinin şahidi olacaqlar. Tamaşanın quruluşçu dirijoru və musiqi rəhbəri Prezident mükafatçısı Nazim Hacıəlibəyov, dirijoru isə əməkdar artist Ziya Bağırovdur. Quruluşçu rəssam Elşən Babazadə və baletmeysterler Zakir və Yelena Ağayevlər də tamaşada rol almışdılar. Səhnədə baş verəcək görünməmiş tryukları və dinamik mizanları isə kaskadyor İsa Əsədov quracaq.

Həm rus, həm də Azərbaycan bölməsində oynanılacaq bu əsərdə rolları əməkdar artist Boris Qrafkin, Elnur Kərimov, Əliməmməd Novruzov, Elnarə Yusubova, Ziyadxan Cəbrayılov, Elməddin Dadaşov, Marina Litvinenko , Emil Heydərov, Hüseyn Əlili, Tural Ağasıyev və başqaları ifa edəcəklər.

Onu da qeyd edim ki, gələn il Azərbaycan Dövlət Musiqili Komediya Teatrı özünün 100 illik yubileyini qeyd edəcək. Milli peşəkar teatrımızın böyük bayramı kimi tarixə düşəcək bu hadisə münasibəti ilə teatrda geniş hazırlıq işləri görülür. Ən əsası isə kollektiv yubiley repertuarı üzərində ciddi seçimlər aparır. Dahi Üzeyir Hacıbəyovun bünövrəsini qoyduğu bu teatrda bu gün də dünya klassiklərinin məşhur əsərləri tamaşaya hazırlanır və təbii ki, müasir müəlliflərin yaradıcılığına da burada hər zaman yer vardır. Yazıçı Maarif Məmmədov özünün ilk pyesini kollektivə təqdim etmişdir. Tezliklə onun "Matəm marşı və ya gözünüz aydın" əsəri öz səhnə taleyini yaşayacaq.

Müasir mövzuda yazılan, hər birimizin rastlaşdığı və gülə-gülə seyr etdiyi real hadisələri əks etdirən yeni əsərin quruluşunu teatrın baş rejissoru Yusif Əkbərov verəcək. Tamaşanın səhnə tərtibatı isə rəssam Nabat Səmədovaya məxsusdur. Xalq artistləri Arif Quliyevin, İlham Namiq Kamalın, Fatma Mahmudovanın, əməkdar artistlər Ramiz Məmmədov, Xanım Qafarovanın, Prezident mükafatçıları Elçin Həmidovun, Çingiz Əhmədovun, aktyorlar Novruz Qartalın, Oqtay Quliyevin və başqalarının rol aldığı yeni tamaşada toy və yas mərasimlərinin ünvanını dəyişik salan bir qrup musiqiçinin macəralarından bəhs olunur. Maraq doğuran cəhətlərdən biri də odur ki, əsas rollardan birinə tamaşaçıların gülüş ustası kimi tanıdığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, respublikanın əməkdar artisti Naibə Allahverdiyeva dəvət olunmuşdur.

 

 

Nəzakət

 

Səs.- 2009.- 13 fevral.- S. 12.