Bakı-İslam Mədəniyyətinin Paytaxtı - 2009 Mədəniyyət ilinin təntənəli açılışı olub

 

Azərbaycan Prezidenti Mərasimdə iştirak edib

 

İlham Əliyev: İslam dünyasının çox zəngin mədəniyyəti var

 

Fevralın 18-də Heydər Əliyev Sarayında "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlətimizin başçısı İlham Əliyev mərasimdə çıxış etmişdir.

Tədbirə İslam və Avropa ölkələrinin mədəniyyət nazirləri, onların müavinləri, İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və digər şəxslər dəvət olunmuşlar.

Xatırladaq ki, 2007-ci il noyabrın 21-23-də Liviyanın Tripoli şəhərində keçirilmiş V İslam konfransında qəbul olunmuş qətnaməyə əsasən Bakı şəhəri 2009-cu il üçün "İslam Mədəniyyətinin Paytaxtı" elan edilmişdir. Eyni zamanda, islam ölkələrinin mədəniyyət nazirlərinin növbəti, VI konfransının Bakıda keçirilməsi qərara alınmışdır.

Prezident İlham Əliyev təntənəli açılışı mərasimindəki nitqində vurğulayıb ki, bu Bakıda, Azərbaycanda çox əlamətdar hadisədir: "Biz "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" Mədəniyyət ilinin açılışı münasibətilə yığışmışıq. Bu, Bakı şəhəri üçün böyük şərəfdir. Mən şübhə etmirəm ki, bu gözəl tədbir, açılış mərasimi və bundan sonrakı tədbirlər uğurlu keçəcək və İslam dünyasının, islam mədəniyyətinin birləşməsi, bir-birinə daha da yaxm olması üçün öz müsbət rolunu oynayacaqdır.

Mən bu qərarın qəbul edilmə-sində rolu olan bütün insanları burada salamlayıram, onlara öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bakının islam mədəniyyətinin paytaxtı elan olunması İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin toplantısında baş verdi. Bu işdə həm İslam Konfransı Təşkilatının, həm də İSESKO təşkilatının çox böyük rolu olmuşdur. Mən bu gün İSESKO-nun baş direktoru cənab əl-Tüveycrinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bu qərarın qəbul edilməsində onun çox böyük rolu olmuşdur. Cənab əl-Tüveycri Azərbaycanın böyük dostudur və onun fəaliyyəti sayəsində İSESKO ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Biz müxtəlif proqramlar həyata keçiririk."

Dövlət başçısı qeyd edib ki, İSESKO-nun xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilir. Beləliklə, Azərbaycan ilə İSESKO arasında əlaqələr yeni yüksək pilləyə qalxır. Bu, çox böyük əhəmiyyətə malik bir məsələdir: "Azərbaycan müstəqil ölkə kimi nisbətən gəncdir, cəmi 17 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Biz bu illər ərzində çalışmışıq və çalışırıq ki, islam ölkələrinin həmrəyliyi, birliyi üçün öz töhfəmizi verək. Bu məqsədlə Azərbaycanda çoxsaylı tədbirlər keçirilibdir. Eyni zamanda, Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində çox fəal rol oynayır. Son illər ərzində Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir: xarici işlər nazirlərinin toplantısı, mədəniyyət və turizm nazirlərinin toplantısı. Növbəti illərdə daha da çox tədbirlər keçiriləcəkdir. Beləliklə, biz öz siyasətimizlə, addımlarımızla və praktik işlərimizlə İslam alətninin bir-birinə daha da yaxın olmasına çalışırıq. İslam həmrəyliyinin daha da möhkəm olmasına çalışırıq. Buna böyük ehtiyac var. Biz bir-birimizi dəstəkləməliyik, həm siyasi sahədə, həm də iqtisadi sahədə daha da sıx əməkdaşlıq etməliyik. Biz öz iqtisadi potensialımızı bir-birimizin xidmətinə təqdim etməliyik, islam ölkələri arasında daha çox qarşılıqlı ticarət aparılmalıdır.

Şübhəsiz ki, siyasi müstəvidə, beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında islam ölkələrinin birliyi, həmrəyliyi çox böyük əhəmiyyət daşıyır. Əminəm ki, hər bir müsəlman ölkəsi bunu hiss edir. Birgə təşəbbüslərimiz çox uğurlu olur. Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, təhlükəsizlik təmin olunsun, əmin-amanlıq olsun, dünyada müharibələr olmasın və sivilizasiyalar arasında aparılan dialoq daha da möhkəm olsun və daha da yaxşı nəticələr versin. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox danışılır, ancaq daha da çox işlər görülməlidir."

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır: "Bayaq qeyd etdiyim kimi, bizim ölkəmizdə İslam Konfransı Təşkilatı xətti ilə, İSESKO xətti ilə və Avropa strukturlarının xətti ilə çoxsaylı tədbirlər keçirilir. Bəzən bu tədbirlər birgə keçirilir. Bu da çox önəmlidir. Yəni Avropa ilə islam dünyası arasında münasibətlərin möhkəmlənməsi bizim maraqlarımıza cavab verir. Çünki əlaqələr nə qədər çox olsa, nə qədər çox qarşılıqlı anlaşma olsa, uğurlarda bir o qədər çox olacaqdır. Biz öz tərəfimizdən islam həmrəyliyinin daha da möhkəm olması üçün bundan sonra da səylərimizi davam etdirəcəyik.

İslam qardaşlıq dinidir, tolerantlıq, dözümlülük dinidir. Dünyada bizim müqəddəs dinimiz olduğu kimi təqdim edilməlidir. Bütün islam dünyasının özünü təqdim etməsi üçün atılan addımlar mədəniyyət sahəsində də özünü büruzə verməlidir. Çünki islam dünyasının çox zəngin tarixi, çox zəngin mədəniyyəti vardır. Bizim mədəniyyətimiz dünya birliyinə olduğu kimi təqdim edilməlidir.

Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan ölkədir. Bayaq qeyd etdiyim kimi, baxmayaraq ki, biz müstəqil ölkə kimi cəmi 17 ildir yaşayırıq, ancaq Azərbaycan çox böyük mədənı irsə malik olan ölkədir."

Dövlət başçısı diqqətə çatdırıb ki, əsrlər boyu insanlar Azərbaycanda yaşayıb-yaratmışlar. Bizim tarixi abidələrimiz bunun əyani sübutudur. Bizim ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma Azərbaycan dilimiz - bunlardır Azərbaycan xalqının mənəvi əsasları. Bu möhkəm əsaslar üzərində biz müasir dövlət qururuq. Dövlət quruculuğu fəaliyyətimiz buna yönəlmişdir ki. möhkəm tarixi, mənəvi əsaslar üzərində müasir dövlət quraq, dövlətçiliyi, müstəqilliyi möhkəmləndirək, əbədi, dönməz edək və beləliklə, Azərbaycanın hərtərəfli inkişafına nail olaq. Bu işlərdə bizim böyük uğurlarımız var.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tam şəkildə müstəqil ölkədir, öz müstəqilliyini qoruyub saxlaya, daha da möhkəmləndirə bilmişdir. Bu gün Azərbaycan istər xarici siyasətdə, istərsə də daxili işlərdə müstəqil siyasət aparan ölkədir. Azərbaycanın bölgədəki rolunun artması, dünyadakı mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanın çox etibarlı tərəfdaşa çevrilməsi işləri bunlar uğurla davam etdirilir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır: "Azərbaycan son beş il ərzində dünyada analoqu olmayan sürətlə inkişaf edibdir. Bizim iqtisadiyyatımız son beş il ərzində dünyada ən sürətlə artan iqtisadiyyat olubdur. Köklü iqtisadi və siyasi islahatlar Azərbaycanı daha da gücləndiribdir. Ölkəmiz gələcəyə çox nikbinliklə baxır. Biz gələcəyə böyük ümidlərlə baxırıq. Buna imkan verən bu vaxta qədər görülmüş işlərdir. Bizim bütün işlərimiz uğurla nəticələndi, verilən bütün sözlər yerinə yetirilir və ölkəmiz hərtərəfli inkişaf edir."

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda bundan sonra da bizim mədəni irsimizin qorunması üçün nə qədər lazımdırsa, o qədər vəsait ayrılacaqdır. Azərbaycanda demək olar ki, bütün tarixi abidələr bərpa edilir, yeni mədəniyyət ocaqları yaradılır, teatrlar, muzeylər bərpa olunur və ən müasir, gözəl səviyyədə yeniləri tikilir. Dünya miqyaslı böhran zamanı iqtisadi sıxıntılar, iqtisadi problemlər qaçılmazdır. Hər bir ölkə bu və ya digər dərəcədə bu problemlərlə üzləşir: "Aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən səslənən bəyanatlar da bir daha bunu göstərir. Bu bəyanatlar ondan ibarətdir ki, Azərbaycan dünya iqtisadi böhranına ən çox hazır olan ölkələrdən biridir. Bu hazırlıq göydən düşmür, son illər ərzində aparılan ardıcıl siyasət nəticəsində mümkün olubdur. Bu hazırlığı biz özümüz qazanmışıq, əldə etmişik. Bütün bunlar bizim düşünülmüş siyasətimizlə, atılan addımlarla, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrlə, iqtisadi potensialımızı şaxələndirməklə mümkün olubdur. Mən şübhə etmirəm ki, Azərbaycan dünyanı bürümüş çox ciddi, ağır iqtisadi və maliyyə böhranından şərəflə, üzü ağ çıxacaqdır. Bizim inkişafımız bundan sonra da uğurlu, uzun müddətli və dayanıqlı olacaqdır.

Bir daha demək istəyirəm ki, biz hətta bu müddət ərzində də mədəniyyətə ayrılan vəsaiti azaltmamalıyıq, öz diqqətimizi ondan əsirgəməməliyik. Azərbaycanın zəngin mədəni irsinin qorunması üçün və zənginləşdirilməsi üçün öz əməli işlərimizi bundan sonra da davam etdirməliyik."

Dövlətimizin başçısı onu da qeyd edib ki, Bakının çox gözəl memarlıq abidələri var. Bu abidələr Azərbaycan dövləti tərəfindən lazımı səviyyədə qorunur və bundan sonra da qorunacaqdır. Eyni zamanda, Azərbaycanın digər bölgələrində çoxsaylı tarixi və dini abidələr mövcuddur və onlar da dövlət tərəfindən qorunur: "Ancaq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş torpaqlarda biz öztarixi irsimizi qoruya bilmirik. Çünki bizim torpaqlarımız erməni işğalı altındadır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində bizim ərazimizin 20 faizi işğal altına düşüb və bir milyondan artıq soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır. Bununla bərabər, orada bütün tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Bütün muzeylərimiz talan edilib, bütün dini məbədlərimiz, məscidlərimiz dağıdılıbdır. Bunu eyni zamanda, beynəlxalq müşahidəçilər də vurğulayırlar."

Azərbaycan Prezidenti bildirib ki, ölkəmiz öz tərəfindən bütün İslam ölkələrinin maraqlarının qorunması üçün töhfəsini verməyə hazırdır və bundan sonra da siyasətində bu prinsipləri rəhbər tutacaqdır.

 

PREZİDENT İLHAM ƏLİYEVƏ "BAKI-İSLAM

MƏDƏNİYYƏTİNİN PAYTAXTI-2009" MƏDƏNİYYƏT İLİNİN EMBLEMİ TƏQDİM EDİLİB

 

İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Heydər Əliyev Sarayında keçirilən təntənəli açılış mərasimində "Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ilinin emblemini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etmişdir. Prezident İlham Əliyev Bakının islam mədəniyyətinin paytaxtı elan olunmasında həm İslam Konfransı Təşkilatının, həm də İSESKO-nun çox böyük rolu olduğunu vurğulayaraq demişdir ki, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın böyük dostudur və onun fəaliyyəti hesabına İSESKO ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Biz müxtəlif proqramlar həyata keçiririk. İSESKO-nun xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilir. Beləliklə, Azərbaycan ilə İSESKO arasında əlaqələr yeni yüksək pilləyə qalxıbdır. Bu, çox böyük əhəmiyyətə malik olan bir məsələdir.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, İslam Konfransı Təşkilatının baş katibinin müavini Atta el-Manane Baxit mərasimdə çıxış etmişlər. Onlar qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanda Prezident ilham Əliyevin rəhbərliyi altında görülən işlərdən, ölkənin dinamik inkişafından, beynəlxalq əlaqələrindən söz açmış, tarixi abidələrin bərpası və digər mühüm işlərdə Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirmişlər.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri "Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ilinin emblemini Prezident İlham Əliyevə təqdim etmişdir.

 

AZƏRBAYCAN PREZİDENTİ ƏBDÜLƏZİZ BİN OŞMAN ƏL-TÜVEYCRİNİ QƏBUL EDİB

 

Azərbaycan Respublikasının Prezidenti ilham Əliyev fevralın 18-də İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir.

Əbdüləziz bin Osman əl-Tüveycri Prezident ilham Əliyevə Bakının islam mədəniyyətinin paytaxtı elan edilməsinə həsr olunmuş tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirdi, dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələrin bu tədbirdə iştirakını məmnunluqla qeyd etdi. O, Azərbaycan xalqının dünya mədəniyyətinə və dünya sivilizasiyasına böyük töhfələr verdiyini, Prezident İlham Əliyevin Azərbaycanda mədəniyyətin inkişafına xüsusi qayğısını vurğuladı.

Qonaq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu sahədə böyük işlərin görüldüyünü də bildirdi.

Əbdüləziz bin Osman əl-Tüveycri sözügedən tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı Bakının İslam mədəniyyətinin paytaxtı seçilməsi işində göstərdiyi dəstəyə görə İSESKO-nun baş direktoruna minnətdarlıq etdi, bu hadisənin Azərbaycan üçün əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, Bakının islam mədəniyyətinin paytaxtı seçilməsi dünya ölkələrinə, o cümlədən islam dövlətlərinin Azərbaycanda gedən inkişaf prosesləri barədə daha geniş məlumat əldə etməsinə imkan verəcəkdir. Dövlətimizin başçısı ölkəmizin bundan sonra da islam ölkələri arasında əlaqələrin inkişafı işinə öz töhfəsini verəcəyinə əminliyini söylədi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də İslam Konfransı Təşkilatının baş katibinin müavini Atta əl-Mənnanı da qəbul etmişdir. Görüşdə Bakının islam mədəniyyətinin paytaxtı elan edilməsinə həsr olunmuş tədbirin əhəmiyyəti vurğulandı, bu tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin islam dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfə kimi qiymətləndirildi.

 

 

Naib NİFTƏLİYEV

 

Səs.- 2009.- 19 fevral.- S. 2-3.