Şərq-Qərb dünyası uşaqların gözü ilə beynəlxalq rəsm müsabiqəsi

 

1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür. Uşaqların problemləri bütün dövrlərdə cəmiyyətin diqqət mərkəzində olub, problemin həlli istiqamətində yollar axtarılıb. İndi uşaq hüquqlarının qorunması dünya dövlətlərinin siyasətinin prioritetinə çevrilib. Uşaqları Beynəlxalq Müdafiə Günü isə 1950-ci ildən bütün dünyada qeyd edilir. Həmin ilin 1 iyununda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının keçirdiyi Qadınların Beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib.  Həmin konfransda hər il iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. O vaxtdan bu gün tarixə düşüb. 1999-cu ildə BMT uşaq hüquqları haqqında konvensiya qəbul edib. Az sonra Azərbaycan da bu konvensiyaya qoşulub. 1998-cu ildə isə ölkəmizdə uşaq hüquqları haqqında qanun qəbul olunub. Azərbaycanda da uşaqlara diqqət və qayğı gündən-günə artır. Ölkəmizdə bu istiqamətdə sistemli, ardıcıl iş aparılır. 2009-cu il Prezident İlham Əliyevin sərəncamı ilə Uşaq ili elan edilib.

Bu əlamətdar beynəlxalq gün münasibətilə respublikamızda müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərdən biri də Şərq-Qərb dünyası uşaqların gözü ilə beynəlxalq rəsm müsabiqəsidir.  Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi may ayının 29-dan iyunun 1-nə qədər Bakı şəhərində Şərq-Qərb dünyası uşaqların gözü ilə beynəlxalq rəsm müsabiqəsini təşkil etmişdir. Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş müsabiqə uşaq yaradıcılığının inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi, müxtəlif xalqların mədəniyyətləri ilə tanışlıq vasitəsilə uşaqlar arasında dostluq əlaqələrinin yaradılması məqsədi daşıyır.

Sivilizasiyalararası dialoqun qlobal səviyyədə bəşəriyyətin ən vacib ehtiyaclarından birinə çevrildiyi, mədəni çeşidliyin müasir cəmiyyətin əsas mövcudluq şərtlərindən olduğu bir dövrdə, mədəniyyətlərarası dialoq mənəvi zənginlik mənbəyinə çevrilərək xalqlar arasında qarşılıqlı anlaşmanın, barışıq və tolerantlığın möhkəmlənməsinə xidmət edir. Gənc nəslin dünya xalqlarının mədəniyyətinə marağını artırmaq, uşaqları kiçik yaşlarından digər xalqların mədəniyyətinə hörmət ruhunda tərbiyə etmək məqsədilə, Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətlərarası dialoqa həsr edilmiş tədbirlər sırasında, uşaq və yeniyetmələrin iştirakı ilə keçirilən tədbirlərə böyük önəm verir.

Dünən Şərq-Qərb dünyası uşaqların gözü ilə beynəlxalq rəsm müsabiqə-sərgisinin açılış mərasimi mərkəzinin incəsənət qalereyasında keçirildi. Beynəlxalq Uşaqları Müdafiə Günündə təşkil olunan sərgidə Azərbaycan, Belorus, Bolqarıstan, Çin, Filippin, Gürcüstan, Honq-Konq, İsrail, Qatar, Qazaxıstan, Latviya, Misir, Rusiya, Tayland, Türkiyə, Ukrayna, Pakistan, Polşa və s. ölkələrdən 5-15 yaşlı uşaqların 2000-ə yaxın rəsm əsəri sırasından olan ən yaxşı 300 əsər seçilərək sərgidə nümayiş etdirilirdi.

Azərbaycan, Rusiya və Özbəkistanın tanınmış rəssam və sənətşünaslarından ibarət münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilərək, onlara diplom, medal və hədiyyələr verildi.

 

 

Zümrüd

 

Səs.- 2009.-2 iyun.- S. 12.