İkipərdəli Cırtdan nağıl-operası səhnələşdirilir

 

Tamaşa Prezidentin Sərəncamı ilə Uşaq ili çərçivəsində hazırlanır

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Uşaq ili çərçivəsində yeni tamaşalar hazırlayaraq sənətsevərlərin ixtiyarına verir. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata əsasən, teatrın yaradıcı kollektivi bu önəmli hadisə ilə bağlı gənc tamaşaçılarına yeni bir tamaşa hazırlayıb təqdim etməyi planlaşdırıb.

Bu tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Nazim Əliverdibəyovun  Cırtdan operasıdır. Tamaşanın premyerası iyunun 14-də keçiriləcək. Məşhur uşaq nağılı əsasında səhnələşdirilən tamaşa ikipərdəli nağıl-operadır. Tamaşanın musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Kazım Əliverdibəyov, rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster əməkdar incəsənət xadimi Sevil Hacıyeva və nəhayət, baletmeysteri əməkdar inəcəsənət xadimi Yulana Əlikişizadədir. Tamaşada əsas rolları teatrın gənc solistləri İnarə Babayeva (Cırtdan), Səbinə Əsədova (Nənə), Tural Ağasiyev (Qoca) və b. çıxış edəcəklər.

Cırtdan operası Uşaq ili çərçivəsində Opera və Balet Teatrı rəhbərliyinin öz kiçik tamaşaçılarına hədiyyəsi olub. Yəqin ki, uzun illər repertuarda möhkəm yer tutacaq və tamaşaçılara yüksək zövq verəcək. Tamaşa həm də balacaların bədii-estetik zövqünün formalaşması və onlarda kiçik yaşlarından akademik sənətə məhəbbət və maraq aşılamağa xidmət edəcək.

 

 

Zümrüd

 

Səs.- 2009.- 3 iyun.- S. 12.