Heydər Əliyev Fondu milli genefondumuzun himayədarıdır

 

Fondun sosial sahəyə göstərdiyi qayğı Azərbaycan cəmiyyətində örnəyə çevrilib

 

Qloballaşan dünyada feminizmin rolunun günbəgün artdığı bir zamanda, zəgin və çoxəsirlik  ənənələrə  malik Azərbaycan qadının da ictimai funksiyaları ciddi dəyişikliklərə məruz qalır. Azərbaycan qadını ictimai-siyasi proseslərin fəal  iştirakçısı missiyasını  uğurla həyata keçirir, ən  böyük nailiyyətimiz isə bu sahədə ciddi örnəyin olmasıdır.  Şübhəsiz ki, bu örnək ölkənin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın simasında təşəkkül tapmaqdadır.

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən ölkəmizin ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır. Bu gün Azərbaycanda mövcud olan iqtisadi potensialın insan rifahının yaxşılaşdırılmasına yönəldilməsi Prezident İlham Əliyevin hökumət qarşısında müəyyənləşdirdiyi əsas prioritetdir. Bu məqsədin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi təqdir edilməlidir. Mehriban xanım Əliyevanın irəli sürdüyü faydalı təşəbbüslər, məqsədyönlü proqramlar hesabına təhsilin inkişafı ölkəmizdə ictimai mədəni hərəkata çevrilmiş, respublikada məktəb tikintisi geniş vüsət almışdır.  Etiraf edək ki, Fond daha çox gələcəyə hesablanmış addımlar atmağı bacarır və təşkilatın diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Bu qütblərin mərkəzində isə milli genefondumuzun inkişafı və xalqımızın minilliklərdən keçirib bu  günə  çatdırdığı  mədəni-etnoqrafik ənənələr dayanır. Etiraf olunmalıdır ki, dünya ictimaiyyəti Azərbaycan qadınını məhz Mehriban xanım Əliyevanın siması və xoşməramlı fəaliyyəti ilə tanıyır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun xətti ilə, respublikamızın ən ucqar nöqtəsində belə inşa və bərpa edilən məktəb binaları, səhiyyə və tibb məntəqələri, ümumiyyətlə, birinci xanımın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyindən xəbər verir.

Azərbaycan mədəniyyəti və incəsənətini dünyada təbliği, ölkənin beynəlxalq imicinin formalaşması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər milli xarekteri özündə daşımaqdadır. Azərbaycanın özündə isə Mehriban Əliyeva Heydər Əliyevin adını daşıyan və onun özü kimi əzəmətli olan amallara xidmət edən fond vasitəsilə xeyriyyəçilik missiyasını üzərinə götürmüşdür. Heydər Əliyev Fondunun dövlət və millət maraqları baxımından müstəsna çəkili layihələrin uğurla gerçəkləşdirilib cəmiyyətin etimadını qazanmasında istisnasız olaraq Mehriban Əliyevanın yüksək işgüzarlıq bacarığı və enerjisi, habelə, daxilindən gələn insanpərvərlik hisslərinin mühüm rolu olub. Bütün bu layihələrin əsasında Azərbaycanın milli genefondunun qorunub saxlanması vəzifəsi dayanır.

Çoxşaxəli ictimai fəaliyyət göstərən Heydər Əliyev Fondu təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət, ekologiya, idman, sosial problemlər-bütün bu sahələrdə məqsədli proqramlar hazırlanıb həyata keçirilməsində yaxından iştirak edir. Ümumiyyətlə, Heydər Əliyev Fondu öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə qurmağa-cəmiyyətdə olan, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlamağa, həyata keçirməyə və uğurlu  nəticələri əldə etməyə çalışır. Yeniləşən Azərbaycana yeni məktəb, istərsə də tikilən və ya bərpa edilən uşaq evləri, internat məktəbləri, istərsə də mədəni irsimizin təbliği üçün həyata keçirilən irimiqyaslı layihələr, məhz Heydər Əliyev Fondu tərəfindən milli genefondun inkişafına hesablanan sosial-ictimai tədbirlər milli maraqlara xidmət edir. Heydər Əliyev Fondunun istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas  istiqamətləri sırasında təhsilin mühüm yer tutması isə təsadüfi deyil. Təsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır - söyləyən ümummilli liderimiz Heydər Əliyevin digər sahələrdə olduğu kimi, elmin və təsilin də inkişafında xidmətləri Heydər Əliyev Fondunun iş prinsipinin əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyevin ideyalarını  əldə rəhbər tutan və onların həyata keçməsinə çalışan Fond rəhbərliyi təhsilə  xüsusi diqqət yetirir. Məlumdur ki, təhsil və elm hər bir xalqın inkişafını təmin edən əsas amillərdir. Ölkəyə başçılıq etdiyi 35 il ərzində ümummilli lider Heydər Əliyevin bu sahəyə qayğısı adi orta məktəb sinifinin birinə baş çəkməkdən, dərslikləri vərəqləyib məzmunuyla tanış olmaqdan başlayaraq, təhsilin inkişafını təmin edən qanunvericilik bazasının yaradılmasına qədər əhatəli idi.

Fərəhli haldır ki, Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyulan əsas məqsəd də, məhz Azərbaycanda bu sahənin çağdaş dünyanın tələb etdiyi səviyyəyə yüksəltməkdir. Bu məqsədə çatmaq üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının vacibliyini yüksək qiymətləndirən Heydər Əliyev Fondu artıq bu  yöndə konkret addımlar atmaqdadır. Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələrdən biri də Uşaq evləri və internat məktəblərinin inkişafı proqramıdır.  Fond rəhbərliyi bu proqram çərçivəsində Bakıda və Abşeronda yerləşən, hər bir uşaq evi və internat məktəbi diqqətdən kənarda qalmamışdır. Bu proqram üzrə  isə uşaq evləri və internat məktəblərində mövcud problemlərin həll olunması üçün 4 əsas istiqamət müəyyən edilmişdir: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq. Heydər Əliyev Fondunun keçirdiyi aksiyalar təkcə ölkəmizdə deyil, eləcə də, onun hüdudlarından kənarda da çox yüksək qiymətləndirilir. Xatırladaq ki, Heydər Əliyev Fondunun Təhsilə Dəstək layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində qızlar üçün orta məktəb binası istifadəyə verilib.

Qeyd olunmalıdır ki, Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın-köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından bütün digər qurumlar üçün layiqli örnəkdir.

Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların  bu gün Heydər Əliyev Fonduna pənah apararaq ondan  kömək diləmələri Fond rəhbərliyinin fəaliyyətinə cəmiyyətin dərin inamından irəli gəlir. Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və  fərəhlidir ki, bu gün Heydər Əliyev Fondu bu ənənələri uğurla davam etdirir. Məhz bu fəaliyyətinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan ictimai qurumdur.

 

 

Elşad HACIYEV

 

Səs.- 2009.- 6 iyun.- S. 5.