Azərbaycan türkdilli xalqların tarixinə, mədəniyyətinə həsr olunmuş sərgi

 

Sərgidə müəllifin 30-a yaxın monumental və plastik üslubda hazırlanmış heykəltəraşlıq işi, 25 tablosu nümayiş etdirilir

 

Almatıdakı OYU sərgi salonunda Qazaxıstanda yaşayan həmyerlimiz, tanınmış heykəltəraş, Qazaxıstanın əməkdar mədəniyyət işçisi Vaqif Rəhmanovun fərdi sərgisi açılmışdır.
Qazaxıstanın tanınmış mədəniyyət və incəsənət xadimləri, diplomatlar, alimlər, tələbələr və Azərbaycan diasporunun üzvləri sərginin açılış mərasimində iştirak etmişlər.

Bir ay davam edəcək sərgidə müəllifin 30-a yaxın monumental və plastik üslubda hazırlanmış, tarix, fəlsəfə, mifologiya mövzusunda olan heykəltəraşlıq işi, 25 tablosu nümayiş etdirilir. Onların arasında Azərbaycan və digər türkdilli xalqların tarixinə və mədəniyyətinə həsr olunmuş əsərlər də vardır. Yerli heykəltəraşların fikrincə, bu gün Vaqif Rəhmanov təkcə Azərbaycan və Qazaxıstanda deyil, bütün dünya heykəltəraşları arasında özünəməxsus yer tutur. Onun bürünc və şüşə materiallardan hazırladığı əsərlər xüsusiilə diqqəti cəlb edir.

Vaqif Rəhmanov indiyədək beynəlxalq və respublika səviyyəli 70-dən artıq sərgidə iştirak etmişdir. Heykəltəraşın bu günə qədər Kanada, ABŞ və Yaponiyanın müxtəlif şəhərlərində, Rusiya, Bolqarıstan, Macarıstan, Polşa, Latviya, Türkmənistan və digər ölkələrdə fərdi sərgiləri açılmışdır. 1989-cu ildə Bakıda keçirilmiş fərdi sərgisində isə onun əsərləri qızıl medala və diploma layiq görülmüşdür.

Heykəltəraşın əsərləri Azərbaycan, Almaniya, ABŞ, Türkiyə, Fransa, Koreya Respublikası, Avstraliya, Danimarka və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Qazaxıstan Milli Muzeyində və Respublika Dövlət Tətbiqi Sənət Muzeyində, həmçinin, bir sıra vilayət və şəhər muzeylərində sənətkarın xeyli əl işi mühafizə olunur.

Azərbaycan rəssamlıq ənənələrini uğurla davam etdirən rəssamın əsərələri milli sənətkarlığın mükəmməl nümunələridir.

 

 

Zümrüd

 

Səs.- 2009.- 6 iyun.- S. 12.