Qətərin Mədəniyyət Günlərinə start verildi

 

Mübarək Bin Nasir Əl-Xəlifə: Bu gün xalqları yaxınlaşdıran mədəniyyət günləri sülh və əmin-amanlığın bərpa edilməsi yolunda düzgün atılan addımdır.

 

Dünən  Muzey Mərkəzinin qarşısında Qətər Respublikasının Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi.

Mərasimi giriş sözü ilə Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev açaraq, ölkəmizə səfər edən nümayəndə heyətini salamladı. O bildirdi ki, 58 nəfərdən ibarət nümayəndə heyəti paytaxtımızın qonağıdır. Müasir dövrümüzdə Azərbaycanın dünya ölkələri ilə əlaqələri genişlənməkdədir. Azərbaycanın dünya dövlətləri ilə mədəni əməkdaşlığı artmaqda davam edir. Dünyanın müxtəlif ölkələrində təşkil olunan Azərbaycan Mədəniyyət Günlərinin təşkili, eləcə də, respublikada keçirilən müxtəlif mədəniyyət tədbirləri ölkəmizin dünya dövlətləri ilə sıx əməkdaşlığının formalaşmasını təsdiqləyir.

Bu münasibətlər ölkələrin mədəni həyatı ilə yaxından tanış olmaq imkanı əldə edəcək. Qətərin Mədəniyyət, İncəsənət və İrs Milli Şurasının Baş Katibinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 12-nə kimi Azərbaycanda Qətər dövlətinin mədəniyyətini nümayiş etdirəcək.

Mədəniyyət Günlərinin açılış mərasimində çıxış edən Qətərin Mədəniyyət, İncəsənət və İrs Milli Şurasının Baş Katibi Mübarək Bin Nasir Əl-Xəlifə ilk olaraq 2009 - Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunması münasibəti iştirakçıları təbrik etdi. O bildirdi ki, müxtəlif ölkələr arasında mədəniyyət tədbirlərinin keçirilməsi, onların adət-ənənələrinin öyrənilməsinə müsbət təsirini göstərir. Qətərin Mədəniyyət Günlərinin keçirilməsi Azərbaycanla Qətər arasında dostluq əlaqələrinin bariz nümunəsidir. Bu, onu göstərir ki, bu məzmunda olan tədbirlər xalqların bir-birinə yaxınlaşmasında ən gözəl vasitələrdəndir:Bu gün xalqları yaxınlaşdıran mədəniyyət günləri sülh və əmin-amanlığın bərpa edilməsi yolunda düzgün atılan addımdır. Bu mədəniyyət günləri çərçivəsində Qətər və onun adət-ənənələri haqqında qısametrajlı sənədli filmlər göstəriləcək, təsviri sənət nümunələrindən ibarət sərgi təşkil ediləcəkdir.

Açılış mərasimində qeyd olundu ki, Qətər Mədəniyyət Günləri çərçivəsində M.F.Axundov adına Milli Kitabxanada Dr. Xalid Yusif Ər-Dərbəşti tərəfindən Qətərdə investisiya imkanları barədə mühazirə oxunacaq, Rəşid Behbudov adına Mahnı Teatrında isə folklor rəqs qrupunun çıxışı olacaq. Bundan başqa eyni proqramla nümayəndə heyətinin Bakının bir sıra rayon və qəsəbələrində olacaq, öz mədəniyyət nümunələri ilə yanaşı Azərbaycanın mədəniyyəti və tarixi ilə də tanış ola biləcəklər. Muzeyin qarşısında ənənəvi qurulan Qətər çadırlarında gəmidüzəltmə və xınaçılıq sənətləri nümayiş etdirilirdi. Eyni zamanda, tədbir iştirakçıları Qətər mətbəxinin nümunələri olan milli şirniyyat növləri ilə də tanış olmaq imkanı əldə etdilər

 

 

Zümrüd

 

Səs.- 2009.- 10 iyun.- S. 12.