Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının uğuru

 

Teatr Nauruz adlı IX Beynəlxalq Teatr Festivalında iştirak edib

 

İyunun 2-7 tarixlərində Tatarıstanın Kazan şəhərində keçirilən türk xalqlarının Nauruz adlı IX Beynəlxalq Teatr Festivalında iştirak edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı festivaldan uğurla vətənə dönmüşdür.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Mətbuat Xidmətindən Səs qəzetinə verilən məlumata əsasən, Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcılıq əlaqələrinin genişlənməsinə və beynəlxalq layihələrin gerəkləşməsinə hər zaman dəstək olan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu dəfə də teatra yardımçı olmuşdur.

Kolektivə Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Mübariz Həmidov rəhbərlik edirdi. Teatrın festivala təqdim etdiyi Əbdürrəhim bəy Haqverdiyevin Pəri Cadu tamaşası festival iştirakçılarının və tanınmış teatrşünasların böyük marağına səbəb olmuşdur. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, rəssamı Lətifə Quluzadə, tryukların quruluşçusu İsa Əsədov, sinxron tərcümə isə Səriyyə İsmayılovaya məxsusdur.

Tamaşada Azərbaycan Respublikasının əməkdar artisti Naibə Allahverdiyeva, artistlərdən Kəmalə Hüseynova, Elşən Rüstəmov, Mehriban Abdullayeva, Sonaxanım Əliyeva, Güşvər Şərifova, Günel Məmmədova, Aybəniz Əhmədova, Mehriban Hüseynova, İradə Rəşidova, Rasim Cəfərov, Eyvaz İbrahimov, İlham Əsədov, Elnur Kərimov, Elşən Şıxəliyev, Ceyhun Məmmədov və Kərəm Hadızadə iştirak edirlər.

Tatarıstan, Qırğızıstan, Qazaxıstan, Türkiyə Respublikasının Trabzon və Ankara Dövlət Teatrlarının, Xakasiya, Yakutiya, Başqırdıstan teatrlarının iştirak etdiyi və beş gün davam edən bu nüfuzlu beynəlxalq festivalda Dövlət Gənc Tamaşaçılar Teatrı ikinci dəfə iştirak edib.

Festival ərəfəsində kollektiv Türkiyə və Kazan şəhərinə qastrol səfərinə dəvət olunmuşdur.

 

 

Zümrüd

 

Səs.- 2009.- 10 iyun.- S. 12.