İsfar Sarabski yaşadığımız əsrin cazına töhfəsini verməkdədir

 

Azərbaycan pianoçusu, Montredə (İsveçrə) keçirilmiş beynəlxalq müsabiqənin qalibi İsfar Sarabskinin Barnsdal Halleri (Barnsdall Gallery Theater) Hollivud teatrındakı çıxışı Kaliforniya caz həvəskarları üçün istedadın kəşfi olmuşdur.

İsfar Sarabskinin ifa etdiyi Azərbaycan cazı ABŞ mədəniyyət paytaxtının bu musiqinin incəliklərinə bələd olan dinləyicilərinin gözlədikləri səviyyədən yüksək olmuşdur. Elə buna görə , onun ifa etdiyi hər bir kompozisiyanı salona toplaşanlar ayaq üstə alqışlamışlar.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun himayəsi ilə keçirilmiş konsert cazmenin ABŞ-da tamaşaçılar ilə ilk görüşü idi. İsfar Sarabski ilə birlikdə konsertdə yerli musiqiçilər Erik Klass və Qreq Sviller çıxış etmişlər. Konsertin təşkilatçıları prodüser Adrien Trip, habelə, Mələklər şəhərinin caz festivalı və Modalar kafesi şirkətləridir.

İsfar Sarabski Kaliforniyaya səfəri çərçivəsində Vibrato elit klubunda peşəkar musiqiçilərin və bu sahə üzrə mütəxəssislərin məhdud dairəsi üçün Azərbaycan cazı əsərlərini ifa etmişdir. Xatırladaq ki, Kaliforniyanın ən məşhur caz klublarından biri olan Vibrato elit klubu QREMMİ müsabiqəsinin səkkiz dəfə qalibi olmuş Xerb Alpertə məxsusdur.

Amerikanın tanınmış musiqi tənqidçilərindən biri olan Don Xekman Azərbaycanın gənc pianoçusunun yaradıcılığı ilə tanışlıqdan aldığı təəssüratını bölüşərək, öz oxucularını İsfar Sarabski adını yadda saxlamağa çağırmışdır.

D.Xekman muğamın və dahi cazmen Vaqif Mustafazadənin əsərlərinin Azərbaycanın gənc musiqçisinin yaradıcılığına böyük təsir göstərdiyini xüsusi vurğulamış və bildirmişdir ki, İsfar Sarabski artıq yaşadığımız əsr cazına öz töhfəsini verməkdədir.

İsfar Sarabskinin çıxışları Kaliforniya ictimaiyyətinə cari ildə Azərbaycan musiqisinin unikal zənginliyi və gözəlliyi ilə ikinci dəfə tanış olmaq imkanı vermişdir. Bu ilin may ayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Azərbaycan skripkaçısı Səbinə Raxçeyeva Kaliforniyada konsertlə çıxış etmişdir.

 

 

Zümrüd

 

Səs.- 2009.- 4 noyabr.- S. 12.