Festivalda Sirli muğam Montanaya gəlir filmi nümayiş etdirilib

 

ABŞ-da keçirilən Big Easy Film Festivals Beynəlxalq film festivalında Azərbaycan milli musiqisinin dörd ənənəvi ifaçısı haqqında çəkilmiş Sirli muğam Montanaya gəlir filmi nümayiş etdirilmişdir.

Filmin rejissoru, Montana Dövlət Universitetinin professoru Cənubi Şimali Qafqaz üzrə siyasi təhlilçi Tomas Qoltz kütləvi informasiya vasitələrinin nümayəndələrinə bildirmişdir ki, film Qədim Şərq musiqi qrupunun Billinqsdəki Rocky Mountain kollecində, Brozemandakı Montana Dövlət Universitetinin musiqi bölməsində, Livinqston kitabxanasında Missouldakı Montana Universitetində çıxışlarını əks etdirir. Sonuncu konsertə tanınmış amerikalı muğam mütəxəssisi Cefri Verbok da qatılmışdır.

15 dəqiqəlik sənədli filmin süjeti qrupun qastrol boyunca yüzlərlə yerli sakini Azərbaycanın sirli, qeyri-ritmik, modal musiqisi olan muğamla tanış etməsi üzərində qurulmuşdur.

Tomas Qoltz vurğulamışdır ki, bu ecazkar musiqi ilə o, ilk dəfə 1991-ci ildə Azərbaycana səfəri zamanı tanış olmuşdur. Muğama da elə həmin vaxtdan vurulmuşdur. Muğam Amerika musiqisindən çox fərqlidir.

Qeyd edək ki, bundan öncə, Sirli muğam Montanaya gəlir filmi Kaliforniyanın La Kolla şəhərində keçirilən Accolade Film Festivalı Müsabiqəsi - 2009-da sənədli qısametrajlı filmlər nominasiyası üzrə yüksək mükafata layiq görülmüşdür.

Filmin əsas operatoru Rendi Yakobs, əlavə kadrların operatoru Yen Klark, montaj edən Montana qrupundan olan Keti Maqruderdir. Filmin icraçı prodüsseri Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərovdur.

Ekran əsərinin çəkilişinə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan məcburi köçkün düşən hazırda Billinqsdə yaşayan Vahid Ələkbərov, Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulu Elin Süleymanov dəstək göstərmişlər.

 

 

Zümrüd

 

Səs.- 2009.- 18 noyabr.- S. 12.