Hacı Murad Yagizarovun anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçirildi

 

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında xalq artisti Hacı Murad Yagizarovun anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə aktyorun həyatının müxtəlif məqamlarını, rol aldığı teatr tamaşalarını və çəkildiyi kinofilmləri əks etdirən fotogörüntülərə baxıblar. Gecədə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, görkəmli aktyor Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. 1962-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADİU) bitirən Hacı Murad Yagizarov əmək fəaliyyətinə Rus Dram Teatrında başlamışdır. Ömrünün 40 ilini bu teatra həsr edən yubilyar ötən dövr ərzində əsil sənətkar kimi püxtələşmişdir. H.Yagizarov Azərbaycan və dünya klassiklərinin əsərləri əsasında hazırlanmış tamaşalarda 200-dən çox rol ifa etmişdir. Yüksək peşəkarlığı və istedadı, səhnə realizminin yüksək dərəcəsi, möhtəşəm ifaçılıq texnikası onu ölkənin ən qabaqcıl aktyorları sırasına çıxarmışdır. Stalin kimi mürəkkəb obrazın uğurla yaradılması Hacı Murada daha böyük şöhrət gətirmişdir.

Tədbirdə çıxış edən digər natiqlər vurğulayıblar ki, Azərbaycanın böyük ədibi Hüseyn Cavidin faciəsindəki Şeyx Sənan rolunun ifası Hacı Murad Yagizarov yaradıcılığında xüsusi yer tutur. O, bu obrazı həm böyük filosof, alim, həm də romantik qəhrəman kimi canlandırmışdır.

Diqqətə çatdırılıb ki, yubilyar öz istedadını kino sahəsində də nümayiş etdirə bilmiş, 30-dan çox filmə çəkilib. O, həmçinin, bir çox xarici ölkələrin kinostudiyaları tərəfindən lentə alınmış ekran əsərlərində yaddaqalan obrazlar yaradıb.

Hacı Murad Yagizarovun uzun illər ərzində çəkdiyi zəhmət yüksək qiymətləndirilib. Göstərdiyi xidmətlərə görə. H.Yagizarov 1974-cü ildə əməkdar artist, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Bunlarla yanaşı, sənətkar müxtəlif fəxri fərman və diplomlar alıb.

Gecədə müxtəlif mədəniyyət təşkilatları tərəfindən yubilyara ünvanlanmış təbrik məktubları oxunub.

Hacı Murad Yagizarov həyat və fəaliyyətindən, sənətə olan sonsuz sevgisindən danışmış və bütün iştirakçılara təşəkkürünü bildirib.

 

 

Zümrüd

 

Səs.- 2009.- 30 oktyabr.- S. 15.