Mehriban Əliyeva daha bir beynəlxalq mükafat aldı

 

Heydər Əliyev Fondunun prezidenti Polşanın Xidmətlərə görə Böyük Komandor Xaçı ordeni ilə təltif edildi

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Polşa Respublikasının Xidmətlərə görə Böyük Komandor Xaçı ordeni ilə təltif olunub. Bu münasibətlə sentyabrın 14-də Heydər Əliyev Fondunda ordenin təqdimetmə mərasimi keçirilib. Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski bildirib ki, Prezident Lex Kaçinski Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanımı bu ordenlə təltif edib.

Azərbaycanın birinci xanımının fəaliyyətinin Polşada yaxşı məlum olduğunu qeyd edən diplomat deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti hər kəsə nümunədir. Kşiştof Krayevski Heydər Əliyev Fondunun 5 illik fəaliyyətini yüksək qiymətləndirib.

Sonra diplomat Polşa Respublikasının Xidmətlərə görə Böyük Komandor Xaçı ordenini Mehriban xanım Əliyevaya təqdim edib.

Fəaliyyətinə verilən yüksək qiymətə görə Polşa Prezidentinə minnətdarlığını bildirən Mehriban xanım Əliyeva bu ordenə layiq görülməsinin onun üçün böyük şərəf olduğunu bildirib.

Ölkələrimiz və xalqlarımız arasında tarixən dostluq əlaqələrinin mövcud olduğunu diqqətə çatdıran Heydər Əliyev Fondunun prezidenti qeyd edib ki, dövlətlərimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr müxtəlif sahələrdə daha da inkişaf edib.

Mehriban xanım Azərbaycan-Polşa münasibətlərinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rol oynadığını vurğulayıb.

Heydər Əliyev Fondunun Yeniləşən Azərbaycana yeni məktəb layihəsi çərçivəsində Samux rayonunun Sarıqamış kənd orta məktəbinin tikintisinə Polşanın göstərdiyi kömək, habelə, Azərbaycanda Şopen ilinə Heydər Əliyev Fondunun verdiyi dəstək yüksək qiymətləndirilib.

Qeyd edək ki, bu, birinci xanımın layiq görüldüyü ilk beynəlxalq mükafat deyil. Fond rəhbəri son illərdə təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də humanitar aksiyalar həyata keçirib. Ümumiyyətlə, Mehriban xanımın başçılıq etdiyi fond dünya mədəniyyəti nümunələrinin Azərbaycanda nümayiş etdirilməsi və fərqli mədəniyyətlə mənsub insanlar arasında ünsiyyətin yaradılması istiqamətində mühüm işlər görür.

Son 5 ildə qarşıya qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb. Fondun vətəndaşların hər bir müraciətinə həssas münasibəti, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əzmkar fəaliyyəti, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verməsi bu qurumun ən ali ideallara xidmət etdiyini təsdiqləyir.

Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir və görülən bütün işlər Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.

Qurumun fəaliyyətinin prioritet istiqamətləri xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaqdır.

Mədəniyyətə qayğı tədbirləri sırasında Azərbaycanda muğamın inkişafına göstərdiyi diqqət Heydər Əliyev Fondunun milli-mənəvi irsə necə böyük həssaslıqla yanaşdığını göstərir. Hələ 2005-ci ildə Azərbaycan musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı ciddi addımlar atılıb, fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları dəvət olunmaqla dəyirmi masa keçirilib və Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınıb. Tikinti işləri başa çatdıqdan sonra Beynəlxalq Muğam Mərkəzinin təntənəli açılışı olub.

Azərbaycan və qorunması istiqamətində atılan növbəti addım Qarabağ xanəndələri musiqi albomunun nəfis muğam sənətinin inkişafı şəkildə buraxılması və Gülüstan sarayında onun təqdimat mərasiminin keçirilməsidir.

Heydər Əliyev Fondunun keçirdiyi Muğam dünyası adlı Beynəlxalq Festivalda isə muğam biliciləri Azərbaycana toplaşaraq incəsənətin qədim və özünəməxsus bir növü barədə fikir mübadiləsi aparıb, muğamın qorunub saxlanması və inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər. Azərbaycanda bu sahədə görülmüş işlər muğama marağı xeyli artırıb, muğamın sirlərinə yiyələnmək istəyənlərin sayı qat-qat çoxalıb.

Fondun səyi nəticəsində son illərdə İngiltərə, Fransa, Almaniya, Yaponiya, ABŞ və digər ölkələrdə muğama maraq xeyli artıb. Bu sahədə birinci xanımın xidmətlərindən ən böyüyü isə, 2003-cü ildə muğam YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsi inciləri siyahısına daxil edilməsi olub.

Heydər Əliyev Fondu, həmçinin, Azərbaycanın mədəniyyət tarixində iz buraxacaq digər layihələri də həyata keçirir. Reallaşdırılan işlərin nəticəsi olaraq Azərbaycan mədəniyyətinə öz töhfəsini verən sənətkarlara, mədəniyyət nümayəndələrinə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılır. Bu baxımdan Azərbaycan paytaxtında Müasir İncəsənət Muzeyinin açılışını yüksək qiymətləndirmək olar.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səttar Bəhlulzadə adına sərgi salonunda uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların Mən Azərbaycanı sevirəm adlı rəsm sərgisinin açılması da mədəniyyət sahəsində xüsusi istedada malik insanların üzə çıxarılması işində böyük irəliləyişdir.

Dənizkənarı Milli Parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının təməlinin qoyulması isə möhtəşəm tarixi hadisə hesab olunmalıdır.

Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə inşa olunan bina bükülmüş xalçanı xatırladacaq. Ümumi sahəsi 18 min 446 kvadratmetr olacaq 3 mərtəbəli binanın 1-ci mərtəbəsində sərgi salonu, kitabxana, elmi xalçaçılıq, toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, 2-ci mərtəbədə danışıqlar və audiovizual təqdimatlar otağı, 3-cü mərtəbədə böyük tərtibat imkanlarına malik sərgi zonası olacaq.

Tarixi irsin qorunmasında əsas işlərdən biri də, paytaxtın yaxınlığında salınan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edəcək.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən və cəmiyyət tərəfindən böyük rəğbətlə dəstəklənən Yeniləşən Azərbaycana yeni məktəb proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə- tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Layihə çərçivəsində 2005-2008-ci illərdə 200-ə qədər məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilib.

Proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub. Beləliklə, ölkənin ən müxtəlif bölgələrində minlərlə şagird yeni tədris illərini müasir tələblərə cavab verən yeni məktəblərdə qarşılayıb. Fondun təşəbbüsü ilə ölkə ərazisində tikilən yeni məktəblərin sayı artıq 300-ə çatdırılıb.

Fondun həyata keçirdiyi Təhsilə dəstək layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və digər məktəb ləvazimatlarının paylanması Heydər Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə də, Gürcüstanda yaşayan soydaşlarımıza yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir.

Bir sıra xarici ölkələrdə- Rusiyada, Hollandiyada, Türkiyədə, Gürcüstanda, Rumıniyada yaşayan azərbaycanlı məktəblilər də belə hədiyyələr alıblar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu il sentyabrın 15-də Bilik Günü münasibətilə təlim-tərbiyə ocaqları da istifadəyə verilib.

Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə respublikamızla məhdudlaşmır. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılmasına, bu ölkədəki Azərbaycan məktəblərinin dərsliklə təminatına da böyük yardım göstərilib, YP Morgan təşkilatının Fonda hədiyyə etdiyi, xaricdə nəşr olunmuş müxtəlif adda kitablar ali məktəblərə təqdim olunub.

Rusiya paytaxtında və ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı xüsusilə qeyd olunmalıdır. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın ardıcıl fəaliyyəti də diqqəti cəlb edir.

2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmayıb, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilib. 2008-ci ilin fevralında isə fondun Təhsilə dəstək layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunub.

Bir sözlə, digər sahələrdə olduğu kimi, milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onların təbliğ olunmasında, təhsil, səhiyyə və digər sahələrdə Heydər Əliyev Fondunun gördüyü işlər dövlətimiz, xalqımız üçün böyük töhfə hesab olunur.

Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir və görülən bütün işlər Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.

 

 

Elçin Bayramlı

 

Səs.- 2009.- 15 sentyabr.- S. 3.