Əhməd Cavadın istiqlal şeirləri...

 

...Azərbaycan gəncliyinin dillər əzbəridir

 

Azərbaycanın istiqlal şairi Əhməd Cavadın bütün ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Əhməd Cavad şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpvrvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır. Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.

Əhməd Cavadın şeirləri 1913-cü ildən çap edilməyə başlayıb. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə şairin "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda nəşr edilmişdir.

Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O, klassik ədib, şair və pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan "Qafqaz könüllü hissəsi" sıralarına qatılır. Trakiya cəbhəsində Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşur.

1914-cü il, Birinci Dünya Müharibəsi zamanı Türkiyənin Şərq cəbhəsindəki döyüşləri "Sarıqamış" uğursuzluğu ilə nəticələnmişdi. Türkiyənin Şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi rus və ermənilər tərəfindən qırğına məruz qalmışdı.

Bakıda yerləşən "Azərbaycan xeyriyyə cəmiyyəti" Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım etməkdə idi. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, rusların törətdiyi maneələrə baxmayaraq Bakı ilə Qars arasında gedib-gəlir, yardım işlərində yorulmadan çalışırdı. Qardaş xalqın bu bədbəxt günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni Əhməd Cavad bədii şəkildə "Nə gördümsə" şeirində dilə gətirir:

Armağanım yaslı nəğmə,

Bir quş oldum, çıxdım yola.

Getdim gördüm dost elində

bir səs var, bir layla.

Sordum qərib minarədən:

"Axşam olmuş, əzan hanı?

Bayquş qonmuş minbərlərə,

Deyən hanı, duyan hanı?"

Vicdan mənə əmr edər ki:

"Belə gündə bayram etmə".

Quran mənə yol göstərir:

"Yoxsulları məyus etmə".

Son bənddə Əhməd Cavad bayramdan söz açır. Şeir 1915-ci il martın 22-də yazılmışdır. Martın 22-si isə, məlum olduğu kimi, xalqımızın sevimli bayramı - Novruz günlərindən biridir. Beləliklə, Əhməd Cavad belə bir gündə bayram etmir, Qarsdakı qardaşlarının yasını saxlayır. Çünki Qars rus orduları tərəfindən işğal edildiyi zaman oradakı türk soydaşları ruslar ermənilər tərəfindən qılıncdan keçirilmiş, Qars xarabazarlığa çevrilmişdi. Yaradılışından şair doğulan Əhməd Cavadın bu hadisədən həyəcanlanmaması mümkün deyildi. Çünki 1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad "Qara dəniz" şeirini yazır:

Çırpınırdı Qara dəniz

Baxıb türkün bayrağına.

Ah, ölmədən bir görsəydim,

Düşə bilsəm torpağına...

Sonralar mahnı şəklinə salınan bu şeir artıq bir əsrdir ki, türk dünyasının qeyri-rəsmi himni kimi səslənir. Amma mahnının mətninin , bəstəsinin kimə məxsusluğu illərlə anılmamış qaldı. Bu barədə yalnız son illər danışılmağa başlandı. Əhməd Cavad bu şeiri böyük ümidlərlə yazmışdı. "Qara dəniz" şeirinin son bəndi belə bitir:

Dost elindən əsən yellər

Mənə şeir... salam söylər.

Olsun bizim bütün ellər

Qurban Türkün bayrağına.

Birinci Dünya müharibəsi zamanı, 1915-ci ildə Türkiyədə rus erməni istilasına, özbaşınalığına qarşı çıxaraq "Azərbaycan xeyriyyə cəmiyyəti" vasitəsilə vaxtaşırı türk xalqına kömək göstərmişdir. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Ə.Cavad gecə-gündüz çalışmış, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəməmişdir. Birinci Dünya müharibəsinin axırlarında Qafqaz cəbhəsində türk ordusu müvəffəqiyyət qazanır. Türk ordusu qardaş Azərbaycan birlikləri ilə Bakıya qədər gəlir. Əhməd Cavad yenə "Müqəddəs Məhmədcik" azəri əsgər yoldaşları ilə Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşur. Beləliklə, bu döyüş meydanında Əhməd Cavadın yazdığı "Bismillah" şeiri milli həyəcana malik olan dəyərli lirik əsərlərindən biridir:

Atıldı dağlardan zəfər topları,

Yürüdü irəli əsgər; Bismillah.

O, Xan sarayında çiçəkli bir qız,

Bəkliyor bizlərdən zəfər; Bismillah.

Ey hərbin taleyi, bizə yol ver, yol.

Sən ey coşan dəniz, gəl Türkə ram ol,

Sən ey sağa, sola qılınc vuran qol,

Qollarına qüvvət gələr; Bismillah.

1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıda döyüş zamanı şəhid olan "mehmetciklərə" şəhidlər abidəsi qoydurur. Abidənin təməlqoyma mərasimində Əhməd Cavad "Qalx" adlı şerini oxuyur:

Qalx, qalx sarmaşıqlı məzar altından,

Gəlmiş ziyarətə qızlar, gəlinlər.

Ey karvan keçidi, yollar üstündə,

Hər gələn yolçuya yol soran əsgər.

Qovduqların sənin yabançı xanlar

Qurtardı ölkəmi tökdüyün qanlar.

Bax, nasıl öpməkdə tozlar, dumanlar

Qərib məzarını, mənlə bərabər.

Azərbaycanın istiqlalını, müstəqilliyini daim vəsf edən, üçrəngli bayrağımıza məftunluqla şeirlər qoşan Əhməd Cavad həmçinin tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Əhməd Cavad Fransua Rablenin "Qarqantua Pantaqruel", Vilyam Şekspirin "Otello", "Romeo Cülyetta", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" tərcümə kitablarının müəllifi olmuşdur. Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad Stalin repressiyalarının qurbanı olmuş. haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış 1937-ci ildə isə güllələnmişdi. Amma onun istiqlal şerləri ağızdan-ağıza keçərək yaşadıldı. Bu şerlər ötən əsrin sonlarında milli-azadlıq hərəkatına qoşulan Azərbaycan gəncliyinin dilinin əzbəri oldu. Həqiqətən , Əhməd Cavadın "Bayrağım" şerini necə sevməmək olar?..

 

 

(Ardı var)

Şərq.- 2011.- 14 iyul.- S. 11.